AZƏRBAYCANDA "XALQ ARTİSTİ" FƏXRİ ADINA
LAYİQ GÖRÜLƏN İLK TELEVİZİYA REJİSSORU
Öz sahəsinin kamil ustadları, korifeyləri ilə çiyin-çiyinə çalışmaq və onlarla yaradıcı ünsiyyətdə olmaq hər bir insan üçün əvəzsiz bir şans və böyük bir xoşbəxtlikdir. Korifeylərin illərlə qazandığı təcrübə, iş prinsipləri və hadisələrə yanaşma tərzi gənc nəsil üçün canlı bir dərslikdir. Onların enerjisi, sənətə olan sevgisi və fədakarlığı ətrafdakı hər kəsi daha yaxşı işlər görməyə ruhlandırır.
Dostlar əgər sizin də həyatınızda belə bir yaradıcılıq ünsiyyəti və ya birgə iş təcrübəsi varsa, bu, gələcək fəaliyyətiniz üçün çox möhkəm bir təməldir!
Azərbaycan televiziyasının canlı əfsanəsi və televiziya işçiləri üçün məktəb olan ustad rejissor, xalq artisti möhtərəm Vasif Hacağa oğlu Babayev sizin haqqınızda hazırladığım bu rəsmi bioqrafik məlumatı Azərbaycan Dövlət Radiosunun 100, Dövlət Televiziyasının 70 illiyi qarşısında hədiyyəm olaraq qəbul edin. Sizə can sağlığı, sağlam uzun ömür və uğurlar arzulayıram.
VASİF BABAYEV KİMDİR ?
O, görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsüdür (2005).
Vasif Hacağa oğlu Babayev 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, rejissor assistenti, rejissor, 1969-cu ildən isə televiziyanın baş rejissoru olub. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib. 1994-1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru, 1996-1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru, 2001-2006-cı illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti işləyib.
Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlayıb. O, 1969-1987-ci illərdə onlarla geniş formatlı "Yeni il - Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı dövründə KQB-nin arxivində araşdırmalar apararaq "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlayıb.
Vasif babayev 40-a yaxın sənədli filmin müəllifi və rejissorudur. Həmin filmlərdən "Sahil bağı", "Odlar torpağı", "Qızıl güllər diyarı", "Sovet Azərbaycanı", "Azərbaycan artistlərinin konserti", "Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)", "Azərbaycan təranələri", "Ənənələrə sadiq", "Bakı-Tümen", "Onuncu beşillik, birinci il", "Onuncu beşillik, ikinci il", "Onuncu beşillik, üçüncü il", "Şəki", "Azərbaycan geniş addımlayır", "Onuncu beşillik, dördüncü il", "Xuraman", "Sovet Azərbaycanı, yeni nailiyyətlərə", "Meksika görüşləri", "Onuncu beşillik, beşinci il", "Onbirinci beşillik, birinci il", "Partiyanın canlı sözü", "Sovet Azərbaycanı, yeni uğurlara", "Onbirinci beşillik, ikinci il", "L.İ. Brejnev Bakıda", "Qızıl yamaclar", "Yaxşı yol, Azərbaycan", "Onbirinci beşillik, üçüncü il", "İçərişəhərin əbədi nağılı", "Onbirinci beşillik, dördüncü il", "Həqiqətin anı", "Sovet Azərbaycanı, zaman və insanlar", "Nəbi Xəzri", "Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar", "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin", "Xuraman on il keçmiş", "Quşlar üçün tələ",. "Seçim", "Birlikdə" və "Ot kökü üstə bitər" filmlərinin adlarını çəkmək olar.
Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülüb. 1967-ci ildə Kiyevdə "Prometey-67" zona kinofestivalı, "Sahil bağı" filmi debüt üçün mükafat alıb.
1968-ci ildə Moskvada Birinci Ümumittifaq telefilmlər festivalı, "Sahil bağı" ən yaxşı filmlər sırasında yer tutub.
1968-ci ildə Tbilisidə "Prometey-68" zona kinofestivalı, "Qızıl güllər diyarı" film-reportaj kimi diploma layiq görülüb.
1977-ci ildə Leninqradda Ümumittifaq telefilmlər festivalı, "Sovet Azərbaycanı" sənədli filmi SSRİ Jurnalistlər İttifaqının Prizini alıb.
1978-ci ildə Vladivostokda Ümumittifaq telefilmlər festivalı, "Şəki" filmi Naxodka şəhərinin Prizi ilə təltif edilib.
1979-cu ildə Bakıda Ümumittifaq telefilmlər festivalı, "Xuraman" sənədli filmi Azərbaycan kino tarixində ilk dəfə olaraq "Böyük mükafat (Qran-Pri)", "Azərbaycan iri addımlarla irəliləyir" filmi isə festivalda jürilərin xüsusi mükafatına layiq görülüb.
