19 Ekim 2018 Cuma

OLDUĞU KİMİ GÖRÜNƏN ADİL İRŞADOĞLU


Daşdəmir Tağıyev.
"Azərbaycan"qəzetinin əməkdaşı.


     Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolumuza nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram. Onunla tanışlığım ötən əsrin sonlarından - “Yeni dünya” qəzetində çalışdığı dövrdən başlayır. Onu bu qəzetdən qabaq da tanıyırdım, amma uzaqdan-uzağa. Lakin işbirliyimiz olandan sonra münasibətimiz əvvəlcə yoldaşlığa, sonralar isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa çevrilən bu tanışlığın 30 ilə yaxın tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb, müxtəlif zamanlarda kəsişən, üst-üstə düşən məqamları olub... 

     Onun haqqında yazmağı özümə bir də ona görə borc bilirəm ki, tanıdığım, ancaq adını unutduğum şəxsiyyətlərdən birinin önəm verdiyi bir fikri heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan gedir və o şəxsiyyətin də fikri yadıma düşür: “Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Bu gün müasirimiz olan Adil İrşad oğlu Əliyev də, heç şübhəsiz ki, millətimiz, xalqımız üçün belə dəyərli və nadir insanlardan biri, qürur duyduğumuz şəxsiyyətlərdəndir.

     Adil müəllimin simasında peşəkar jurnalist, ləyaqətli vətəndaş, səmimi insan, qayğıkeş dost, canıyanan valideyn kimi xüsusiyyətləri sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.
Zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir vəzifədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.

     O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır. Onu sevənlər, içdən ona tapınanlar və ona bağlananlar onun insaniyyət və alicənablıq qalasına qəlbən pənah gətirib sığınanlardır.
Amma bu qala da boş yerdə, özü-özünə yaranmayıb. Adil İrşadoğlu çağdaş jurnalistikamızın həqiqətən layiqli nümayəndələrindən biridir. Onun dünyaya göz açdığı məkan, ailə və mühit çox şeyləri bizə əxz edir. Həmkarım, istedadlı jurnalist, əməkdar jurnalist İradə xanım bu günlərdə Adil müəllim haqqında mükəmməl bir yazı hazırlayıb. Bu yazını oxuduğum anlarda beynimdən maraqlı fikirlər keçdi, duyğular yaşadım.

     İradə xanım yazır: “Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...” Bəli, Adil müəllim belə bir kişinin ocağında göz açıb. Bu ailənin üzvü kimi, o, İrşad müəllimin ruhunun və mənəviyyatının daşıyıcısı olub, istər öz şəxsi həyat nümunəsi ilə, istərsə də ictimai həyatda rolu ilə bütövlükdə cəmiyyətin saflığına xidmət edib və bu gün də o missiyanı şərəflə davam etdirir. 
Adil Əliyev özü də bunu inkar etmir. Söhbətlərindən birində dediyi kimi, “mənim stilim sonradan düşünülməyib, mənim stilim atamdan, anamdan gəlir - o həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışıq. Bizə bütün bunları onlar, valideynlərimiz veriblər, necə varıqsa eləyik”.

     Azərbaycan jurnalistikasında Adil İrşadoğlunun təkcə geniş biliyi, zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti deyil, həm də mənəvi dünyası öz əksini tapır. Vətənini hədsiz məhəbbətlə sevən, Vətən sevgisi hər şeydən üstün olan bir insan üçün Vətənə xeyir verməyin, Vətənə xidmətin ən kompleks məkanı bəlkə də Vətən üçün vətəndaş yetişdirən bir ocaq yaratmaqdır.

     Bu gün Adil müəllimlə dostluq edən, yaxın ünsiyyətdə olan, səmimi münasibətlər quran hər kəs - istər redaktor, istər müxbir, istərsə də jurnalistika kimi çətin və şərəfli bir sahədə külünk vuran yaradıcı insanlar üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək və bir məqsəd ətrafında birləşmişdir - dürüstlük, sədaqət, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu, Adil İrşadoğlunun ali məqsədidir və bu məqsədini hazırda təsisçisi və baş redaktoru olduğu “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-də gerçəkləşdirə bilib. Adil müəllim inanır ki, bu günün jurnalistləri “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-nin, ümumilikdə götürəndə isə, jurnalistikanın adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar. O, vaxtilə təhsil aldığı ADU-da (İndiki BDU) çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verərək deyir:
- Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir.

     Bu gün Adil müəllim “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-ni yaratmaqla həm də bir jurnaslitika oazisi yaradıb. Onun yaradıcılığından bəhrələnən, şərəflə keçdiyi yolu özlərinə müqəddəs sayan qələm sahibləri Adil müəllimi də özlərinə, sözün əsl mənasında, müəllim sayırlar. Jurnalistikanın şanlı ənənələrinə sadiq qalan “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC sanki Adil İrşadoğlunun simasıdır. Burada yaradıcılıq işinin təşkili, “İrşad” MMC mühiti ilə Adil Əliyev sanki özünü ifadə edir...

     Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürün onun bugünkü gəncləri tərəfindən yaradıldığı qənaətində olan A.Əliyev tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən qələm sahiblərinin yetişdirilməsini başlıca vəzifəsi hesab edir.
Və sonda elə İradə xanım Əliyevanın yazısından duydum, daha doğrusu, oxudum ki, dostumuzun 65 yaşı tamam olur. Can qardaşımıza nə arzulardım? İlk növbədə, sağlam bədən və sağlam ruh. Xoşbəxtlik və səadət. Yaradıcılıq uğurları və həmişə zirvələrdə olmağı. 

ADİLDƏN ADİL İRŞADOĞLUNA QƏDƏR ŞƏRƏFLİ YOL


Təranə Məmməd. 
Ehtiyatda olan polkovnik-leytenant, şair-publisist.


     Son günlər Adil İrşadoğlunun 65 illik yubileyilə bağlı onu yaxından tanıyanların çox maraqlı yazılarını həyacanla oxudum. Yazıların hamısı ətraflı, samballı və səmimi olduğundan məndə bir qısqanclıq hissi oyandı. Nədənini bu gün Adil İrşadpğlu haqqında bir neçə kəlmə dediyimdə özünüz aydınlaşdıracaqsınız.

     Uzaq 70 ci illərə apardı məni xatirələrim.
 
Xalam qızının həyat yoldaşı rəhmətlik Nadir müəllimin anası Hurizat xala yaşadığı Ağdamdaki armudlu həyətə qonaq getmişdik. O həyət, o səmimiyyət və yüksək mədəniyyət indi də gözümün qarşısındadır.
Min bir nazu-nemətlə qarşılanan qonaqlar arasında Adilin valideynləri İrşad müəllimlə Qənirə xanım da var idi. Bu insanlar o qədər mehriban, o qədər zadəgan və səviyyəli idilər ki, onlarla ailəvi dostluğumuzdan, qohumluğumuzdan qürur duyurdum. Atam deyirdi ki, İrşad sirr veriləsi adamdır.
O vaxt bu sözün nə demək olduğunu anlamırdım. Sonradan Milli Təhlükəsizlik Nazirliyində İrşad müəllimin oğlu Adilin kiçik qardaşı Oqtayla bir yerdə çalışanda  dərk etdim ki, sirri yalnız yaxşı tərbiyə almış insan saxlaya bilər və bu baxımdan atamın İrşad müəllim haqqında dediyi sözlər tam həqiqət idi. 
Armudlu həyətdə qonaqlıqdan bir neçə il sonra biz Ağdamdan  Bakıya köçdük. Lakin hər il Şuşaya istirahətə gedirdik.
Bir il yenə də o uşaq yaddaşımdaki ailə ilə Şuşada istirahət edəsi olduq. Lakin bu dəfə ailənin oğlu Adil də burdaydı. Bu bizim Adillə ilk tanışlığımız idi.
Atalarımızın ənənəsini davam edərək bu günə kimi Adillə əlaqəni kəsməmişik.

     Sonradan biz eyni təhsil ocağında, yəni Azərbaycan Dövlət Universitetində ( indiki BDU) oxuduq. Adillə hər dəfə görüşəndə onun  mənə sırf qarabağ ləhcəsində "Nətərsən?", - deyə sual verməsi çox yaxşı yadımdadır. Təbii ki, həyat insanları, hətta yaxın dostları ailə, övlad qayğısıyla əhatə etdikdə insanlar öz işləriylə, öz qayğılarıya daha çox məşğul olurlar. Və Adil də, mən də istisna deyildik.

     Lakin həmin elə o həyat da bizi yenə və yenə görüşdürdü. Hər dəfə Adili görəndə, haqqında eşidəndə onunla fəxr edir, gürur duyurdum.

     Tükənməz enerjiyə malik bu insan Vətən vurğunudur. Bu, Adilin bəlkə də ən gözə çarpan cəhətidir. O özü bunu qabarıq şəkildə göstərməsə də hamı onun Vətən oğlu olaraq Vətən fədaisi olduğunu görür.

     Bəlkə bu səbəbdən  Adil İrşad oğlu Əliyev  jurnalıst olaraq Qarabağ müharibəsinin ən çətin məqamlarında əyninə hərbi geyim geyinib cəbhə bölgələrinin ən qorxulu nöqtələrindən xalqımıza xəbərlər çatdırır və əsgərlərimizi ruhlandırırdı. 

     Yaxşı yadımdadır, bir dəfə təsadüfən Adilin Azərbaycan Milli Radiosuna verdiyi müsahibəni dinlədim. Adilin o dövrdə, o vaxtda "mənə heç bir mükafat lazım deyil", -  deməsi Qarabağda qələbənin, torpaqlarımızın uğrunda gedən döyüşlərin onun üçün nə qədər əhəmiyyətli olmasından xəbər verirdi.

     Sonralar mətbuatda daha təmkinli, püxtələşmiş bir imzaya rast gəldim. Adil İrşadoğlu artıq  “İrşad-Teleradio  Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası”nin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərirdi.

     Bu təcrübəli jurnalist bir gün də olsun dayanmayıb. Həmişə işləyib, həmişə fəaliyyətinin zirvələrinə can atıb. O, gördüyü işlərin hamısını həvəslə, ləyaqətlə, vicdanla görür.
Adil tələbə Adildən Adil İrşadoğlu adlı jurnalistə qədər gedən yolda  heç vaxt xəyanət, laqeyidlik, məsuliyyətsizlik etməyib. 

     Hörmətli Adil müəllim, Sizinlə gürur duyuram! Vətəni sevənlər çoxdur, lakin konkret iş görüb vətənsevərlərə təqdim etmək hər kəsə nəsib olmur. Sizin möhtəşəm layihəniz olan “İRŞAD TV”- ni dərindən araşdırdım və indi də həvəslə izləyirəm. “İRŞAD TV” məni heyran etdi. Öz keçmişini, tarixini,valideynlərini unutmayan insan heç zaman vətəninə xəyanət edə bilməz. Vətəni sevmək üçün onun bir hissəsi olmaq, ona qovuşaraq çox şeydən keçmək lazım gəlir. Siz bunu bacarmısınız. Əhsən və bir daha Əhsən! 
Siz təpədən dırnağa vətənpərvərsiniz. Ən adi verilişlərinizdən də vətən sevgisi, vətən ağrısı duyulur!  Əminəm ki, Adil İrşadoğlu Vətəni, doğma Qarabağı ad sana, mükafata (hətta mükafatdan imtina etdiyi vaxt da olub) görə sevmir. O, sadəcə vətənini canından keçəcək gədər sevir. 
İnsanlıq, mərhəmət, qədirbilənlik, vətənpərvərlik, təmizlik, saflıq, məğrurluq, ailəcanlılıq, azərbaycançılıq kimi dəyərlərin cəmləşmiş uca bir heykəli - ADİL İRŞADOĞLU, VAR OLUN.

Adil İrşadoğlu iki oğul atası, gözəl ailə başçısı, qayğıkeş babadır. 

     Bu gözəl insanla tanışlıqdan və dostluqdan gürur duymamaq olmur. Ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, bir zaman yenə Şuşada nəvələrimizi gəzdirib fəxrlə deyəcəyik :  BURA VƏTƏNDİR !

18 Ekim 2018 Perşembe

O HARMONİYAYA YENİDƏN QOVUŞA BİLƏCƏYİKMİ


Şərif Kərimli. 
Yazıçı-publisist. 

Tələbəlik illərimin dostu 
Adil Əliyevlə (İrşadoğlu) 
               bağlı nostalji xatirələr                
                                                                                      

     Yaradıcı adamın şəxsiyyəti, mənim üçün onun yaradıcılığından öncə dayanır.  Əgər şəxsiyyətlə yaradıcılıqdakı “Mən” bütün mənfi və müsbət çalarlarıyla bir-birini tamamlamırsa, deməli, ya reallıqda yaşayan insan (yaradıcı şəxs), ya da yaradılan insan (personaj) səmimi deyil, hansındasa saxtakarlıq var. Ona görə də hər hansı yaradıcılıq əsərini oxuyarkən çalışıram ki, onun müəlliflərinin həyatı ilə də tanış olum. Təsadüfi deyildir ki, ədəbiyyat dərsliklərində də bu prinsip həmişə gözlənilib: yazıçının öncə həyatı, sonra isə yaradıcılığı öyrədilib. 

     Uzun müddət dövlət televiziyasında, müxtəlif tanınmış qəzetlərdə çalışmış Adil İrşadoğlunu (Əliyev) 46 ildir tanıyıram. Elə bilməyin ki, mən də Qarabağlıyam, xeyr, mən Borçalıdanam. Adillə isə 1972-ci il sentyabrın 1-də Yefim Saratov küçəsində, Daxili İşlər Nazirliyinin arxasında, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanlığının yerləşdiyi binada tanış olmuşam. O vaxtlar hələ biz nəhayətsiz arzularımızın qanadlarında əngin fəzalarda cövlan edirdik. Bəlkə elə oralarda da ilişib qalasıydıq... Əgər ki, müəllimlərimiz Şirməmməd Hüseynov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Zinyət Əlizadə, Famil Mehdi, Nurəddin Babayev, Qulu Xəlilov, Şamil Qurbanov, Pənah Mahmudov, Tofiq Rüstəmov, Akif Rüstəmov, Cahangir Məmmədov, Mahmud Mahmudov, Yalçın Əlizadə, Əliş Nəbili, Əmirxan Xəlilov, Ceyran Əbdürrəhmanova olmasaydılar. 

