3 Kasım 2026 Salı

9) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA



TARİXİ YAŞADAN SƏNƏT FƏDAİSİ


Onu 1980-ci ildən tanıyıram. O vaxtlar o da, mən də gənc idik. Mən,  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Televiziyasının ən ciddi və məsuliyyətli iş tələb edən Təbliğat-təşviqat Baş Reaksiyasında redaktor vəzifəsində çalışırdım. Baş redaktorumuz rəhmətlik Sabir Xuduş oğlu Rüstəmov, şöbə müdirim isə Seyfullah Hənifə oğlu Cəfərov idi.

Hər bir redaktor və rejissor, eləcə də mən televerilişlər hazırlayanda komitənin kinooperatorlar, işıqçılar, avtomobil xidməti, diktorlar, rəssamlar, musiqiçilər, montajçılar şöbələrinə müraciət edirdik. Veriliş hazırlayan zaman o vaxt fotoqraf işləyən Bəxtiyara da tez-tez işim düşürdü, Bəxtiyar Kamil oğlu Babayevi deyirəm. O, sənətinə və ona müraciət edən hər bir kəsə qarşı çox diqqətli və qayğıkeş idi. Həqiqətən həyatda elə insanlar var ki, onlar unudulmur, çünki izləri qəlblərimizdə, xatirələrimizdə və yaşantılarımızda dərin kök salır. Aramızdan ayrıldıqları zaman yerləri heç cür dolmur, yoxluqları hər zaman hiss olunur.

Azərbaycan Dövlət  Radiosunun 100, Dövlət Televiziyasının 70 illiyi qarşısında bu yazımı isə rəhmətlik və unudulmaz Bəxtiyar Babayevə həsr etmişəm. 

Bəxtiyar Kamil oğlu Babayev 14 noyabr 1956-cı ildə Bakı şəhərində doğulub, boya-başa çatıb. 25 saylı orta məktəbi bitirib. 01.09.1970 ildə 3 saylı texniki peşə məktəbinə daxil olub. 1980-ci ildə Moskva səhərində yerləşən Xalq İncəsənət Universitetinin Fotokino Fakultəsini qiyabi bitirib. 1972-ci ildən 1975-ci ilədək Bakı Mexaniki Təmir Zavodunda fəhlə işləyib. 1975-1977-ci illərdə Xabarovsk şəhərində hərbi xidmətdə olub.

19.07.1977-ci ildən 24.04.1978-ci ilədək Cəfər Cabbarlı adına Azərbaycan Dovlət Teatr Muzeyində fotoqraf işləyib. 24.04.1978-ci ildən 01.03.1984-cü ilədək Azərbaycan Dovlət Xalca Muzeyində çalışıb. 01.03.1981-ci ildən 14.01.1994-cü ilədək Respublika Müəllimlər Evində fotoqraf işləyib. Onun foto üzrə müəllimi Bahadır Cəfərov olub.

Bəxtiyar Kamil oğlu Babayev 1980-ci ildən AzTv-də ştatdankənar müxbir işləməyə başlayıb. O, 1994-cü ildən 15 noyabr 2020-ci ilədək AzTv-də teleoperator kimi fəaliyyət göstərib.

Onun televiziyaya gəlişinin əsas səbəbkarı görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü (2005) Vasif Babayev olub.

Bəxtiyar Babayev teleoperator işləməklə yanaşı "Ekran-Efir" qəzetində də çalışırdı.

O, seçdiyi və sevdiyi peşəsinin vasitəsilə Azərbaycan Milli Televiziyasının adlı-sanlı peşəkarları ilə tanış oldu və onlardan bəhrələnməyə başladı. Kimlər idi bu peşəkarlar? Baş redaktor Sabir Rüstəmov, Seyfulla Cəfərov, Mirəsədulla Qurbanov, Nazim Zeynalov, Vasif Babayev, yazıçı-publisist Nahid Hacıyev, Mailə Muradxanlı, rejissorlar Nazim Rzayev, Kərim Kərimov, Bünyad Məmmədov, Məhərrəm Bədirzadə, Ramiz Həsənoğlu, Ələkbər Kazımovski, Tofiq Zeynalov və digərlər.

Bəxtiyar Babayev teleoperator işləməklə yanaşı, həm də studiyada yeni hazırlanan tamaşa və konsertlərdə fotolar çəkirdi. İndi həmin fotolar qiymətli tarixə çevrilib. Bəxtiyarın zəngin arxivi var. Mən Bəxtiyarı da, onun arxivini də çox yüksək qiymətləndirirəm.

Bəxtiyar, sənin çəkdiyin fotolar yaşananları gözlər önünə sərməklə dünənlə bu günün müqayisəsini aparmaq üçün bizə geniş imkanlar yaradır. Bu mənada, fotoaparatını süngüyə çevirən sənətkar jurnalist, "AZpress.AZ" xəbər saytının rəhbəri, dostum Rasim Sadıqovun və sənin fotoqrafiya sənətinizi tarixin güzgüsü də adlandırmaq olar. Hamı fotoşəkil çəkə bilər, amma hər kəs əsl fotoqrafın gördüyünü görə bilməz. Bəxtiyar, heyf ki, sən bizləri tez tərk etdin, yaradıcılığının ən parlaq dövründə bu dünyadan köçdün, yaradıcılığın yarımçıq qaldı. Hər kəsin sevdiyi unudulmaz insan Allahdan sənə rəhmət diləyirəm. Qəbrin nurla dolsun. Ruhun şad olsun. 


