"ADİL GƏRAY, KÖRÜYÜ BAS !"
Həyat yolumda yanımda olan, mənə inanan, çətin anlarımda əlimdən tutan və sevincini mənimlə bölüşən insanlardan biri də lerikli Aslan Rəfi oğlu İsmayılov idi. Onunla birlikdə işləmək mənə güc verirdi, həm də uğurlara gedən yolumu qısaldırdı.
Əsl dost həyatın ağır sınaqlarında, çətin zamanlarında və yaxşı günlərində yanında olur...
1981-ci ilin yayında Ağdama mənim toyumda iştirak etmək üçün gələnlərdən biri də unudulmaz, sevimli insan rejissor Aslan İsmayılov idi. Aslan müəllim mənim xatirimdən bir an da çıxmır. Çünki bu insan 1972-ci ildən 1990-cı ilədək gənc bir jurnalistə, yəni mənə qarşı çox səmimi və diqqətli olub.
Azərbaycan Dövlət Televiziyasının Təbliğat-təşviqat Baş Redaksiyası ən ağır və məsuliyyətli iş tələb edən baş redaksiya idi. Baş redaksiya 4 şöbədən təşkil olunmuşdu. Teleradio Komitəsinin rəhbərliyi məni həmin baş redaksiyanın "Sənaye" şöbəsinə kiçik redaktor təyin etdi. Şöbəmizdə işləyənlərin əksəriyyəti məndən yaşca böyük idi. Onların arasında mənim yaşıma uyğun olmayan söhbətlər zamanı sakitcə otaqdan çıxıb karidorda o başa, bu başa gəzirdim. Qəfildən kimsə qoluma girib məni özünə tərəf çəkirdi. Bu, kim olsa yaxşı idi? Bizim ASLAN müəllim. Yavaşca deyirdi ki, bala, niyə gəlib stolunun arxasında oturub işini görmürsən? Böyüklər rahat söhbət etsinlər deyə belə edirsən, başa düşürəm. Bu qədər utancaq olma...
Bizim ASLAN müəllim çox xeyirxah, insanpərvər, gəncləri öz balası kimi sevən və onlara qayğısını əsirgəməyən unudulmaz şəxsiyyət idi. O, mənə həmişə Adil Gəray deyə, müraciət edirdi. Bir gün dedim ki, Aslan müəllim, axı mənim öz rəsmi təxəllüsüm var, İrşadoğlu! Dedi ki, İrşadoğlu təxəllüsün yaxşıdır. Ancaq mən səni GƏRAY olaraq görürəm. Heç bilirsən gəray nə deməkdir? Gəray qədim türk dilində igid, qəhrəman, güclü, qüvvətli, ingiliscə "geraus", rusca "geroy" deməkdir. Krım xanlığında 364 (1428-1792) il hakimiyyət sürmüş Gərayilər sülaləsinin adı "gəray" etnonimi ilə bağlıdır. İndi get fikirləş. Mən də dedim ki, ay Aslan müəllim, axı bu Vətənin Adil Gəray adlı məşhur tarzəni, pedaqoqu, dirijoru, bəstəkarı var. O kişidən sonra bu adı daşımağım mənim üçün çətin olar. Aslan müəllim dedi ki, özün bilərsən. Ancaq mən səni Adil Gəray deyib çağıracam, çünki sən güclüsən, qorxmazsan, mərdsən !
Aslan müəllimin köməyə ehtiyacı olanda mənə belə müraciət edirdi:
- Adil Gəray, körüyü bas!
Hörmətli oxucularım, sizə dostum rejissor Aslan İsmayılovun qısa bioqrafiyasını təqdim etməyi özümə borc bilirəm.
Aslan Rəfi oğlu İsmayılov 1925-ci il mayın 25-də Lerik rayonunun Kürdəsər kəndində anadan olub. 1940-cı ildən 1944-cü ilədək Kürdəsər kəndində üzümçülük sovxozunda fəhlə işləyib. 1944-cü ilin yanvarından orta təhsil alıb, kənd məktəbində sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə rayon xalq maarif şöbəsinin göndərişi ilə Lerik rayonun ən böyük tam orta təhsil məktəbində tarix müəllimi işləyib. Məktəbdə dərs deyərkən 1943-cü ildən 1949-cu ilədək Azərbaycan Pedoqoji İnstitutunda tarix fakültəsində qiyabi təhsil alıb.
1952-ci ildə Bakı şəhərinə gəlib və 2-ci ali ixtisas almaq üçün Azərbaycan Dövlət Teatr İnstitutunun dram teatrı və kino rejissorluğu fakültəsinə qəbul edilib. İnstitutda təhsil alaraq eyni vaxtda M.F.Axundov adına Azərbaycan Dövlət opera və balet teatrında fəhlə, işıqçı, rejissor köməkçisi kimi çalışıb.
1956-cı ildə institutu bitirdikdən sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində rejissor köməkçisi işinə qəbul edilib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində məsuliyyətli və işgüzar fəaliyyətinə görə irəli çəkilib, rejissor assistenti, 3-cü, 2-ci, 1-ci dərəcəli rejissor, nəhayət ali dərəcəli rejissor vəzifəsinə yüksəlib.
Aslan Rəfi oğlu İsmayılov Dövlət Televiziyasının Sənaye Verilişləri Redaksiyasında 35 ildən çox çalışıb və bu illərdə sürətlə inkişaf edən Azərbaycan sənayesini hərtərəfli işıqlandırıb. Azərbaycanın ucqar yerlərində olub və sadə zəhmətkeşlərin əmək uğurlarını təbliğ və təşviq edib.
Hazırladığı verilişlər arasında "Yenilikçi", "Fəhlə", "Təkrar texnologiya", "Beşilliyin addımları" və digər telejurnalların böyük auditoriyası var idi. Eyni zamanda bəzən hazırladığı verilişlərin ssenarisini özü yazırdı. Məhz buna görə 1976-cı ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldü.
Dəfələrlə Gəncə və Mingəçevir sənaye şəhərlərindən təşkili uğurlu alınmış canlı verilişlərin hazırlanmasına görə Televiziya və Radio Verilişləri Komitəsi rəhbərliyinin Fəxri fərmanları ilə təltif edildi.
Bir neçə dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan günləri"ni uğurla işıqlandırmasına görə sərginin medalları ilə təltif edildi.
1986-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə "Əmək veteranı" medalı ilə təltif olundu.
27 mart 2012-ci il tarixində səhər tezdən Aslan müəllimin kürəkəni Nazim Aydəmirov mənə zəng edib bildirdi ki, Aslan müəllim rəhmətə gedib və onu bu gün gönortadan sonra dəfn edəcəyik. Hazırlaşıb özümü tez mərasimə çatdırdım. Məclisdəki adamlarla birlikdə Aslan müəllim üçün dualar oxudum. Biz onu Bakının Binə kəndindəki qəbristanlıqda dəfn etdik.
Heyf sizdən Aslan müəllim. Siz yaxşı dost, həqiqi ziyalı, sevimli müəllim və gözəl rejissor idiniz. Siz indi sizi sevənlərin qəlbində yaşayırsınız. Allah sizə rəhmət eyləsin. Qəbriniz nurla dolsun. Ruhunuz şad olsun.
❤ © Adil İrşadoğlu Cavanşir (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).
Yazıma əlavələr etdim: 11.09.2026. / 12-10.
Paylaşdım: 03.11.2026. / 12-20.

Hiç yorum yok:
Yorum Gönder