1985-ci ildə Kiyevdə Ümumittifaq telefilmlər festivalı, "Həqiqətin anı" sənədli filmi diplom alıb.
1978-ci ildə Vladivostokda, 1979-cu ildə Bakıda, 1981-ci ildə Yerevanda, 1983-cü ildə Alma-Atada, 1985-ci ildə Kiyevdə Vasif Babayev Ümumittifaq festivallarında jürinin üzvü olub.
1970-1982-cü illərdə Vasif Hacağa oğlu Babayev Heydər Əliyevin iştirakı ilə keçirilən, demək olar, bütün vacib dövlət və hökümət tədbirlərinin, televiziya verilişlərinin, translyasiyalarının və canlı yayımlanan proqramlarının aparıcı rejissoru olub.
1972-1987-ci illərdə V.Babayev R.Həsənoğlu ilə birlikdə iki ildən bir SSRI Mərkəzi televiziyasından İNTERVİDENİYE sistemi ilə Avropaya yayımlanan iki saatlıq Azərbaycan haqqında proqramlarının müəllifi və rejissoru olub. Həmin proqramlarda Heydər Əliyev iştirak edib. Vasif Babayev Heydər Əliyev haqqında televiziya və kino salnaməsinin yaradıcılarından biridir.
Vasif Hacağa oğlu Babayev 1966-cı ildə həm də Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarını bitirib. 1967-1986-cı n illərdə o, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarstan, Yunanstan, İran, Türkiyə, Malta, İspaniya, Fransa, İtaliya kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb. Vasif müəllim 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. 1973-cü ildən Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvüdür. O, 1977-ci ildə Azərbaycan respublikasının "Əməkdar artisti", 1981 -ci ildə "SSRİ Televiziya və Radio əlaçısı", 1989-cu ildə Azərbaycanın "Xalq artisti" fəxri adlarına layiq görülən ilk Azərbaycan televiziya rejissorudur.
Vasif müəllim 1995-ci ildə "MİR" Dövlətlərarası teleradio şirkəti Azərbaycan nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq "Humay" mükafatı alıb. 1999-cu ildə "Akademik Yusif Məmmədəliyev" medalı ilə təltif edilib. 2000-ci ildən Peşəkar Azərbaycan kinerejissorları gildiyasının üzvüdür.
Vasif Babayev televiziya və kino ilə bağlı yazıları ilə kütləvi informasiya vasitələrində dəfələrlə çıxışlar edib. O, böyük alim, təşkilatçı kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimov haqqında maraqlı film çəkib. Filmin müəllifi və rejissoru Vasif müəllim Kərim Kərimovla görüşlərini həyatının ən unudulmaz günləri kimi qəzet səhifələrində xatırlayır. "Kosmik miqyaslı zəkaya malik şəxsiyyət" - "Azərbaycan ordusu qəzeti" (30.12.2007), "Космическую эру открыл Королёв, но руководил всеми работами Керим Керимов" - "ЭХО" qəzeti (19.01.2008), 1990-cı il məlum yanvar hadisələrinə biganə qalmayan Vasif Babayev başına gələnləri və gördüklərini yaxşı xatırlayır. "Həyatımın ən ağır anlarını yaşadım" - "Azərbaycan" qəzeti (19.01.2005), "Азербайджанская трагедия" - Зеркало" qəziti (19.01.2008), "Qanlı yanvarı xatırlayarkən..." - "Azərbaycan ordusu" qəzeti (19.01.2008), "20 yanvar qürur tariximiz" - "525-ci qəzet" (19.01.2008).
Vasif Babayev görkəmli televiziyonçu Elşad Quliyev haqqında öz fikirlərini də bölüşüb. "Televiziyanın xaç atası - Elşad Quliyev gözlərini yumdu" - "Şərq qəzeti" (28.05.08), "Эльшад Kулиев - телеэпоха" - "Зеркало" qəzeti (05.07.08).