❤️ © Adil İrşadoğlu Cavanşir (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).

Yazımı yenidən işlədim: 15.09.2026. / 11-30.

Paylaşdım: 26.10.2026. / 13-35.


ALLAH NƏYƏ GÖRƏ MƏNİ SİZSİZ QOYDU?




Əziz və unudulmaz bacım Elmira İrşad qızı Əliyeva 

25 oktyabr sənin doğum günün və bizi tərk etməyinin 

5 ay, 23 - cü günüdür...


Allah sənə rəhmət eyləsin. Qəbrin nurla dolsun. Ruhun şad olsun, BACI. Sən mənə həm ATA, həm ANA, həm də QARDAŞ əvəzi idin. Heç bilmirəm Allah nəyə görə məni sizsiz qoydu? Nədən ?! Çətin imtahandır... Dözmək olmur... Yəqin ki, özü bilən məsləhətdir...

Bu foto Bakı şəhərində, səhv etmirəmsə 1982-ci ildə çəkilib. Zaman o zamandır ki, mən həyat yoldaşım Yeganə xanımla 1 il olardı ki ailə qurmuşdum, bacım Elmira isə məndən bir neçə ay sonra yaxın qohumum, dostum İbrahim Mehdi ilə ailə qurmuşdu. Həqiqətən də, zaman sürətlə axıb gedir. Hər bir fəsil, hər il ömür kitabından bir səhifəni arxada qoyur. Keçən illər insanı daha da müdrikləşdirir, xatirələri isə daha dəyərli edir.


25.10.2026. / 14-45.


8) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA

 



AZƏRBAYCANDA "XALQ ARTİSTİ" FƏXRİ ADINA 

LAYİQ GÖRÜLƏN İLK TELEVİZİYA REJİSSORU


Öz sahəsinin kamil ustadları, korifeyləri ilə çiyin-çiyinə çalışmaq və onlarla yaradıcı ünsiyyətdə olmaq hər bir insan üçün əvəzsiz bir şans və böyük bir xoşbəxtlikdir. Korifeylərin illərlə qazandığı təcrübə, iş prinsipləri və hadisələrə yanaşma tərzi gənc nəsil üçün canlı bir dərslikdir. Onların enerjisi, sənətə olan sevgisi və fədakarlığı ətrafdakı hər kəsi daha yaxşı işlər görməyə ruhlandırır. 

Dostlar əgər sizin də həyatınızda belə bir yaradıcılıq ünsiyyəti və ya birgə iş təcrübəsi varsa, bu, gələcək fəaliyyətiniz üçün çox möhkəm bir təməldir! 

Azərbaycan televiziyasının canlı əfsanəsi və televiziya işçiləri üçün məktəb olan ustad rejissor, xalq artisti möhtərəm Vasif Hacağa oğlu Babayev sizin haqqınızda hazırladığım bu rəsmi bioqrafik məlumatı Azərbaycan Dövlət  Radiosunun 100, Dövlət Televiziyasının 70 illiyi qarşısında hədiyyəm olaraq qəbul edin. Sizə can sağlığı, sağlam uzun ömür və uğurlar arzulayıram.


VASİF BABAYEV KİMDİR ? 


O, görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsüdür (2005).

Vasif Hacağa oğlu Babayev 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, rejissor assistenti, rejissor, 1969-cu ildən isə televiziyanın baş rejissoru olub. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib. 1994-1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru, 1996-1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru, 2001-2006-cı illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti işləyib.

Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlayıb. O, 1969-1987-ci illərdə onlarla geniş formatlı "Yeni il - Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.

Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı dövründə KQB-nin arxivində araşdırmalar apararaq "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlayıb. 

Vasif babayev 40-a yaxın sənədli filmin müəllifi və rejissorudur. Həmin filmlərdən "Sahil bağı", "Odlar torpağı", "Qızıl güllər diyarı", "Sovet Azərbaycanı", "Azərbaycan artistlərinin konserti", "Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)", "Azərbaycan təranələri", "Ənənələrə sadiq", "Bakı-Tümen", "Onuncu beşillik, birinci il", "Onuncu beşillik, ikinci il", "Onuncu beşillik, üçüncü il", "Şəki", "Azərbaycan geniş addımlayır", "Onuncu beşillik, dördüncü il", "Xuraman", "Sovet Azərbaycanı, yeni nailiyyətlərə", "Meksika görüşləri", "Onuncu beşillik, beşinci il", "Onbirinci beşillik, birinci il", "Partiyanın canlı sözü", "Sovet Azərbaycanı, yeni uğurlara", "Onbirinci beşillik, ikinci il", "L.İ. Brejnev Bakıda", "Qızıl yamaclar", "Yaxşı yol, Azərbaycan", "Onbirinci beşillik, üçüncü il", "İçərişəhərin əbədi nağılı", "Onbirinci beşillik, dördüncü il", "Həqiqətin anı", "Sovet Azərbaycanı, zaman və insanlar", "Nəbi Xəzri", "Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar", "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin", "Xuraman on il keçmiş", "Quşlar üçün tələ",. "Seçim", "Birlikdə" və "Ot kökü üstə bitər" filmlərinin adlarını çəkmək olar. 

Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülüb. 1967-ci ildə Kiyevdə "Prometey-67" zona kinofestivalı, "Sahil bağı" filmi debüt üçün mükafat alıb.

1968-ci ildə Moskvada Birinci Ümumittifaq telefilmlər festivalı, "Sahil bağı" ən yaxşı filmlər sırasında yer tutub.

1968-ci ildə Tbilisidə "Prometey-68" zona kinofestivalı, "Qızıl güllər diyarı" film-reportaj kimi diploma layiq görülüb.

1977-ci ildə Leninqradda Ümumittifaq telefilmlər festivalı, "Sovet Azərbaycanı" sənədli filmi SSRİ Jurnalistlər İttifaqının Prizini alıb. 

1978-ci ildə Vladivostokda Ümumittifaq telefilmlər festivalı, "Şəki" filmi Naxodka şəhərinin Prizi ilə təltif edilib.

1979-cu ildə Bakıda Ümumittifaq telefilmlər festivalı, "Xuraman" sənədli filmi Azərbaycan kino tarixində ilk dəfə olaraq "Böyük mükafat (Qran-Pri)", "Azərbaycan iri addımlarla irəliləyir" filmi isə festivalda jürilərin xüsusi mükafatına layiq görülüb.

1985-ci ildə Kiyevdə Ümumittifaq telefilmlər festivalı, "Həqiqətin anı" sənədli filmi diplom alıb.

1978-ci ildə Vladivostokda, 1979-cu ildə Bakıda, 1981-ci ildə Yerevanda, 1983-cü ildə Alma-Atada, 1985-ci ildə Kiyevdə Vasif Babayev Ümumittifaq festivallarında jürinin üzvü olub.

1970-1982-cü illərdə Vasif Hacağa oğlu Babayev Heydər Əliyevin iştirakı ilə keçirilən, demək olar, bütün vacib dövlət və hökümət tədbirlərinin, televiziya verilişlərinin, translyasiyalarının və canlı yayımlanan proqramlarının aparıcı rejissoru olub.

1972-1987-ci illərdə V.Babayev R.Həsənoğlu ilə birlikdə iki ildən bir SSRI Mərkəzi televiziyasından İNTERVİDENİYE sistemi ilə Avropaya yayımlanan iki saatlıq Azərbaycan haqqında proqramlarının müəllifi və rejissoru olub. Həmin proqramlarda Heydər Əliyev iştirak edib. Vasif Babayev Heydər Əliyev haqqında  televiziya və kino salnaməsinin yaradıcılarından biridir.

Vasif Hacağa oğlu Babayev 1966-cı ildə həm də Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarını bitirib. 1967-1986-cı n illərdə o, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarstan, Yunanstan, İran, Türkiyə, Malta, İspaniya, Fransa, İtaliya kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb. Vasif müəllim 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. 1973-cü ildən Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvüdür. O, 1977-ci ildə Azərbaycan respublikasının "Əməkdar artisti", 1981 -ci ildə "SSRİ Televiziya və Radio əlaçısı", 1989-cu ildə Azərbaycanın "Xalq artisti" fəxri adlarına layiq görülən ilk Azərbaycan televiziya rejissorudur. 

Vasif müəllim 1995-ci ildə "MİR" Dövlətlərarası teleradio şirkəti Azərbaycan nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq "Humay" mükafatı alıb. 1999-cu ildə "Akademik Yusif Məmmədəliyev" medalı ilə təltif edilib. 2000-ci ildən Peşəkar Azərbaycan kinerejissorları gildiyasının üzvüdür.

Vasif Babayev televiziya və kino ilə bağlı yazıları ilə kütləvi informasiya vasitələrində dəfələrlə çıxışlar edib. O, böyük alim, təşkilatçı kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimov haqqında maraqlı film çəkib. Filmin müəllifi və rejissoru Vasif müəllim Kərim Kərimovla görüşlərini həyatının ən unudulmaz günləri kimi qəzet səhifələrində xatırlayır. "Kosmik miqyaslı zəkaya malik şəxsiyyət" - "Azərbaycan ordusu qəzeti" (30.12.2007), "Космическую эру открыл Королёв, но руководил всеми работами Керим Керимов" - "ЭХО" qəzeti (19.01.2008), 1990-cı il məlum yanvar hadisələrinə biganə qalmayan Vasif Babayev başına gələnləri və gördüklərini yaxşı xatırlayır. "Həyatımın ən ağır anlarını yaşadım" - "Azərbaycan" qəzeti (19.01.2005), "Азербайджанская трагедия" - Зеркало" qəziti (19.01.2008), "Qanlı yanvarı xatırlayarkən..." - "Azərbaycan ordusu" qəzeti (19.01.2008), "20 yanvar qürur tariximiz" - "525-ci qəzet" (19.01.2008). 

Vasif Babayev görkəmli televiziyonçu Elşad Quliyev haqqında öz fikirlərini də bölüşüb. "Televiziyanın xaç atası - Elşad Quliyev gözlərini yumdu" - "Şərq qəzeti" (28.05.08), "Эльшад Kулиев - телеэпоха" - "Зеркало" qəzeti (05.07.08). 

Vasif Babayev televiziya haqqında öz fikirlərini dəfələrlə kütləvi mətbuatda da dərc etdirib. "ЧТО, КТО, когда" - "Молодеж Азербайджана" (29.09.1987), "Bir günün xatirəsi" - "Ədəbiyyat və İncəsənət" qəzeti (26.08.1988), "Mənim siyasətim həftə proqramıdır" - "Azərbaycan" qəzeti (06.05.1993), "MİR bizi dünyaya tanıdır" - "Səhər" qəzeti (21.05.1994), "Mən televiziyanı özümdə tapdım" - "Panorama" qəzeti (22.06.1999), "Əsəbi adamın etirafı" - "Azadlıq" qəzeti (11.04.2000), "Vaxt gələcək televiziyanın girəcəyində mənim və qardaşım Arifin abidəsini qoyacaqlar" - "Məqam" qəzeti (08.09.1999), "Gün keçdi" - "Yeni Müsavat" qəzeti (19.09.1999), "Doqquz filmdən biri "Seçim" - "Xalq" qəzeti (27.08.2000), "Özəl telekanalda televiziya sənətkarlığı çox aşağı səviyyədədir" - "525-ci qəzet" (10.05.2001), "Özəl televiziyaların səviyyəsi aşağıdır" - "Etimad" qəzeti (13.12.2002), "Васифу Бабаеву присвоено звание академика" - "Азербайджанская диаспора" (04.2004), "Yerlimiz akademik adına layiq görüldü" - "Ədalət" qəzeti (17.06.2004), "Аккорды большого пути" - Баку г. (11.05.2006), "Əsgər deyiləm ki" - "Gün qəzeti (16.09.06), Васиф Бабаев: "Сильные режиссеры не берутся за сериалы" - "Эхо" qəzeti (20.12.2006), "Kişinin düşməni olar" - "Ədalət" qəzeti (05.06.2007), "Kinomuzda inkişaf var" - "Kaspi" qəzeti (03.08.2007), "İstedadlı televiziya rejissoru" - "Azərbaycan" qəzeti (19.09.2007), "Elə ssenarilər var ki, onları çəkəcək rejissorları mən hələ görmürəm" - "Xəzər" qəzeti (17.05.2008), "Efırə çiy verilişlər çıxır" - "Həftə içi" qəzeti (06.11.2007), "Televiziya sirli-sehrli bir dünyadır" - "Paritet" qəzeti (08.09.2009).


Vasif Babayevin hazırladığı verilişlər və proqramlar:

"Hər çinardan bir yarpaq", "Görüşlər, xatirələri" silsilə - AzTv.

"Arzular" musiqi poçtu, "Şənbədən Şənbəyə" silsilə - AzTv.

"Mahnı şəhəri gəzir", "Dostluq" konsert studiyası" silsilə - AzTv.

"Nəğməli bağ", "Asiman" silsilə - AzTv.

"Yaradıcılıq portretləri", "Ədəbi Üfuqlər" silsilə - Aztv.

"17-ci mərtəbə", "Şans bazarı" silsilə - Sara Tv.

"Korifeylər", "Arzular, Təbriklər" silsilə - Sara Tv.

"Axşam görüşləri", "Gecə kanalı" silsilə - İnterAz Moskva.

"Şurum Burum", "Rezonans" silsilə - Sara Tv, İnterAz Moskva.

"24 saat", "HƏFTƏ" silsilə - AzTv.

"Dalğa" silsilə - AzTv, "Yeddi gün" silsilə - AzTv, Sara Tv

"Kontakt", "Dedim-Dedi" silsilə - Sara Tv

"Sara-xəbər" silsilə - Sara Tv, "İnter-Diaspora" silsilə - İnterAz. Moskva


Vasif Babayevin filmləri:

Azərbaycan iri addımlarla addımlayır (film, 1979)

Bakı beş dəniz limanıdır (film, 1967)

Əgər bir yerdəyiksə (film, 1975)

Həqiqətin anı (film, 1984)

Xuraman (film, 1978)

İçəri şəhər-əbədi nağıl (film, 1984)

Kərim Kərimov (film, 1988)

Qızılı yamaclar (film, 1982)

Nəbi Xəzri (film, 1987)

Odlar torpağı (film, 1967)

Sahil bağı (film, 1967)

Sovet Azərbaycanı (film, 1972)

Sovet Azərbaycanı (film, 1977)

Şəki (film, 1977)

Zirvə Buludu (1968)

---

Vasif Hacağa oğlu Babayev görkəmli televiziya və kino rejissoru Arif Babayevin kiçik qardaşlarından biridir. O, həm də mənim sevimli, etibarlı, vətənpərvər dostlarımdan biridir. Vasif müəllimi bugünədək hər il doğum günü münasibətilə təbrik etməyimdən qürur duyuram. İndi isə Babayevi Azərbaycan dövlət radiosunun 100, dövlət televiziyasının 70 illik yubileyi qarşısında səmimi qəlbdən təbrik edirəm. Ona ailəsilə birlikdə can sağlığı, uzun ömür və firavan günlər arzulayıram. 


❤ © Adil İrşadoğlu Cavanşir (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).

Yazımı yenidən işlədim: 14.09.2026. / 12-00.

Paylaşdım: 03.11.2026. / 13-05.


7) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA





BELE BİR ŞƏXSİYYƏTLƏ SADƏCƏ SÖHBƏT 

ETMƏK İNSANIN DAXİLİ DÜNYASINI ZƏNGİNLƏŞDİRİR


Korifeylərlə birlikdə işləmək, onlarla yaradıcılıq ünsiyyətində olmaq həqiqətən də böyük xoşbəxtlik və əvəzolunmaz təcrübədir. Bu cür mühit insana həm peşəkar, həm də mənəvi cəhətdən çox şey qazandırır. Belə şəxsiyyətlərlə sadəcə söhbət etmək insanın dünyagörüşünü genişləndirir, daxili aləmini zənginləşdirir.

Möhtərəm Nazim Nadir oğlu Zeynalov, sizin haqqınızda hazırladığım bu rəsmi bioqrafik məlumatı Azərbaycan Dövlət  Radiosunun 100, Dövlət Televiziyasının 70 illiyi qarşısında hədiyyəm olaraq qəbul edin. Sizə can sağlığı, sağlam uzun ömür və uğurlar arzulayıram.


NAZİM NADİR OĞLU ZEYNALOV HAQQINDA RƏSMİ BİOQRAFİK MƏLUMAT


Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Nazim Nadir oğlu Zeynalov 26 oktyabr 1937-ci ildə Bakı şəhərində anadan olub.

Atası, Nadir Mahmud oğlu Zeynalov 1910-cu ildə Şuşa şəhərində hörmətli bir ailədə doğulub. Tanınmış nəslin nümayəndəsi cavan ikən yetim qaldığına görə Azərbaycan xalqının fədakar, xeyirxah liderlərindən biri, rəhmətlik Əziz Əliyev onu öz himayəsinə götürb, ali təhsil verib və ailə qurmasına şərait yaradıb. Həkim ixtisasına yiyələnən Nadir Zeynalov tez bir zamanda yaxşı mütəxəssis kimi özünü göstərib və Azərbaycanın müxtəlif rayonlarında tibbin inkişaf etdirilməsində əlindən gələni əsirgəməyib. 1970-ci ildə dünyasını dəyişib.

Anası, Hökumə Məmmədrahim qızı Zeynalova 1915-ci ildə Bakıda, tanınmış, varlı, xeyirxah tacir ailəsində doğulub. Əvvəlcə rəhmətlik dahi Üzeyir Hacıbəyovdan musiqi təhsili alıb, sonra isə tibb institutunu bitirib. Həyat yoldaşı Nadir Zeynalov ilə çiyin-çiyinə çalışıb və 7 övladını böyüdərək, onların ali təhsil almalarına şərait yaradıb. Hökumə xanım 1982-ci ildə dünyasını dəyişib. 

Atası Nadir  Mahmud oğlu Zeynalov 2-ci dünya müharibəsi illərində Ağdam şəhərində hərbi qospitalın yaradılmasında və fəaliyyət göstərməsində yaxından iştirak edib. Anası Hökumə xanım da həkim olduğundan həyat yoldaşı ilə birlikdə Ağdamdakı həmin hərbi qospitalda çalışıb. 

Balaca Nazimin dünyagörüşü Ağdam şəhərində formalaşıb. Nazim Zeynalov deyir ki, mən hər gün hərbi qospitalda yaralı əsgər və zabitlərimizlə ünsiyyətdə idim. Onlarla dost olmuşdum. Dostlarım mənə dodaq qarmonu və fotoaparat bağışlamışdılar. Həmin hədiyyələr də mənim formalaşmağımda vasitə oldu. Hərbi qospitala incəsənət xadimləri tez-tez gəlirdilər. Onlardan Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, Sara Qədimova, Fatma Mehrəliyeva və başqalarının yaratdığı mühit də məni yetişdirirdi. 7 yaşadək Ağdam şəhərində yaşadım. 

1945-ci ildə valideynlərinin iş yeri dəyişdirildiyinə görə ailə Bakıya köçüb. Nazim 8 yaşında Bakıda orta məktəbin 1-ci sinfinə daxil olub. Ailə bir il Bakıda yaşayandan sonra hakimiyyət yenidən atasının iş yerini dəyişdirib, onu yerlərdə səhiyyəni inkişaf etdirmək üçün Tərtər rayon Səhiyyə Şöbəsinə müdir təyin edib. Nazim 2,3,4-cü ibtidai sinifləri Tərtər şəhərində davam etdirib. Bir müddətdən sonra yenidən atasının iş yerini dəyişiblər. Ailə Bakıya köçməli olur. Nazim 5,6-cı sinifləri Bakıda oxuyur. 

Bir müddətdən sonra Nazim Zeynalovun atası Ağdaş rayon Səhiyyə Şöbəsinə müdir, anası isə Ağdaş rayon Tibb Texnikumuna direktor təyin edilir. Nazim 7,8,9,10-cu sinif təhsilini Maksim Qorki adına Ağdaş rayon Rus orta məktəbində davam etdirir və həmin məktəbi uğurla bitirir. Bu orta məktəbdə oxuyarkən rus klassikləri, foto və kino sənətiylə maraqlanmağa başlayır. Bu mühit isə Nazim Zeynalovu başqa cür formalaşdırır.

