18 Ekim 2018 Perşembe

O HARMONİYAYA YENİDƏN QOVUŞA BİLƏCƏYİKMİ


Şərif Kərimli. 
Yazıçı-publisist. 

Tələbəlik illərimin dostu 
Adil Əliyevlə (İrşadoğlu) 
               bağlı nostalji xatirələr                
                                                                                      

     Yaradıcı adamın şəxsiyyəti, mənim üçün onun yaradıcılığından öncə dayanır.  Əgər şəxsiyyətlə yaradıcılıqdakı “Mən” bütün mənfi və müsbət çalarlarıyla bir-birini tamamlamırsa, deməli, ya reallıqda yaşayan insan (yaradıcı şəxs), ya da yaradılan insan (personaj) səmimi deyil, hansındasa saxtakarlıq var. Ona görə də hər hansı yaradıcılıq əsərini oxuyarkən çalışıram ki, onun müəlliflərinin həyatı ilə də tanış olum. Təsadüfi deyildir ki, ədəbiyyat dərsliklərində də bu prinsip həmişə gözlənilib: yazıçının öncə həyatı, sonra isə yaradıcılığı öyrədilib. 

     Uzun müddət dövlət televiziyasında, müxtəlif tanınmış qəzetlərdə çalışmış Adil İrşadoğlunu (Əliyev) 46 ildir tanıyıram. Elə bilməyin ki, mən də Qarabağlıyam, xeyr, mən Borçalıdanam. Adillə isə 1972-ci il sentyabrın 1-də Yefim Saratov küçəsində, Daxili İşlər Nazirliyinin arxasında, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanlığının yerləşdiyi binada tanış olmuşam. O vaxtlar hələ biz nəhayətsiz arzularımızın qanadlarında əngin fəzalarda cövlan edirdik. Bəlkə elə oralarda da ilişib qalasıydıq... Əgər ki, müəllimlərimiz Şirməmməd Hüseynov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Zinyət Əlizadə, Famil Mehdi, Nurəddin Babayev, Qulu Xəlilov, Şamil Qurbanov, Pənah Mahmudov, Tofiq Rüstəmov, Akif Rüstəmov, Cahangir Məmmədov, Mahmud Mahmudov, Yalçın Əlizadə, Əliş Nəbili, Əmirxan Xəlilov, Ceyran Əbdürrəhmanova olmasaydılar. 

     Bəli, adlarını çox hörmət və ehtiramla çəkdiyim, şəxsiyyətləri, əxlaqi-mənəvi keyfiyyətləri ilə bütün tələbələrin, jurnalistlərin, eləcə də universitetin professor-müəllim heyətinin dərin hörmətini qazanmış bu insanların sayəsində 1972-ci ildə 626 və 628-ci qrupda cəmləşmiş 50 nəfər tələbə əngin səmalardan enib real həyatla tanış oldular. Bu müəllimlər, sözün həqiqi mənasında, bizə həyat dərsi verdilər. Və... bu 50 nəfərin içərisində bir nəfər belə müəllimlərin diqqətindən kənarda qalan olmadı - hamı öz dərsini aldı. Dərs alanların adlarını sadalamaq istəmirəm - təkcə onu deyim ki, bunların arasında elmlər doktorları da oldu, elmlər namizədləri də, yazıçılar da yetişdi, şairlər də, öz müəllimlərinin yolunu davam etdirənlər də oldu, qəzet-jurnal redaktorları da, dövlət məmurları da. 50 nəfərin içərisindən ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyət və siyasət tariximizin milli-mənəvi dəyərlərini tədqiq edən, yaşadan bircə nəfər yetişsəydi belə, bu da həmin müəllimlərin Xalq, Vətən qarşısında böyük xidmətləri olardı! Ancaq 50 nəfərin içərisində bir nəfər istedadın belə kölgədə qalmasına yol verməyən və onu düzgün yola, səmərəli əməli fəaliyyətə yönləndirən müəllimlərin fədakarlığı ölçüyəgəlməz tərifə və təqdirə layiqdir. Bu gün də pedaqoji sahədə və mətbuatda fəaliyyət göstərən müəllimlərimizə Tanrıdan cansağlığı, həyatdan köçənlərə rəhmət diləyirəm!

     1975-ci il yazın sonlarında universitetin digər fakültələri ilə birgə hərbi kafedranı bitirməyimiz münasibətilə Neftçala rayonunun Bankə qəsəbəsində ikiaylıq hərbi toplantıda olduq. İsti yay aylarında od tutub yanan qumlu çöllərdə, bürküdən başımızı soxa bilmədiyimiz kazarmalarda hansı əzabları çəkdiyimizi xatırlamaq belə istəmirəm! Bircə onu qeyd edim ki, bu ikiaylıq məşəqqətdən sonra mən 15 kq arıqlamışdım...
Bir ay sonra isə Adil Əliyevlə “Şuşa” qəzetində bir aylıq istehsalat təcrübəsində olduq. İkiaylıq cəhənnəm əzabından sonra biraylıq cənnət ləzzəti!
Açığını deyim ki, mən əvvəllər bu rayonların heç birində olmamışdım, onların təbiəti, insanların məşğuliyyəti barədə məlumatım çox az idi. Bu mənim üçün əsl sürpriz oldu. Təsəvvür edin, göydən od yağan, yerdən od püskürən bir bölgənin kürü satan, balıq satan insanlarından ayrılıb səmasından nur yağan, nəfəs alanda ciyərlərində bir rahatlıq hiss etdiyin sərin, yaraşıqlı, qədim bir şəhərin aristokrat, ziyalı əhalisi ilə ünsiyyət qurursan... 
Adilin mənə məlum olmayan bir çox xarakterik keyfiyyətlərini məhz bu şəhərdə kəşf etdim. 

                                                              ***
     Gürcüstandan birbaşa Ağdama - Adilgilə gəlmişdim. Bizim ikimizin təcrübə keçəcəyimiz mətbuat orqanı Şuşa şəhərinin eyniadlı qəzeti idi. Bir gün Adilgildə qalıb, oradan Şuşaya - birbaşa redaksiyaya getdik. Göndərişimizi təqdim edib, təcrübə müddətində yaşamaq üçün yerimizi soruşduq. Dedilər şəhərin girişində, avtovağzalın yanında bir mehmanxana var, yemək, yaşamaq xərcləri redaksiya tərəfindən ödənilmək şərtilə o mehmanxanada qalacaqsınız. 



                                                 Ağdam - Şuşa aşırımı

     Üz tutduq həmin ünvana. Lakin mehmanxana müdirinin münasibəti bizi heç açmadı - o bizə 4 nəfərlik bir otaq təklif etdi. Biz yaradıcılıq üçün şəraiti olan ikiotaqlı sakit nömrə istədiyimizi təkid etsək də, xeyiri olmadı. Qayıdıb yenidən redaksiyaya gəldik, bu dəfə baş redaktor İsrafil İrşad oğlu Əbilovun qəbuluna düşdük. Mehmanxana müdiri Əhəd müəllimin dediklərini baş redaktora bildirəndə, o, bircə kəlmə söz dedi:
- Gedib ona deyərsiniz ki, Əbilov dedi,  “Koroğlu” konyakını yadına salsın!
Biz yenidən mehmanxanaya qayıtdıq və müdirin otağına daxil olub Əbilovun sözlərini olduğu kimi ona çatdırdıq. Əhəd müəllim ayağa durub:
- Əşi, siz də heç zarafat-zad başa düşmürsünüz ki!.. Otağınız bayaqdan hazırdır, demişəm ağlarını da dəyişdiriblər. Qəşəng yeməkxanamız da var. Gündə üç öynə burda nahar edərsiniz. Nə probleminiz olsa, utanıb-çəkinmədən birbaşa özümə müraciət edərsiniz. Buyurun, gedəyin yerinizi göstərim. (Əhəd müəllim əvvəllər Şuşa şəhərində yerləşən Ümumittifaq əhəmiyyətli istirahət evinin müdiri işləmişdi.)
Baş redaktorla mehmanxana müdirinin bu müəmmalı dialoqundan heç nə baş açmasaq da işin bizim xeyirimizə həll olunmasından olduqca sevindik. Hər halda təcrübə müddətimizin ilk iş günü səmərəli olmuşdu - biz lazımi dərsi almışdıq...

                                                            ***
     Mən Adilin atası İrşad müəllimə, əmisi İslam Əliyevə, bizi tez-tez yoluxmağa gələn onların dostlarına (dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm!) çox-çox minnətdaram. Onlar Pənahəli xanın əsasını qoyduğu və Qarabağ xanlığının uzun illər paytaxtı olmuş qədim Qalanın - Şuşanın ən görməli yerlərini mənə göstərdilər. Dəfələrlə İsa Bulağında, Soyuq bulaqda, Qırx bulaqda, Turşsuda olduq, Cıdır düzünün əsrarəngiz gözəlliklərindən vəcdə gəldik, at çapdıq, Daşaltıya düşdük, Laçına getdik, XVIII əsrin axırları - XIX əsrin əvvəllərində Mehdiqulu xanın (Pənahəli xanın oğlu) arvadı Pəricahan Bəyimə bağışladığı Xankəndini gəzdik...