Vasif Babayev televiziya haqqında öz fikirlərini dəfələrlə kütləvi mətbuatda da dərc etdirib. "ЧТО, КТО, когда" - "Молодеж Азербайджана" (29.09.1987), "Bir günün xatirəsi" - "Ədəbiyyat və İncəsənət" qəzeti (26.08.1988), "Mənim siyasətim həftə proqramıdır" - "Azərbaycan" qəzeti (06.05.1993), "MİR bizi dünyaya tanıdır" - "Səhər" qəzeti (21.05.1994), "Mən televiziyanı özümdə tapdım" - "Panorama" qəzeti (22.06.1999), "Əsəbi adamın etirafı" - "Azadlıq" qəzeti (11.04.2000), "Vaxt gələcək televiziyanın girəcəyində mənim və qardaşım Arifin abidəsini qoyacaqlar" - "Məqam" qəzeti (08.09.1999), "Gün keçdi" - "Yeni Müsavat" qəzeti (19.09.1999), "Doqquz filmdən biri "Seçim" - "Xalq" qəzeti (27.08.2000), "Özəl telekanalda televiziya sənətkarlığı çox aşağı səviyyədədir" - "525-ci qəzet" (10.05.2001), "Özəl televiziyaların səviyyəsi aşağıdır" - "Etimad" qəzeti (13.12.2002), "Васифу Бабаеву присвоено звание академика" - "Азербайджанская диаспора" (04.2004), "Yerlimiz akademik adına layiq görüldü" - "Ədalət" qəzeti (17.06.2004), "Аккорды большого пути" - Баку г. (11.05.2006), "Əsgər deyiləm ki" - "Gün qəzeti (16.09.06), Васиф Бабаев: "Сильные режиссеры не берутся за сериалы" - "Эхо" qəzeti (20.12.2006), "Kişinin düşməni olar" - "Ədalət" qəzeti (05.06.2007), "Kinomuzda inkişaf var" - "Kaspi" qəzeti (03.08.2007), "İstedadlı televiziya rejissoru" - "Azərbaycan" qəzeti (19.09.2007), "Elə ssenarilər var ki, onları çəkəcək rejissorları mən hələ görmürəm" - "Xəzər" qəzeti (17.05.2008), "Efırə çiy verilişlər çıxır" - "Həftə içi" qəzeti (06.11.2007), "Televiziya sirli-sehrli bir dünyadır" - "Paritet" qəzeti (08.09.2009).
Vasif Babayevin hazırladığı verilişlər və proqramlar:
"Hər çinardan bir yarpaq", "Görüşlər, xatirələri" silsilə - AzTv.
"Arzular" musiqi poçtu, "Şənbədən Şənbəyə" silsilə - AzTv.
"Mahnı şəhəri gəzir", "Dostluq" konsert studiyası" silsilə - AzTv.
"Nəğməli bağ", "Asiman" silsilə - AzTv.
"Yaradıcılıq portretləri", "Ədəbi Üfuqlər" silsilə - Aztv.
"17-ci mərtəbə", "Şans bazarı" silsilə - Sara Tv.
"Korifeylər", "Arzular, Təbriklər" silsilə - Sara Tv.
"Axşam görüşləri", "Gecə kanalı" silsilə - İnterAz Moskva.
"Şurum Burum", "Rezonans" silsilə - Sara Tv, İnterAz Moskva.
"24 saat", "HƏFTƏ" silsilə - AzTv.
"Dalğa" silsilə - AzTv, "Yeddi gün" silsilə - AzTv, Sara Tv
"Kontakt", "Dedim-Dedi" silsilə - Sara Tv
"Sara-xəbər" silsilə - Sara Tv, "İnter-Diaspora" silsilə - İnterAz. Moskva
Vasif Babayevin filmləri:
Azərbaycan iri addımlarla addımlayır (film, 1979)
Bakı beş dəniz limanıdır (film, 1967)
Əgər bir yerdəyiksə (film, 1975)
Həqiqətin anı (film, 1984)
Xuraman (film, 1978)
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Kərim Kərimov (film, 1988)
Qızılı yamaclar (film, 1982)
Nəbi Xəzri (film, 1987)
Odlar torpağı (film, 1967)
Sahil bağı (film, 1967)
Sovet Azərbaycanı (film, 1972)
Sovet Azərbaycanı (film, 1977)
Şəki (film, 1977)
Zirvə Buludu (1968)
---
Vasif Hacağa oğlu Babayev görkəmli televiziya və kino rejissoru Arif Babayevin kiçik qardaşlarından biridir. O, həm də mənim sevimli, etibarlı, vətənpərvər dostlarımdan biridir. Vasif müəllimi bugünədək hər il doğum günü münasibətilə təbrik etməyimdən qürur duyuram. İndi isə Babayevi Azərbaycan dövlət radiosunun 100, dövlət televiziyasının 70 illik yubileyi qarşısında səmimi qəlbdən təbrik edirəm. Ona ailəsilə birlikdə can sağlığı, uzun ömür və firavan günlər arzulayıram.
❤ © Adil İrşadoğlu Cavanşir (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).
Yazımı yenidən işlədim: 14.09.2026. / 12-00.
Paylaşdım: 03.11.2026. / 13-05.

Hiç yorum yok:
Yorum Gönder