Azərbaycan dilini yaxşı bilməməsi, Azərbaycan klassiklərini yaxşı tanımaması Nazimi çox rahatsız edir. Bundan sonra o, bütün gücünü ana dilini öyrənməyə və tanınmış yazıçılarımızın əsərlərini oxumağa başlayır. Tale həmişə insana yardımçı olur. 1955-ci ildə, Nazim orta məktəbi bitirdiyi vaxt Azərbaycan Kinostudiyası "Görüş" bədii filmini çəkirmiş. Nazim kinostudiyaya işlə bağlı müraciət edəndə onu bu filmin çəkilişinə cəlb edirlər. O, burada çox məşhur insanlarla təmasda olur və onlardan yaradıcılığın xırda detallarını öyrənir. Nazim ona tapşırılan işi məsuliyyətlə, vaxtında və səliqəli yerinə yetirdiyinə görə kollektivdə hörmət qazanır. Kinostudiyanın rəhbərliyi onu Moskva Ümumittifaq Kinomotoqrafiya İnstitutuna təhsil almağa göndərir. Ancaq həmin il Azərbaycandan təhsil almağa gələn gənclər üçün ayrılan yerlər Çin Xalq Respublikası gənclərinə verilir.

Xeyli həyat və iş təcrübəsi toplayan Nazim Nadir oğlu Zeynalov 1957-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olmaq üçün sənədlərini təqdim edir və imtahanlarda uğur qazanır. İstedadlı və səriştəli olduğuna görə institutun Aktyorluq Fakültəsinə daxil olur. Görkəmli müəllim, incəsənət xadimi, unudulmaz rejissor Adil İsgəndərov onu öz qrupuna dəvət edir. Adil İsgəndərov tələbələrini institutda oxuduqları müddətdə Azərbaycan Dram Teatrında kütləvi səhnələr aktyoru ştatına qəbul edirmiş. Tələbələr burada təhsil almaqla yanaşı, təcrübə keçir, korifey aktyorlar arasında püxtələşir və mənəvi-estetik inkişaf yolu keçirmişlər.

Nazim Zeynalov Azərbaycan Dövlət Teatr İnstitutu Aktyorluq Fakültəsində ali təhsili başa vuranda 2 (iki) diplom tamaşasında iştirak edib. Diplom tamaşaları  Dövlət Dram Teatrında olub. Tələbə yoldaşları bir rol oynadığı halda Nazim 2 (iki) baş qəhrəman rolunu oynayıb.

1) N.V. Qoqolun məşhur "Müfəttiş" komediyasında Xlestakov rolunu, 

2) Vilyam Şekspirin "Veronalı İki Centilmen" dramında Protey obrazını ifa etmişdir. İki müxtəlif obraz - biri komediya, digəri isə dram. Eyni gündə bu, çox çətindir. Diplom tamaşasından sonra onu Dövlət Dram Teatrında aktyor işləməyə dəvət etmişlər. Lakin... 

Nazim Nadir oğlu Zeynalov 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutu Aktyorluq Fakültəsini uğurla başa vurur.

Görkəmli televiziya və kino rejissoru Arif Hacağa oğlu Babayevin təkidi ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləmək üçün ərizəsini təqdim edir. Maraqlıdır ki, onu doğum günü tarixində - 26 oktyabrda (1961-ci il) Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Uşaq Verilişləri Baş Redaksiyasında rejissor köməkçisi işinə qəbul edirlər. Nazim Zeynalov Azərbaycan Konostudiyasında, Dram Teatrında qazandığı praktik biliyini Televiziyada verilişlər hazırlayarkən tətbiq edir və onu təkmilləşdirir. O, az vaxtda televiziya texnikasını mənimsəyir və müstəqil verilişlər hazırlamağa başlayır.

1) "Bilik" jurnalı

2) "Kamillik" verilişi

3) "Axtaran tapar"

4) "Gəlin, a dostlar"

5) "Sınaq"

6) "Məktəblilərin rəqs salonu" (Bu veriliş 12 il davam edib. Nəticədə Azərbaycanda Xalq Rəqs Studiyaları yaranıb).

7) "Gənclik estradası" (Bu veriliş də uzunömürlü olub. Azərbaycanda instrumental ansamblların yaranmasına təkan verib).

8) "Ekspromt" verilişi (Aparıcısı Çingiz Mustafayev olub).

9) "Telemarafon" - Qarabağa yardım (8 saat canlı verilişin aparıcısı Ələddin Əsədzadə olub).

10) "Telemarafon" - Uşaqlar dünyanın sevincidir ( 8 saat canlı verilişdə Heydər Əliyev iştirak edib. Nazim Zeynalov bu verilişin təşkilatçısı, verilişin pult arxasında rejissoru oub.

Nazim Nadir oğlu Zeynalov Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan jurnalistlik, rejissorluq məktəbinin bənzərsiz və görkəmli nümayəndələrinin qayğısı ilə çox şey öyrənib və özünü daha da təkmilləşdirib. O, dövlət əhəmiyyətli tədbirlərin əksəriyyətinin daimi iştirakçısı, həmin tədbirlərin translyasiya edilməsinin daimi təşkilatçısı və efir rejissoru olub.

7 avqust 1969-cu ildə "Dzerjinski" adına klubda partiya və təsərrüfat fəallarının yığıncağında Heydər Əliyevin ilk canlı çıxışının yayımını -  olduqca məsuliyyətli bir işi gənc rejissor Nazim Zeynalova həvalə ediblər. O, bu imtahandan uğurla çıxdığına görə Heydər Əliyev cənabları Moskvaya işləməyə gedənədək (1980-ci il) onu öz komandasında saxlayıb.

1980-cı ildən 1990-cı ilədək "Yeni il bayram verilişləri"nin ideya rəhbərlərindən, ssenari müəlliflərindən, təşkilatçılarından və quruluşçu rejissorlarından biri də Nazim Zeynalov olub. 

Onun yaradıcılığının son verilişləri aşağıdakılardır :

1) "Gəl səhərim" - 1997 - 2000.

2) "Sən bir nəğmə" - 1998 - 2001.

3) "Bir yerdə olaq" - 1998 - 2002.

4) "Nəğmə dolu ürəklər" - 2002 - 2003.

5) "Ulduzlu gecə" - 2003 - 2004.

Nazim Nadir oğlu Zeynalov bu verilişlərin hamısını öz ssenarisi, təşkilatçılığı və rejissorluğu ilə ərsəyə gətirib. O, Azərbaycan Televiziyasının 50 illiyilə (1956 - 2006) əlaqədar verilişlərin yaradıcı qrupunun bədii rəhbəri olub.

Nazim Zeynalov fədakar əməyinə görə müxtəlif mükafatlara layiq görülüb :

14 fevral 1996-cı ildə Azərbaycan Jurnalist Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə ona "Nailiyyət" Jurnalist Mükafatı, "Kamil Sənətkar" Diplomu təqdim edilib.

30 dekabr 1981-ci ildə Respublikada Televiziyanın inkişafı sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

4 may 1989-cu ildə Respublika Kütləvi İnformasiya Vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti Nazim Nadir oğlu Zeynalovu Fəxri Fərmanla və "Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi" fəxri adıyla  mükafatlandırıb.

Nazim Nadir oğlu Zeynalov 2006-cı ilin dekabr ayında, 70 yaşında əmək pensiyasına göndərilib. Sonra rəhbərlik onu yenidən işə dəvət edib və 2 illik əmək müqaviləsi bağlayıb.

Nazim Nadir oğlu Zeynalov haqqında yazdığım bu avtobioqrafik məqalənin faktlarını onun özündən, şəxsi arxivindəki sənədlərindən, qəzet materiallarından və videolarından əldə etdim.


❤ © Adil İrşadoğlu Cavanşir (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı-Qazi (1988-1996).

Yazımı yenidən işlədim: 12.09.2026. / 12-00.

Paylaşdım: 03.11.2026. / 12-50.


6) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA




 O, MƏNƏ ÇƏTİNLİKLƏRLƏ 

MÜBARİZƏ APARMAĞI ÖYRƏDİB


Görkəmli jurnalist Ələkbər Ərşad oğlu Abbasov da mənim həm müəllimim, həm də ustadım olub. O, həyatımda mənə yol göstərən, mənəvi bələdçilik edən və formalaşmağımda əsas rol oynayan şəxsiyyətdir. Ələkbər Abbasov mənə bu peşənin sirlərini öyrətməklə yanaşı, həm də həyatın çətinliklərinə qarşı necə mübarizə aparmağı da öyrədib.

Ələkbər Ərşad oğlu Abbasov kimi müəllimlər insanın həyatında ən güclü dayaq, yol göstərən bir mayakdırlar. Onlar bizə təkcə elmin sirlərini öyrətmir, həm də gələcəyə doğru addımlayarkən mənəvi güc və istiqamət verirlər. Müəllimlər cəmiyyətin savadlı və dünyagörüşlü fərdlərini yetişdirirlər. Onlar çətin anlarda bizə inanaraq potensialımızı kəşf etməyə kömək edirlər. Dürüstlük, insanlıq və fədakarlıq kimi dəyərləri də onlardan öyrənirik. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında belə deyib: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

 ... Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi "Təbliğat-təşviqat baş redaksiyası"nda kiçik redaktor vəzifəsində çalışırdım. Televiziyanın bu ən böyük baş redaksiyasnın adını xeyli müddətdən sonra dəyişib "İctimai-siyasi proqramlar baş redaksiyası" adlandırdılar. Mən, Televiziyanın "İctimai-siyasi proqramlar baş redaksiyası - Sənaye şöbəsi"nin redaktoru, sonra isə böyük redaktoru çalışarkən Ələkbər Ərşad oğlu Abbasov bizim baş redaksiyanın baş redaktor müavini təyin edildi. Bəxtimiz gətirmişdi, Ələkbər müəllim də işgüzar, səmimi, peşəsinə bələd olan həssas və səriştəli redaktor idi. O, baş redaksiyamızdakı mənim kimi gənc jurnalistlərə qayğı və məhəbbətlə yanaşırdı. Ələkbər müəllim də ağsaqqalımız Seyfulla Cəfərov kimi redaktə zamanı müəlliflərin dil və uslubunu qoruyurdu.  

Ələkbər Abbasov sözündə və işində bütöv, dostluğa sədaqətli, hamıya diqqətli və təvazökar insandır. İndi Hacı Ələkbər Şəhrili'nin 85 yaşı var. Öz sözü, dəsti-xətti və yazıları ilə seçilən Ələkbər Ərşad oğlu Abbasov Azərbaycanın tanınmış və unudulmaz jurnalistidir.