     Bəli, adlarını çox hörmət və ehtiramla çəkdiyim, şəxsiyyətləri, əxlaqi-mənəvi keyfiyyətləri ilə bütün tələbələrin, jurnalistlərin, eləcə də universitetin professor-müəllim heyətinin dərin hörmətini qazanmış bu insanların sayəsində 1972-ci ildə 626 və 628-ci qrupda cəmləşmiş 50 nəfər tələbə əngin səmalardan enib real həyatla tanış oldular. Bu müəllimlər, sözün həqiqi mənasında, bizə həyat dərsi verdilər. Və... bu 50 nəfərin içərisində bir nəfər belə müəllimlərin diqqətindən kənarda qalan olmadı - hamı öz dərsini aldı. Dərs alanların adlarını sadalamaq istəmirəm - təkcə onu deyim ki, bunların arasında elmlər doktorları da oldu, elmlər namizədləri də, yazıçılar da yetişdi, şairlər də, öz müəllimlərinin yolunu davam etdirənlər də oldu, qəzet-jurnal redaktorları da, dövlət məmurları da. 50 nəfərin içərisindən ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyət və siyasət tariximizin milli-mənəvi dəyərlərini tədqiq edən, yaşadan bircə nəfər yetişsəydi belə, bu da həmin müəllimlərin Xalq, Vətən qarşısında böyük xidmətləri olardı! Ancaq 50 nəfərin içərisində bir nəfər istedadın belə kölgədə qalmasına yol verməyən və onu düzgün yola, səmərəli əməli fəaliyyətə yönləndirən müəllimlərin fədakarlığı ölçüyəgəlməz tərifə və təqdirə layiqdir. Bu gün də pedaqoji sahədə və mətbuatda fəaliyyət göstərən müəllimlərimizə Tanrıdan cansağlığı, həyatdan köçənlərə rəhmət diləyirəm!

     1975-ci il yazın sonlarında universitetin digər fakültələri ilə birgə hərbi kafedranı bitirməyimiz münasibətilə Neftçala rayonunun Bankə qəsəbəsində ikiaylıq hərbi toplantıda olduq. İsti yay aylarında od tutub yanan qumlu çöllərdə, bürküdən başımızı soxa bilmədiyimiz kazarmalarda hansı əzabları çəkdiyimizi xatırlamaq belə istəmirəm! Bircə onu qeyd edim ki, bu ikiaylıq məşəqqətdən sonra mən 15 kq arıqlamışdım...
Bir ay sonra isə Adil Əliyevlə “Şuşa” qəzetində bir aylıq istehsalat təcrübəsində olduq. İkiaylıq cəhənnəm əzabından sonra biraylıq cənnət ləzzəti!
Açığını deyim ki, mən əvvəllər bu rayonların heç birində olmamışdım, onların təbiəti, insanların məşğuliyyəti barədə məlumatım çox az idi. Bu mənim üçün əsl sürpriz oldu. Təsəvvür edin, göydən od yağan, yerdən od püskürən bir bölgənin kürü satan, balıq satan insanlarından ayrılıb səmasından nur yağan, nəfəs alanda ciyərlərində bir rahatlıq hiss etdiyin sərin, yaraşıqlı, qədim bir şəhərin aristokrat, ziyalı əhalisi ilə ünsiyyət qurursan... 
Adilin mənə məlum olmayan bir çox xarakterik keyfiyyətlərini məhz bu şəhərdə kəşf etdim. 

                                                              ***
     Gürcüstandan birbaşa Ağdama - Adilgilə gəlmişdim. Bizim ikimizin təcrübə keçəcəyimiz mətbuat orqanı Şuşa şəhərinin eyniadlı qəzeti idi. Bir gün Adilgildə qalıb, oradan Şuşaya - birbaşa redaksiyaya getdik. Göndərişimizi təqdim edib, təcrübə müddətində yaşamaq üçün yerimizi soruşduq. Dedilər şəhərin girişində, avtovağzalın yanında bir mehmanxana var, yemək, yaşamaq xərcləri redaksiya tərəfindən ödənilmək şərtilə o mehmanxanada qalacaqsınız. 



                                                 Ağdam - Şuşa aşırımı

     Üz tutduq həmin ünvana. Lakin mehmanxana müdirinin münasibəti bizi heç açmadı - o bizə 4 nəfərlik bir otaq təklif etdi. Biz yaradıcılıq üçün şəraiti olan ikiotaqlı sakit nömrə istədiyimizi təkid etsək də, xeyiri olmadı. Qayıdıb yenidən redaksiyaya gəldik, bu dəfə baş redaktor İsrafil İrşad oğlu Əbilovun qəbuluna düşdük. Mehmanxana müdiri Əhəd müəllimin dediklərini baş redaktora bildirəndə, o, bircə kəlmə söz dedi:
- Gedib ona deyərsiniz ki, Əbilov dedi,  “Koroğlu” konyakını yadına salsın!
Biz yenidən mehmanxanaya qayıtdıq və müdirin otağına daxil olub Əbilovun sözlərini olduğu kimi ona çatdırdıq. Əhəd müəllim ayağa durub:
- Əşi, siz də heç zarafat-zad başa düşmürsünüz ki!.. Otağınız bayaqdan hazırdır, demişəm ağlarını da dəyişdiriblər. Qəşəng yeməkxanamız da var. Gündə üç öynə burda nahar edərsiniz. Nə probleminiz olsa, utanıb-çəkinmədən birbaşa özümə müraciət edərsiniz. Buyurun, gedəyin yerinizi göstərim. (Əhəd müəllim əvvəllər Şuşa şəhərində yerləşən Ümumittifaq əhəmiyyətli istirahət evinin müdiri işləmişdi.)
Baş redaktorla mehmanxana müdirinin bu müəmmalı dialoqundan heç nə baş açmasaq da işin bizim xeyirimizə həll olunmasından olduqca sevindik. Hər halda təcrübə müddətimizin ilk iş günü səmərəli olmuşdu - biz lazımi dərsi almışdıq...

                                                            ***
     Mən Adilin atası İrşad müəllimə, əmisi İslam Əliyevə, bizi tez-tez yoluxmağa gələn onların dostlarına (dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm!) çox-çox minnətdaram. Onlar Pənahəli xanın əsasını qoyduğu və Qarabağ xanlığının uzun illər paytaxtı olmuş qədim Qalanın - Şuşanın ən görməli yerlərini mənə göstərdilər. Dəfələrlə İsa Bulağında, Soyuq bulaqda, Qırx bulaqda, Turşsuda olduq, Cıdır düzünün əsrarəngiz gözəlliklərindən vəcdə gəldik, at çapdıq, Daşaltıya düşdük, Laçına getdik, XVIII əsrin axırları - XIX əsrin əvvəllərində Mehdiqulu xanın (Pənahəli xanın oğlu) arvadı Pəricahan Bəyimə bağışladığı Xankəndini gəzdik...

     Bir jurnalist kimi isə Adillə birlikdə Musiqi alətləri hazırlayan fabrikdən yazılar hazırladıq, Qarabağın Şuşada dünyasını dəyişmiş dahilərinin qəbirlərini ziyarət etdik, Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov haqqında dəyərli xatirələr eşitdik. 
     Şuşada memarlıq abidəsi sayılan 160-dan çox sənət abidəsi ilə tanış olduq. Məşhur «Gəncə darvazaları»nda, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrlərində, Qarabağ xanlarının imarətində, Xan qızı Natəvanın ev-muzeyində, Port-Arturun müdafiəçisi, artilleriya generalı Mehmandarovun, şair və rəssam Mir Mövsüm Nəvvabın evində, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, Molla Pənah Vaqifin məqbərəsində tarixin keşməkeşli çağlarından gəlib keçən karvanların zınqırov səsini dinlədik, Bülbülün, Xan əminin zəngulələrinin sehrinə düşdük, Xarı Bülbülün döşünün altını öz əllərimizlə sığalladıq... 
Bu bir ayda Bankənin bütün acısı-ağrısı, bürküsü-yanğısı canımızdan çıxdı. Təcrübə müddətimizin necə gəlib-keçdiyini heç hiss etmədik də. Ayrılıq məqamı çatanda dostum Adil çox təkid etdi ki, universitetdə dərslərin başlanmasına hələ bir ay qalıb, bəlkə qalam, bu bir ayı da təcrübəsiz-filansız dincələk. Ancaq mən Borçalıya qayıtmağa qərar verdim. 
...Və qayıtdım Borçalıya, doğma kəndim Baydara. Bizim tərəflər yayda isti olan yerlərdir. Ona görə də kənd camaatı məktəbdə dərslər bitən kimi iyun ayının əvvəlindən ta avqustun sonunacan uşaqları götürüb yaylağa köçürlər. Mən kəndə yetişəndə artıq köç getmişdi. Atam məni görüb təəccübünü gizlədə bilmədi - mən nəinki Bankədə itirdiyim 15 kilonu Şuşada bərpa etmişdim, hələ bir az onu keçmişdim də!
Rəhmətlik kişi cibimə bir az puldan-paradan qoyub dedi ki, dostuna zəng elə, əgər vaxtı varsa, birlikdə qayıdın Şuşaya, bir yerdə darıxmazsız.
Beləliklə, Adillə mən yenidən Şuşada görüşməli oldum. Şuşada keçirdiyim bu günlər bəlkə də həyatımın ən mənalı günləri kimi tarixə yazıldı. Sonralar Şuşa ilə bağlı bir sıra maraqlı səfərlərim də oldu, bu səfərlər mənim həyat tarixçəmin yeni səhifələrini yazdı.
Artıq bir jurnalist kimi fəaliyyət göstərərkən peşəkar pəhləvanlar haqqında tədqiqat xarakterli silsilə məqalələr, kitablar yazmaq məqsədi ilə bir neçə dəfə Şuşada oldum. 1986-cı ildə Qarabağın nəhəng pəhləvanlarından olan Qaçay Hüseynovdan yazı hazırlamaq üçün Şuşada olarkən həm sevindim, həm də kədərləndim. Pəhləvanın ünvanını öyrənmək üçün bir vaxtlar Adillə təcrübə keçdiyimiz “Şuşa” qəzetinin redaksiyasında olarkən təsadüfən tələbə yoldaşım Təranə xanımla görüşdüm (Allah ona rəhmət eləsin!). Onsuz da həmişə qara gözləri nəmli olan Təranə ağlayıb bu sözləri pıçıldaya bildi: “Bu gün Qaçay əminin üçüdür...” 
Mən Qaçay pəhləvanın ailəsinə baş çəkdim, həyat yoldaşı Zinyət xanıma başsağlığı verdim, oğlanları - onun sənətini davam etdirən Təvəkkül və Allahverdi ilə tanış oldum. 
1991-ci ildə Qarabağ İdman Komitəsinin sədri dostum Rövşənlə birlikdə (O, Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak oldu. Allah rəhmət eləsin!) Şuşanın qala qapılarının girişində Qaçay pəhləvanın yubiley tədbirlərini keçirmək məqsədilə Azərbaycanın ən qoluzorlu oğullarını Şuşaya topladıq. 
Daha sonra “Azərbaycan” qəzetində işlədiyim dövrlərdə bir neçə dəfə Qarabağda və Şuşada xidməti ezamiyyələrdə oldum. 

     Şuşa ilə bağlı xatirələrimi sadalamaqda məqsədim odur ki, bu gün Qarabağa darışan ermənilərin niyyətlərini daha yaxşı dərk etməkdə bu xatirələr mənə çox yardımçı olur. Şuşada olan hər bir kəs yəqin bilir ki, ermənini o cənnətməkandan xahişlə, minnətlə, dilətutmaqla çıxartmaq olmaz, onların bu torpaqdan ancaq meyitlərini çıxartmaq olar! 

     Şuşa xatirələri mənim üçün çox əzizdir, illah da ki, Adil kimi bir dostumla bağlı olduğu üçün! Cıdır Düzündə Adilin çaldığı tarın yanıqlı sədalarını necə unutmaq olar?! 

     65 yaşına çatan dostumun o vaxtdan bəri tar çaldığını eşitməmişəm. Bəlkə çalsa da Şuşadakı ləzzəti mənə qaytara bilməz. Orada hər şey həmahəngdir - musiqi də, bülbüllərin cəh-cəhi də, təbiət də, bulaqların şırıltısı da... Sağ ol ki, sən bütün bunları mənə yaşatmısan, Adil bəy! O günlərin nisgili mənə ümid verir ki, biz haçansa bu harmoniyaya yenidən qovuşa biləcəyik! 

17 Ekim 2018 Çarşamba

QARDAŞIM QƏDƏR SEVDİYİM İNSAN


Qəşəngi Əliyeva. 
Jurnalist, Azərbaycan Dövlət Televiziya və 
    Radio Verilişləri Komitəsinin sabiq əməkdaşı.     

                             
     Məktəb illəri ilə vidalaşıb universitetə qədəm basanda elə bilirdik ki, nağıllar aləminə düşmüşük. Biz çox savadlı, tələbkar müəllimlərin və istedadlı tələbə yoldaşlarımızın əhatəsində özümüzü xoşbəxt sanırdıq. Belə xoşbəxtlərdən biri də elə Adil idi. O, ilk baxışdan çox ciddi və təkəbbürlü görünsə də, əslində sadə, təmiz qəlbli və səmimi bir gənc idi. Mən deyərdim ki, Adildə biraz da ağayanalıq hiss olunurdu. Bu da yəqin onun qədim Qarabağ torpağının sayılıb-seçilən bəy nəsillərindən birinin nümayəndəsi olmasından irəli gəlirdi. Gözəl Ağdamın ziyalı ailəsində boya başa çatması onun davranışlarında özünü göstərirdi. Adil az danışardı, müsahibini dinləməyi bacarırdı və etika qaydalarını həmişə gözləyirdi. O, kimin üçünsə Ağ Atlı oğlan, mənə görə isə xətrini doğma qardaşım qədər istədiyim qrup yoldaşım idi. 

     Jurnalistlik bacarığı ilə yanaşı Adil həm də tarda gözəl ifa edirdi. Bəzən universitetdə keçirilən tədbirlərdə Adil tarı bağrına basıb çalar, Mustafa isə qavalı əlinə alıb muğamlarımızı oxuyardı. Yeri gəlmişkən tanınmış yazıçı-jurnalist Mustafa Çəmənli də bizim tələbə yoldaşımız olub. Azərbaycan muğamlarını mənə sevdirdiklərinə görə hər ikisinə minnətdaram.

     İstedadlı və tanınmış telejurnalist Adil İrşadoğlu ilə biz əvvəlcə tələbə, sonralar isə təyinatla getdiyimiz AzTv-də iş yoldaşı olmuşuq. Biz bir idarədə işlədiyimizə görə dəhlizdə Adillə tez-tez rastlaşardıq, bir-birimizdən hal-əhval tutardıq. 
İllər keçdikcə Adili hər dəfə televiziya ekranlarında əynində hərbi geyim, əlində mikrofon Qarabağın cəbhə bölgələrindən verilişlər hazırlayarkən görüb qürur hissi keçirirdim. Adil İrşadoğlu Azərbaycan Televiziyasının canlı və şanlı tarix yazan, efirlərdə yeri görünən jurnalistlərindən biridir.

     Əziz qardaşım Adil, səni yubileyin münasibəti ilə ürəkdən təbrik edir, sənə can sağlığı, jurnalistlik fəaliyyətində uğurlar arzulayıram. Həmişə belə cavan qal, ailənlə xoşbəxt ol, yazan əlin yorulmasın! 65 yaşın qədəmi sənə düşərli olsun!

İLLƏR ÖMÜRLƏRİN SONU DEYİLDİR, İLLƏR ÖMÜRLƏRİN SAHİLLƏRİDİR


Elmira Mehdiyeva. 
“Zaqatala” qəzetinin redaktor müavini, 
Əməkdar Mədəniyyət İşçisi.

                                                  
     Biz istəsək də, istəməsək də hər ötən il ömrümüzdən bir yarpaq düşür. Bu həyatın qanunudur. Gənclik illərində, hələ hər şeyin qabaqda olduğunu düşündüyümüz vaxtlarda bunun fərqinə varmırdıq.  Elə ki insan  bəlli bir yaşa gəlib çatır, dərk edir ki, həyatda bir arxada qoyduğun illər var, bir də bu gün. Bir saat sonra nə olacağı hələ heç kimə bəlli deyil. Lakin həyat fəlsəfəsi belədir ki, sonranı düşünmədən, sabah üçün şirin xəyallar qurmadan yaşaya bilmirsən.

     Bir zamanlar, keçən əsrin 70-ci illərində bizlər də respublikamızın ən müxtəlif guşələrindən gəlib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakultəsində təhsil alırdıq. Amalımız bir, məqsədimiz bir olduğu üçün çox tez bir- birimizə qaynayıb qarışmışdıq. Təkcə eyni kursun, eyni qrupun tələbələri deyil fakultənin bütün tələbələri arasında səmimi bir münasibət, salam-kalam var idi. Bəlkə də buna səbəb fakultəmizin Universitetin əsas binasında yer olmadığı üçün ayrıca binada, Yefim Saratov  (buna öz aramızda Yetim Saratov deyərdik) küçəsində mütəvazi bir binada yerləşməsi idi. Müəllimlərimiz də bizimlə çox səmimi idilər. Fakultəmizdə demokratik bir əhval-ruhiyyə var idi. Bax, elə o illərdə Adillə bir qrupda oxumasaq da tələbə yoldaşı idik. Tələbələrimiz arasında olan bu münasibətlər bu günə qədər davam edir və mən deyərdim ki, jurnalistika fakultəsi bizə yalnız təhsil verməyib, bizə gözəl dostlar qazandırıb. Elə dostlar ki, o dostluqda təmənna yoxdur, o dostluqda sədaqət var, hörmət var, qarşılıqlı ehtiram var. Adil qardaşımla da bizim dostluğumuz bax belə bir təməl üzərində qurulmuşdu.

     İş elə gətirdi ki, bizim hər ikimiz Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində (80-90-cı illərdə belə adlanırdı) işimizi davam etdirməli olduq. Mən radionun Zaqatala bölgəsi üzrə təmsilçisi idim, Adil isə televiziyada çalışırdı. Tez-tez rastlaşır, hal-əhval tuturduq.

     Və 90-cı illər. O illər ki, üzümüzdən sevinci sildi, düşüncələrimiz paramparça oldu. Qarabağda savaş gedirdi. Süfrəmizin başında oturtduğumuz ermənilər öz havadarlarının dəstəyi ilə məkrli siyasətlərini mərhələ mərhələ həyata keçirirdilər. Belə günlərin birində Adillə rastlaşdım. Çox kədərli idi. O, Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nda çalışırdı və Qarabağ döyüşlərinin ən qaynar nöqtələrindən çəkilişlər edir, verilişlər hazırlayırdı. Şəhidlərimiz haqqında süjetlər çəkirdi. “Mənimçün çox ağırdır”, - dedi. “Doğulub boya-başa çatdığım yerlərin darmadağın edilməsinə, igid oğullarımızın şəhid olmalarına dözə bilmirəm.  Ağdama nə qalıb ki. Amma bu tarixi kadrları çəkmək bizim borcumuzdur. Çəkdiklərimizin isə onda biri efirə getmir”.

     Adilin qara saçları arasınsa elə bu vaxtı ağ tellər gördüm. “Mən Ağdama getmişdim, dedim. Muğanlıda, Papravənddə oldum. Cəbhə xətti artıq bir addımlıqdadır. Orada Zaqatala batalyonunun döyüşçüləri vuruşurlar. Onlardan radio üçün silsilə verilişlər  hazırlamışam. Ağdam şəhər 1 nömrəli məktəbdə yerləşən qospitalda yaralı döyüşçülərdən müsahibə aldım.”  Bunu dediyim vaxt Adil dərindən ah çəkdi və dedi: Bilirsən Elmira, mən həmin məktəbi bitirmişəm. Mənimçün çox ağırdır.

     Bəli, Adil üçün o illər çox ağır idi. Lakin ən ağırı Ağdamın da işğalı oldu. Ağdamda onun doğmalarının qəbirləri qaldı, Ağdamda Adilin uşaqlığı qaldı, xatirələri qaldı, vətəni qaldı. Onun sızlayan qəlbi bu günə qədər təsəlli tapmayıb. İllər Adildən bax du dəyərli sərvətləri aldı getdi. Onun ürəyini sızlatdı, qəlbini inlətdi. Bu sızıltı, bu inilti heç susmadı.
Adil Qarabağ dərdi ilə yaşadı. 1994-cü ilin yazı idi. Adillə televiziyanın həyətində yenə rastlaşmışdıq. “Fikirli görsənirsən, bacım, - dedi. Hə, Adil, bir az qayğılıyam,- dedim. Bilirsən, Zaqataladan Füzuli istiqamətində döyüşlərdə bir qızımız qəhrəmancasına şəhid olub, Sədaqət Rəcəbova, Şəhidlər xiyabanında uyuyur. Bir azdan şəhid olmasının bir ili bitir.İstərdim ki, onun haqqında sənin verilişində bir süjet getsin. Adil cəld cavab verdi,- burda çətin nə var ki, mən hazır.” Biz birlikdə şəhidlər xiyabanına getdik və Sədaqətin qəbrinin üstündə ilk süjeti çəkdik.

     Mən Zaqatalaya qayıtdım. Bir həftə keçmədi ki, Adil "Vətən Səyyar Briqadası” ilə Zaqatalaya gəldi. Bu o vaxtlar idi ki, Zaqatalada axşamlar demək olar ki, işıq olmurdu. Lampa işığında keçinirdik. Həyat yoldaşım (o da bizim jurnalist həmkarımızdır və fakultəmizin məzunudur) Adilgili heç yana getməyə qoymadı. “Evimizə nə gəlib ki, ürəyimiz geniş olsun, - dedi.”  Səhər Sədaqətin doğulub boya-başa çatdığı ucqar dağ kəndinə, Sabunçu kəndinə anası və ailəsi ilə görüşmək üçün yolçuluğumuz var idi. O axşam süfrə arxasında, lampa işığında nələrdən danışmadıq. Adilin operatoru Tahir Qarayev idi. O Tahir ki, Adil sonralar onun haqqında yazırdı: “QARABAĞ SAVAŞINDA MƏNİMLƏ BİRGƏ QANLI HADİSƏLƏRİN ŞAHİDİ OLAN VƏ O HADİSƏLƏRİ VİDEO LENTƏ KÖÇÜRÜB ONLARI TARİXİLƏŞDİRƏN, QARABAĞI VƏ DİGƏR TORPAQLARIMIZI, EYNİ ZAMANDA UŞAQLIQ DOSTU JURNALİST ADİL İRŞADOĞLUNU CANINDAN ARTIQ SEVƏN VƏ ONU DAİM DÜŞMƏN GÜLLƏSİNDƏN QORUYAN REPORTYOR, TELEOPERATOR TAHİR QARAYEV”. Tahir müəllimin necə vətənpərvər oğul olduğunu, Adilnən birlikdə bu savaşı kino lentinin yaddaşına necə çətinliklə, düşmən gülləsinə sinə gərərək köçürdüyünü, tarixi kadrların bir çoxunu hətta gələcək üçün gizlətmək məcburiyyətində qaldıqlarını öyrəndikcə gələcəyə inamımız artırdı. Həmin günlərin xatirələrini Adil özü də tez-tez yada salır. Bəlkə də bunları yazmaqla məqsədimdən bir qədər uzaq düşmüşəm, amma belə düşünmürəm. Bütün bunlar bu gün 65 yaşını qeyd etdiyimiz Adil İrşadoğlunun şərəflə, ləyaqətlə keçdiyi ömür yoludur. Onun xarakter xüsusiyyətlərini, sözü bütövlüyünü, vətənpərvərliyini, dostluğunu, Azərbaycançılığını göstərən həyat cizgiləridir.

     İllər gəlib keçsə də, həyatımızı dəyişsə də Adil dəyişməyib. Nə qədər ki, Qarabağ işğaldan azad olmayıb onun qəlbi sakitlik tapmayacaq. Bu gün Adil öz savaşını İrşadoğlu kimi “İrşadTV”-də aparır. Orada öz sözünü deyir: ” 22 İLDƏN ÇOXDUR Kİ, NƏ YEDİYİMİ, NƏ İÇDİYİMİ BİLMİRƏM. ELƏ HEY DƏQİQƏLƏRİ, SAATLARI, GÜNLƏRİ, AYLARI, İLLƏRİ SAYMAQLA PROBLEMLƏR İÇƏRİSİNDƏ ÖMÜR KARVANIMLA GƏLİB AHIL YAŞIMA ÇATDIM. HƏLƏ DƏ VƏTƏNDƏ VƏTƏNSİZ YAŞAYIRAM.
SƏN DEMƏ ÜZÜM BƏRK İMİŞ. DÖZÜRƏM BU AYRILIĞA, HƏSRƏTƏ, İZTİRABA... GÖZLƏRİM DAİM YOLLARA DİKİLİ QALIB. ƏZİZLƏRİM ÜÇÜN ÇOX DARIXIRAM. ÖLKƏ BOYU PƏRƏN-PƏRƏN DÜŞMÜŞ ELLİLƏRİMİN, QOHUMLARIMIN HƏSRƏTİ MƏNİ ÜZÜR. ÜRƏK XƏSTƏSİ OLMUŞAM. BAX, BUNLARA GÖRƏ, QƏLBİM DAİM SIZLAYIR...”

     Bir az da döz, Adil qardaşım. O gün gələcək, o gün ki, Mehdi babandan miras qalmış milli Qarabağ atlarını minən qəhrəman oğullarımız bizi Qarabağa aparacaq. Qarabağ bizim olacaq. Bax onda sən ömrünün gözəl sahilinə, cənnətməkan Qarabağa yan alan illərin gəmisində olacaqsan. Sənə o illərə yetişməni arzu edirəm.