TARİXİ YAŞADAN SƏNƏT FƏDAİSİ
Onu 1980-ci ildən tanıyıram. O vaxtlar o da, mən də gənc idik. Mən, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Televiziyasının ən ciddi və məsuliyyətli iş tələb edən Təbliğat-təşviqat Baş Reaksiyasında redaktor vəzifəsində çalışırdım. Baş redaktorumuz rəhmətlik Sabir Xuduş oğlu Rüstəmov, şöbə müdirim isə Seyfullah Hənifə oğlu Cəfərov idi.
Hər bir redaktor və rejissor, eləcə də mən televerilişlər hazırlayanda komitənin kinooperatorlar, işıqçılar, avtomobil xidməti, diktorlar, rəssamlar, musiqiçilər, montajçılar şöbələrinə müraciət edirdik. Veriliş hazırlayan zaman o vaxt fotoqraf işləyən Bəxtiyara da tez-tez işim düşürdü, Bəxtiyar Kamil oğlu Babayevi deyirəm. O, sənətinə və ona müraciət edən hər bir kəsə qarşı çox diqqətli və qayğıkeş idi. Həqiqətən həyatda elə insanlar var ki, onlar unudulmur, çünki izləri qəlblərimizdə, xatirələrimizdə və yaşantılarımızda dərin kök salır. Aramızdan ayrıldıqları zaman yerləri heç cür dolmur, yoxluqları hər zaman hiss olunur.
Azərbaycan Dövlət Radiosunun 100, Dövlət Televiziyasının 70 illiyi qarşısında bu yazımı isə rəhmətlik və unudulmaz Bəxtiyar Babayevə həsr etmişəm.
Bəxtiyar Kamil oğlu Babayev 14 noyabr 1956-cı ildə Bakı şəhərində doğulub, boya-başa çatıb. 25 saylı orta məktəbi bitirib. 01.09.1970 ildə 3 saylı texniki peşə məktəbinə daxil olub. 1980-ci ildə Moskva səhərində yerləşən Xalq İncəsənət Universitetinin Fotokino Fakultəsini qiyabi bitirib. 1972-ci ildən 1975-ci ilədək Bakı Mexaniki Təmir Zavodunda fəhlə işləyib. 1975-1977-ci illərdə Xabarovsk şəhərində hərbi xidmətdə olub.
19.07.1977-ci ildən 24.04.1978-ci ilədək Cəfər Cabbarlı adına Azərbaycan Dovlət Teatr Muzeyində fotoqraf işləyib. 24.04.1978-ci ildən 01.03.1984-cü ilədək Azərbaycan Dovlət Xalca Muzeyində çalışıb. 01.03.1981-ci ildən 14.01.1994-cü ilədək Respublika Müəllimlər Evində fotoqraf işləyib. Onun foto üzrə müəllimi Bahadır Cəfərov olub.
Bəxtiyar Kamil oğlu Babayev 1980-ci ildən AzTv-də ştatdankənar müxbir işləməyə başlayıb. O, 1994-cü ildən 15 noyabr 2020-ci ilədək AzTv-də teleoperator kimi fəaliyyət göstərib.
Onun televiziyaya gəlişinin əsas səbəbkarı görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü (2005) Vasif Babayev olub.
Bəxtiyar Babayev teleoperator işləməklə yanaşı "Ekran-Efir" qəzetində də çalışırdı.
O, seçdiyi və sevdiyi peşəsinin vasitəsilə Azərbaycan Milli Televiziyasının adlı-sanlı peşəkarları ilə tanış oldu və onlardan bəhrələnməyə başladı. Kimlər idi bu peşəkarlar? Baş redaktor Sabir Rüstəmov, Seyfulla Cəfərov, Mirəsədulla Qurbanov, Nazim Zeynalov, Vasif Babayev, yazıçı-publisist Nahid Hacıyev, Mailə Muradxanlı, rejissorlar Nazim Rzayev, Kərim Kərimov, Bünyad Məmmədov, Məhərrəm Bədirzadə, Ramiz Həsənoğlu, Ələkbər Kazımovski, Tofiq Zeynalov və digərlər.
Bəxtiyar Babayev teleoperator işləməklə yanaşı, həm də studiyada yeni hazırlanan tamaşa və konsertlərdə fotolar çəkirdi. İndi həmin fotolar qiymətli tarixə çevrilib. Bəxtiyarın zəngin arxivi var. Mən Bəxtiyarı da, onun arxivini də çox yüksək qiymətləndirirəm.
Bəxtiyar, sənin çəkdiyin fotolar yaşananları gözlər önünə sərməklə dünənlə bu günün müqayisəsini aparmaq üçün bizə geniş imkanlar yaradır. Bu mənada, fotoaparatını süngüyə çevirən sənətkar jurnalist, "AZpress.AZ" xəbər saytının rəhbəri, dostum Rasim Sadıqovun və sənin fotoqrafiya sənətinizi tarixin güzgüsü də adlandırmaq olar. Hamı fotoşəkil çəkə bilər, amma hər kəs əsl fotoqrafın gördüyünü görə bilməz. Bəxtiyar, heyf ki, sən bizləri tez tərk etdin, yaradıcılığının ən parlaq dövründə bu dünyadan köçdün, yaradıcılığın yarımçıq qaldı. Hər kəsin sevdiyi unudulmaz insan Allahdan sənə rəhmət diləyirəm. Qəbrin nurla dolsun. Ruhun şad olsun.
❤️ © Adil İrşadoğlu Cavanşir (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).
Yazımı yenidən işlədim: 15.09.2026. / 11-30.
Paylaşdım: 26.10.2026. / 13-35.

Hiç yorum yok:
Yorum Gönder