O, 22 sentyabr 1940-cı ildə Bakıda dəmiryolçu ailəsində anadan olub. Atası Ərşad kişinin işi ilə əlaqədar uşaqlığı və yeniyetməliyi Qarabağda, Zəngilan rayonunda keçib. Orada yaşadığı illərdə Qarabağ bölgəsinin mühiti gənc Ələkbərin gələcək həyatında xüsusi rol oynayıb, onun sözə, ədəbiyyata, qəzet və media aləminə marağını daha da artırıb. Ələkbər Abbasov orta məktəbin yeddinci sinfinədək rayonda oxuyub, sonra təhsilini paytaxtda başa vuraraq 1957-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 

O zamandan başlayaraq Ələkbər Abbasov çətin və daim məsuliyyət tələb edən, lakin uzun və maraqlı bir həyat yolu keçib. Peşəkar jurnalistin işi sözə və yazıya bağlıdır və cari mövzuya çevik reaksiya verərək onu vaxtında, düzgün və maraq doğura biləcək səviyyədə oxucuya çatdırmaqdır. Ələkbər müəllim məhz belə qələm sahibi, söz və media mənsublarındandır. Onun özünəməxsus dünyagörüşü, bilik və marağı təkcə ədəbi-bədii mühitlə məhdudlaşmır, o, eyni zamanda tarixi, ictimai-siyasi, texniki informasiya və başqa sahələrlə də maraqlanır, yazır və öz dəsti-xətti ilə jurnalistika elminə böyük töhfələr verir.

Ələkbər müəllim universiteti bitirdikdən sonra əmək fəaliyyətinə “Abşeron” qəzetinin məsul katibi kimi başlayıb. 1963-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə dəvət olunub. 30 il ərzində burada redaktor vəzifəsindən Dövlət Televiziya və Radio Verilişləri şirkəti sədrinin müavini - televiziyanın informasiya və ictimai-siyasi proqramlar studiyasının baş direktoru vəzifəsinə qədər məsul vəzifədə çalışıb.

O, vaxtilə Azərbaycanda ilk telereportyor və keçmiş Sovet İttifaqında ən gənc baş redaktor kimi tanınıb, işləməklə bərabər 1984-cü ildə Moskvada televiziya rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirib.

1993-cü ildən “Dalğa” maarifçilik qəzetinin baş redaktoru, daha sonra o zamanlar fəaliyyət göstərən BMTİ televiziyası baş direktorunun müavini, müstəqil beynəlxalq “Günay” qəzetinin baş redaktoru, 1998-2000-ci illərdə isə ANS Müstəqil Yayım və Mediya Şirkətinin şef-redaktoru vəzifələrində çalışıb. Ələkbər müəllim 2000-ci ildə televiziya nominasiyasında “İlin jurnalisti” elan edilib.

Ələkbər Ərşad oğlu Abbasov Azərbaycan televiziyası və mətbuatındakı məhsuldar fəaliyyətinə görə keçmiş SSRİ-nin medallarına, respublika Jurnalistlər İttifaqının iki “Qızıl Qələm” mükafatına, H.Zərdabi adına mükafata və ən yaxşı televiziya verilişlərinin Ümumittifaq müsabiqəsinin qaliblərindən biri kimi keçmiş SSPİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülüb. Uzun və gərgin əməyi sayəsində 1988-ci ildə Ələkbər müəllim “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adıyla mükafatlandırılıb.

O, iki bədii-publisistik kitabın, yüzlərlə teleradio verilişinin, ayrı-ayrı kitablarda və ölkə mətbuatında çap olunmuş yüzlərlə oçerk, reportaj və publisistik məqalənin müəllifidir. Bir neçə kitabın, o cümlədən televiziyanın nəzəriyyəsi və təcrübəsinə, Azərbaycan neft sənayesinin tarixinə dair sanballı tədqiqat əsərlərinin redaktoru olub.

Ələkbər Abbasov sonra 20 ilə yaxın Azərbaycan neftçilərinin böyük və şanlı ailəsinin üzvü olub. 2000-2011-ci illərdə SOCAR-ın "Məxfi-rejim və hərbi səfərbərlik şöbəsnin rəisi, 2011-2019-cu illərdə isə birinci vitse-prezidentin müşaviri vəzifəsində fəaliyyət göstərib.

Təkrar edirəm, şanlı ömür yolu keçmiş bu qayğıkeş insan, gözəl ailə başçısı Ələkbər Ərşad oğlu Abbasov mənim həm müəllimim, həm də ustadım olub. Müəllim sadəcə dərs keçmir, həm də gələcəyin jurnalistini, həkimini, mühəndisini, əsgərini və rəhbərini yetişdirir. Müəllim elm verməklə yanaşı, şagirdlərinə dürüstlüyü, vətənpərvərliyi və insanlığı aşılayır. Müəllim həqiqətən də hər bir insanın və bütövlükdə cəmiyyətin mənəvi, elmi və intellektual dayağıdır! 


❤️© Adil İrşadoğlu Cavanşir (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı - Qazi (1988-1996).

Yazdım: 18.09.2026. / 11-30. 

Paylaşdım: 03.11.2026. / 12-30.