     Bir jurnalist kimi isə Adillə birlikdə Musiqi alətləri hazırlayan fabrikdən yazılar hazırladıq, Qarabağın Şuşada dünyasını dəyişmiş dahilərinin qəbirlərini ziyarət etdik, Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov haqqında dəyərli xatirələr eşitdik. 
     Şuşada memarlıq abidəsi sayılan 160-dan çox sənət abidəsi ilə tanış olduq. Məşhur «Gəncə darvazaları»nda, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrlərində, Qarabağ xanlarının imarətində, Xan qızı Natəvanın ev-muzeyində, Port-Arturun müdafiəçisi, artilleriya generalı Mehmandarovun, şair və rəssam Mir Mövsüm Nəvvabın evində, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun, Molla Pənah Vaqifin məqbərəsində tarixin keşməkeşli çağlarından gəlib keçən karvanların zınqırov səsini dinlədik, Bülbülün, Xan əminin zəngulələrinin sehrinə düşdük, Xarı Bülbülün döşünün altını öz əllərimizlə sığalladıq... 
Bu bir ayda Bankənin bütün acısı-ağrısı, bürküsü-yanğısı canımızdan çıxdı. Təcrübə müddətimizin necə gəlib-keçdiyini heç hiss etmədik də. Ayrılıq məqamı çatanda dostum Adil çox təkid etdi ki, universitetdə dərslərin başlanmasına hələ bir ay qalıb, bəlkə qalam, bu bir ayı da təcrübəsiz-filansız dincələk. Ancaq mən Borçalıya qayıtmağa qərar verdim. 
...Və qayıtdım Borçalıya, doğma kəndim Baydara. Bizim tərəflər yayda isti olan yerlərdir. Ona görə də kənd camaatı məktəbdə dərslər bitən kimi iyun ayının əvvəlindən ta avqustun sonunacan uşaqları götürüb yaylağa köçürlər. Mən kəndə yetişəndə artıq köç getmişdi. Atam məni görüb təəccübünü gizlədə bilmədi - mən nəinki Bankədə itirdiyim 15 kilonu Şuşada bərpa etmişdim, hələ bir az onu keçmişdim də!
Rəhmətlik kişi cibimə bir az puldan-paradan qoyub dedi ki, dostuna zəng elə, əgər vaxtı varsa, birlikdə qayıdın Şuşaya, bir yerdə darıxmazsız.
Beləliklə, Adillə mən yenidən Şuşada görüşməli oldum. Şuşada keçirdiyim bu günlər bəlkə də həyatımın ən mənalı günləri kimi tarixə yazıldı. Sonralar Şuşa ilə bağlı bir sıra maraqlı səfərlərim də oldu, bu səfərlər mənim həyat tarixçəmin yeni səhifələrini yazdı.
Artıq bir jurnalist kimi fəaliyyət göstərərkən peşəkar pəhləvanlar haqqında tədqiqat xarakterli silsilə məqalələr, kitablar yazmaq məqsədi ilə bir neçə dəfə Şuşada oldum. 1986-cı ildə Qarabağın nəhəng pəhləvanlarından olan Qaçay Hüseynovdan yazı hazırlamaq üçün Şuşada olarkən həm sevindim, həm də kədərləndim. Pəhləvanın ünvanını öyrənmək üçün bir vaxtlar Adillə təcrübə keçdiyimiz “Şuşa” qəzetinin redaksiyasında olarkən təsadüfən tələbə yoldaşım Təranə xanımla görüşdüm (Allah ona rəhmət eləsin!). Onsuz da həmişə qara gözləri nəmli olan Təranə ağlayıb bu sözləri pıçıldaya bildi: “Bu gün Qaçay əminin üçüdür...” 
Mən Qaçay pəhləvanın ailəsinə baş çəkdim, həyat yoldaşı Zinyət xanıma başsağlığı verdim, oğlanları - onun sənətini davam etdirən Təvəkkül və Allahverdi ilə tanış oldum. 
1991-ci ildə Qarabağ İdman Komitəsinin sədri dostum Rövşənlə birlikdə (O, Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak oldu. Allah rəhmət eləsin!) Şuşanın qala qapılarının girişində Qaçay pəhləvanın yubiley tədbirlərini keçirmək məqsədilə Azərbaycanın ən qoluzorlu oğullarını Şuşaya topladıq. 
Daha sonra “Azərbaycan” qəzetində işlədiyim dövrlərdə bir neçə dəfə Qarabağda və Şuşada xidməti ezamiyyələrdə oldum. 

     Şuşa ilə bağlı xatirələrimi sadalamaqda məqsədim odur ki, bu gün Qarabağa darışan ermənilərin niyyətlərini daha yaxşı dərk etməkdə bu xatirələr mənə çox yardımçı olur. Şuşada olan hər bir kəs yəqin bilir ki, ermənini o cənnətməkandan xahişlə, minnətlə, dilətutmaqla çıxartmaq olmaz, onların bu torpaqdan ancaq meyitlərini çıxartmaq olar! 

     Şuşa xatirələri mənim üçün çox əzizdir, illah da ki, Adil kimi bir dostumla bağlı olduğu üçün! Cıdır Düzündə Adilin çaldığı tarın yanıqlı sədalarını necə unutmaq olar?! 

     65 yaşına çatan dostumun o vaxtdan bəri tar çaldığını eşitməmişəm. Bəlkə çalsa da Şuşadakı ləzzəti mənə qaytara bilməz. Orada hər şey həmahəngdir - musiqi də, bülbüllərin cəh-cəhi də, təbiət də, bulaqların şırıltısı da... Sağ ol ki, sən bütün bunları mənə yaşatmısan, Adil bəy! O günlərin nisgili mənə ümid verir ki, biz haçansa bu harmoniyaya yenidən qovuşa biləcəyik! 

Hiç yorum yok: