3 Kasım 2026 Salı

6) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA




 O, MƏNƏ ÇƏTİNLİKLƏRLƏ 

MÜBARİZƏ APARMAĞI ÖYRƏDİB


Görkəmli jurnalist Ələkbər Ərşad oğlu Abbasov da mənim həm müəllimim, həm də ustadım olub. O, həyatımda mənə yol göstərən, mənəvi bələdçilik edən və formalaşmağımda əsas rol oynayan şəxsiyyətdir. Ələkbər Abbasov mənə bu peşənin sirlərini öyrətməklə yanaşı, həm də həyatın çətinliklərinə qarşı necə mübarizə aparmağı da öyrədib.

Ələkbər Ərşad oğlu Abbasov kimi müəllimlər insanın həyatında ən güclü dayaq, yol göstərən bir mayakdırlar. Onlar bizə təkcə elmin sirlərini öyrətmir, həm də gələcəyə doğru addımlayarkən mənəvi güc və istiqamət verirlər. Müəllimlər cəmiyyətin savadlı və dünyagörüşlü fərdlərini yetişdirirlər. Onlar çətin anlarda bizə inanaraq potensialımızı kəşf etməyə kömək edirlər. Dürüstlük, insanlıq və fədakarlıq kimi dəyərləri də onlardan öyrənirik. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında belə deyib: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

 ... Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi "Təbliğat-təşviqat baş redaksiyası"nda kiçik redaktor vəzifəsində çalışırdım. Televiziyanın bu ən böyük baş redaksiyasnın adını xeyli müddətdən sonra dəyişib "İctimai-siyasi proqramlar baş redaksiyası" adlandırdılar. Mən, Televiziyanın "İctimai-siyasi proqramlar baş redaksiyası - Sənaye şöbəsi"nin redaktoru, sonra isə böyük redaktoru çalışarkən Ələkbər Ərşad oğlu Abbasov bizim baş redaksiyanın baş redaktor müavini təyin edildi. Bəxtimiz gətirmişdi, Ələkbər müəllim də işgüzar, səmimi, peşəsinə bələd olan həssas və səriştəli redaktor idi. O, baş redaksiyamızdakı mənim kimi gənc jurnalistlərə qayğı və məhəbbətlə yanaşırdı. Ələkbər müəllim də ağsaqqalımız Seyfulla Cəfərov kimi redaktə zamanı müəlliflərin dil və uslubunu qoruyurdu.  

Ələkbər Abbasov sözündə və işində bütöv, dostluğa sədaqətli, hamıya diqqətli və təvazökar insandır. İndi Hacı Ələkbər Şəhrili'nin 85 yaşı var. Öz sözü, dəsti-xətti və yazıları ilə seçilən Ələkbər Ərşad oğlu Abbasov Azərbaycanın tanınmış və unudulmaz jurnalistidir.

O, 22 sentyabr 1940-cı ildə Bakıda dəmiryolçu ailəsində anadan olub. Atası Ərşad kişinin işi ilə əlaqədar uşaqlığı və yeniyetməliyi Qarabağda, Zəngilan rayonunda keçib. Orada yaşadığı illərdə Qarabağ bölgəsinin mühiti gənc Ələkbərin gələcək həyatında xüsusi rol oynayıb, onun sözə, ədəbiyyata, qəzet və media aləminə marağını daha da artırıb. Ələkbər Abbasov orta məktəbin yeddinci sinfinədək rayonda oxuyub, sonra təhsilini paytaxtda başa vuraraq 1957-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 

O zamandan başlayaraq Ələkbər Abbasov çətin və daim məsuliyyət tələb edən, lakin uzun və maraqlı bir həyat yolu keçib. Peşəkar jurnalistin işi sözə və yazıya bağlıdır və cari mövzuya çevik reaksiya verərək onu vaxtında, düzgün və maraq doğura biləcək səviyyədə oxucuya çatdırmaqdır. Ələkbər müəllim məhz belə qələm sahibi, söz və media mənsublarındandır. Onun özünəməxsus dünyagörüşü, bilik və marağı təkcə ədəbi-bədii mühitlə məhdudlaşmır, o, eyni zamanda tarixi, ictimai-siyasi, texniki informasiya və başqa sahələrlə də maraqlanır, yazır və öz dəsti-xətti ilə jurnalistika elminə böyük töhfələr verir.

Ələkbər müəllim universiteti bitirdikdən sonra əmək fəaliyyətinə “Abşeron” qəzetinin məsul katibi kimi başlayıb. 1963-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə dəvət olunub. 30 il ərzində burada redaktor vəzifəsindən Dövlət Televiziya və Radio Verilişləri şirkəti sədrinin müavini - televiziyanın informasiya və ictimai-siyasi proqramlar studiyasının baş direktoru vəzifəsinə qədər məsul vəzifədə çalışıb.

O, vaxtilə Azərbaycanda ilk telereportyor və keçmiş Sovet İttifaqında ən gənc baş redaktor kimi tanınıb, işləməklə bərabər 1984-cü ildə Moskvada televiziya rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirib.

1993-cü ildən “Dalğa” maarifçilik qəzetinin baş redaktoru, daha sonra o zamanlar fəaliyyət göstərən BMTİ televiziyası baş direktorunun müavini, müstəqil beynəlxalq “Günay” qəzetinin baş redaktoru, 1998-2000-ci illərdə isə ANS Müstəqil Yayım və Mediya Şirkətinin şef-redaktoru vəzifələrində çalışıb. Ələkbər müəllim 2000-ci ildə televiziya nominasiyasında “İlin jurnalisti” elan edilib.

Ələkbər Ərşad oğlu Abbasov Azərbaycan televiziyası və mətbuatındakı məhsuldar fəaliyyətinə görə keçmiş SSRİ-nin medallarına, respublika Jurnalistlər İttifaqının iki “Qızıl Qələm” mükafatına, H.Zərdabi adına mükafata və ən yaxşı televiziya verilişlərinin Ümumittifaq müsabiqəsinin qaliblərindən biri kimi keçmiş SSPİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülüb. Uzun və gərgin əməyi sayəsində 1988-ci ildə Ələkbər müəllim “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adıyla mükafatlandırılıb.

O, iki bədii-publisistik kitabın, yüzlərlə teleradio verilişinin, ayrı-ayrı kitablarda və ölkə mətbuatında çap olunmuş yüzlərlə oçerk, reportaj və publisistik məqalənin müəllifidir. Bir neçə kitabın, o cümlədən televiziyanın nəzəriyyəsi və təcrübəsinə, Azərbaycan neft sənayesinin tarixinə dair sanballı tədqiqat əsərlərinin redaktoru olub.

Ələkbər Abbasov sonra 20 ilə yaxın Azərbaycan neftçilərinin böyük və şanlı ailəsinin üzvü olub. 2000-2011-ci illərdə SOCAR-ın "Məxfi-rejim və hərbi səfərbərlik şöbəsnin rəisi, 2011-2019-cu illərdə isə birinci vitse-prezidentin müşaviri vəzifəsində fəaliyyət göstərib.

Təkrar edirəm, şanlı ömür yolu keçmiş bu qayğıkeş insan, gözəl ailə başçısı Ələkbər Ərşad oğlu Abbasov mənim həm müəllimim, həm də ustadım olub. Müəllim sadəcə dərs keçmir, həm də gələcəyin jurnalistini, həkimini, mühəndisini, əsgərini və rəhbərini yetişdirir. Müəllim elm verməklə yanaşı, şagirdlərinə dürüstlüyü, vətənpərvərliyi və insanlığı aşılayır. Müəllim həqiqətən də hər bir insanın və bütövlükdə cəmiyyətin mənəvi, elmi və intellektual dayağıdır! 


❤️© Adil İrşadoğlu Cavanşir (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı - Qazi (1988-1996).

Yazdım: 18.09.2026. / 11-30. 

Paylaşdım: 03.11.2026. / 12-30.


Hiç yorum yok: