20 Ağustos 2022 Cumartesi

KEÇMİŞİNİ UNUDAN GƏLƏCƏYİNİ İTİRƏR

 KÜTBEYİN NƏSLİN VAY HALINA

Pənahəli xan Cavanşir


Pənahəli xan 1693-cü ildə İbrahimxəlil ağanın və Qızlarbəyim xanımın ailəsində, Qarabağın Alaqarğu kəndində anadan olub. Mirzə Adıgözəl bəy, Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı oymağından оlmasını yazmaqla qəbul еdir. Mirzə Camal bəy yazır: "Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli еlinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər".

Pənahəli xan və ya Pənahəli xan Cavanşir Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsidir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradıb.

1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşüb və Azərbaycanda xalq azadlıq hərəkatının qələbəsi üçün şərait yaranıb. Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə qədər gedərək onlara kömək göstərib.

Qafqaz müharibəsi tarixinə dair əlamətdar əsərləri ilə tanınan rus general-leytenantı və hərbi tarixçisi Vasili Aleksandroviç Potto qeyd edir ki, Pənah xan İrandan böyük sayda həmyerliləri ilə Vətənə dönə bildi. 1747-ci ildə Qarabağ xanlığını yaratdı və Pənah xan özünü hakim elan etdi. Beləliklə, böyük dövlətin sərhəddində öz müstəqilliyini inadla qoruyan kiçik müstəqil dövlət əmələ gəldi.

Pənahəli xan Şuşa qalasını tikdirməmişdən əvvəl xanlığın təhlükəsizliyini qorumaq üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, Ağdamın 5-6 kilometrliyində Şahbulaq qalasını, Əsgəran qalasını inşa etdirib. Daha sonra sıldırım qayaların başında 1751-ci ildə Şuşa qalasının bünövrəsini qoyub, Qarabağ Xan Sarayını tikdirib. İlk vaxtlar Pənahabad adlandırılan qala, sonralar Şuşa qalası kimi tarixə düşüb.

Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi”. 



Qədim Şuşa şəhəri


Qarabağ xanlığının tədqiqatçıları Pənahəli xanın hakimiyyətə başlamasından az sonra Şuşada sikkəxana inşa etdirməsindən bəhs edirlər. Burada gümüşdən pənahabad pul sikkəsi zərb olunmuşdur. Bu pul həm xanlıq daxilində, həm də digər xanlıqların ərazisində işlənmişdir. Onun dəyəri 18 şahı, 18 qəpik gümüş yaxud 70 qəpik rus mis pulu qiymətində olub. Eyni zamanda, bu pulun təklik və cütlük olmaqla iki növü var imiş. Təklik 15 qəpik, cütlük 30 qəpik hesab olunurmuş.

Qarabağda "xan ərşini" adı ilə bir ölçü miqyası da olub. Bu arşın 5-10 santimetrdən artıq imiş. Çəki daşı olaraq "istil" deyilən ağırlıq ölçüsü də tətbiq edilmişdir. Bu da təxminən 800 qram ağırlığında olub. Həmin çəki daşı haqqında xalq arasında müxtəlif rəvayətlər mövcuddur. Bəziləri onun ağırlığını 600 qram, bəziləri isə 1 kiloqram hesab edirmişlər.

Pənahəli xan Cavanşir hakimiyyəti dövründə Qaradağ, Ərdəbil və Naxçıvan xanlıqlarını da öz təsiri altına almış, Tatev, Sisyan, Qafan, Meğri, Zəngəzur və Qapan mahallarını özünə tabe etməyi bacarmışdır. 


Şuşada xan sarayında məclis


Pənahəli xanın şöhrəti Azərbaycan hakimi Əmiraslan xana da yetişir. Əmiraslan xan vaxt itirmədən Qarabağa gəlir və Pənahəli xanla görüşür. Nadir şahın ölümündən sonra onun qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gəlmişdi. Əmiraslan xan Pənahəli xana Adil şaha tabe olmağı təklif edir. Pənahəli xan təklifi qəbul edir. Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli xana xanlıq rütbəsi fərmanı, eləcə də cəvahiratla bəzədilmiş qılınc və başqa hədiyyələr göndərir. 1748-ci ildə Adil şah öldürülür və Pənahəli xan xanlığı tam müstəqil idarə etməyə başlayır...

...Qacar hakimi Məhəmmədhəsən xan taxt-tac uğrunda rəqibləri ilə mübarizəyə girməzdən əvvəl Şimali Azərbaycanda özünə yeni qüvvələr cəlb edib, sursat əldə etmək qərarına gəlir. Bu məqsədlə o, Azərbaycan xanlarını onun Qarabağa qarşı hərbi yürüşündə iştirak etməyə məcbur etmək istəyib. Lakin yalnız Qaradağ hakimi Kazım xan və Gəncə hakimi Şahverdi xan Məhəmmədhəsən xanın Qarabağ üzərinə yürüşündə iştirak etməyə razılıq veriblər. Digər Azərbaycan xanları isə onun tələbi ilə Muğana hərbi dəstələr göndərəcəklərinə söz versələr də buna əməl etməyiblər. Yalnız qiymətli hədiyyələrlə öz nümayəndələrini buraya göndərməklə kifayətləniblər...

...1757-ci ilin avqustunda Qacar şahı Məhəmmədhəsən xan Qovanlı-Qacar Mazandarandan, Astrabaddan və Gilandan 30 minlik ordu yığaraq Şuşаyа yürüş еdib, Хаtunаrхı аdlаnаn yеrdə düşərgə sаlıb. Məhəmmədhəsən xan 1 ay burada qalıb. Görülən ciddi hazırlıq işlərinə baxmayaraq, o, qalanı ələ keçirə bilməib. Həmçinin Qarabağ əhalisindən ibarət dəstələr düşmənə ağır zərbələr vurmağa başlayıblar. Qacar hakiminin ordusunda fərarilik kütləvi hal alıb. Məhəmmədhəsən xan burada uğur qazana bilmədiyini görərək, geri çəkilib.



Əsgəran qalası

...Məhəmmədhəsən xan Qacar həlak olandan sonra urmiyalı Fətəli xan Əfşar müstəqilləşir və öz gücünü artırmağa başlayır. Cənub xanlıqlarının bir çoxunu özündən asılı vəziyyətə salmağı və hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymağı qərara alır. O, ilk növbədə mühüm strateji əhəmiyyəti olan Qarabağ xanlığını ələ keçirməyə cəhd göstərir. Qarabağa elçilər göndərib Pənahəli xandan ona tabe olmasını tələb edir. Lakin Pənahəli xan Fətəli xanın elçisinə kobud cavab verir.

1759-cu ildə Azərbaycanın cənubunda və İranda ali hakimiyyət uğrunda mübarizənin fəal iştirakçısı olan Urmiya xanı Fətəli xan Əfşar 30 minlik qoşun toplayaraq Qarabağa yürüş edir və Şuşa qalasının yanında düşərgə salır. Öncə bir neçə mahalı ələ keçirir. Pənahəli xana qarşı gizli düşmənçiliyi davam etdirən Çiləbörd və Talış məlikləri Məlik Hatəm və Məlik Usub da Fətəli xanla birləşirlər. Pənahəli xanın müdafiəyə yaxşı hazırlaşdığını və Şuşa qalasının möhkəmliyini görən Fətəli xan, şəhərin altı kilometrliyində - Ballıca və Xocalı çayları arasında istehkam inşa etdirir.

Şəhər əhalisinin güclü müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə qalaya doğru irəliləyirlər. Şuşaya gedən yollar bağlandığı üçün orada azuqə, hərbi-sursat getdikcə azalır və yеni çətinliklər mеydаnа çıхır. Mühаribənin sоn günlərində Urmiya xanlığının döyüşçüləri аrtıq qаlа divаrı ətrаfındа döyüşürlərmiş. Şəhər süqut еtmək təhlükəsi qаrşısındа imiş. Yаrаnmış vəziyyətlə əlаqədаr оlаrаq Pənаhəli хаn Fətəli хаnla sаziş bağlamağa məcbur olur. Pənahəli xan çıxış yolu görmədiyindən tabeçiliyini bildirib oğlu İbrahimxəlil bəyi ona girov kimi verir.


Şuşada yuxarı Gövhər ağa məscidi


...Mərkəzi İranda öz hakimiyyətini xeyli möhkəmləndirən Kərim xan Zənd belə hesab edirmiş ki, Azərbaycan xanlıqlarını tabe etmədən öz mövqeyini kifayət qədər möhkəmləndirə bilməyəcək. Müstəqil siyasət yeridən Azərbaycan xanlarının əksəriyyəti isə Kərim xanın hakimiyyətini qəbul etmək niyyətində olmayıblar. Bu dövrdə Cənubi Azərbaycan xanlıqlarının çoxu Fətəli xan Əfşarın hakimiyyəti altında idi. Fətəli xan Qarabağda olduğu zaman taxt-taca digər iddiaçı Kərim xan Zənd öz qüvvələrini toplayıb İsfahan və Şirazı tutmuşdur.

Kərim xan Zənd güclənəndən sonra Fətəli xana hücum etmiş və Təbriz şəhərini tutmuşdur. Təbriz əhlindən bir neçə nəfəri danışıq üçün Fətəli xanın yanına göndərmişdir. Fətəli xan elçilərə rədd cavabı verərək onları geri qaytarmışdır. Geri çəkilərək möhkəmlənən Fətəli xan Xoya və Urmiyaya xəbər göndərir, möhkəmlənmələrinə göstəriş verir.

Kərim xan Zənd öncə Marağaya hücum edir, oranı ələ keçirir. Şahsevən və Şəqaqi ellərini özünə tabe edir. Kərim xan Mirzə Ələkbər Mollabaşını Fətəli xanın yanına elçi göndərir. Fətəli xan bu dəfə də rədd cavabı verir. Bundan qəzəblənən Kərim xan 1761-ci ilin yay ayında Fətəli xanla Qaraçəmən kəndinin Ucan düzündə qarşılaşır. Gərgin keçən döyüşdə Kərim xan Fətəli xana ağır zərbə vura bilir və Fətəli xan Urmiya qalasına çəkilir.

1762-ci ildə Kərim xan Zənd Pənahəli xana məktub göndərir. Kərim xan Zənd Fətəli xanla mübarizədə onunla müttəfiq olmağı təklif edir. Pənahəli xan Kərim xanın çağırışını cavablayıb, qoşunla Təbrizə yürüş etməyə söz verir. Bu iş üçün 3 ay hazırlıq görür.

1763-cü ilin ortalarında Kərim xanla Pənahəli xanın ordusu görüşür. Fətəli xan qaladan çıxıb, öndə dayanan Kərim xanın dəstəsinə hücum edir. 500 nəfərlik Zənd dəstəsi Fətəli xanın qoşununun mərkəzinə doğru irəliləyir, vuruşurlar. Fətəli xan geri çəkilərək Urmiyaya geri dönür. Döyüşçülər isə mübarizəni dayandırmırlar. Kərim xan Zənd 9 ay müddətinə Urmiya qalasını mühasirəyə alır. Əsir düşən Fətəli xan sfahan yaxınlığında öldürülür. Pənahəli xanın oğlu İbrahimxəlil bəy girovluqdan azad edilir və Qarabağa göndərilir.



İbrahimxəlil xan Cavanşır


Hiyləgər Kərim xan Zənd onun köməyinə gəlmiş Azərbaycan xanlarını - Pənahəli xanı, qaradağlı Kazım xanı, xoylu Şahbaz xanı, naxçıvanlı Hacı xan Kəngərlini, sərablı Əli xan Şəqqaqini qələbəni qeyd etmək üçün Şirazda keçiriləcək şənliklərə dəvət edir. Bu dəvəti qəbul etdirməklə Kərim xan Zənd adı çəkilən şəxsləri Şirazda girov saxlayır və onları özündən asılı edir. 

Şirazda girov vəziyyətində qalan Pənahəli xan 1763-cü ildə vəfat edir. Onun ölümünün səbəbləri və təfərrüatları haqqında tarixi faktlar yoxdur. Ancaq mənbələrdə bununla bağlı bir çox izahlara rast gəlinir. Kərim xan Zəndin göstərişi ilə Pənahəli xanın nəşini Qarabağa göndərirlər. O, Ağdamda dəfn edilir. Pənahəli xandan sonra hakimiyyətə onun böyük oğlu İbrahimxəlil bəy gəlir...

30 ildən sonra Şuşa yenə öz əsl sahibləri tərəfindən düşməndən - ermənilərdən və ruslardan geri alındı. Hadisənin üstündən iki il keçəndən sonra Şuşa xüsusi bir qonağını - Pənahəli xanın nəslindən olan, İspaniyada dünyaya göz açan Məhəmmədəli Əkbərovu qarşıladı. O, Pənahəli xanın iki övladından biri, Mehrəli bəyin nəslindəndir. 21 yaşlı Məhəmmədəli Əkbərov hazırda Madriddə yaşayır və Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alır.

Məhəmmədəli Əkbərovu Azərbaycana, Bakıya, Şuşaya Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu 2-8 avqust tarixində Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün dəvət edib. Bu münasibətlə Azərbaycana dünyanın 50 ölkəsindən 115 gənc azərbaycanlı səfər etdi. Onların hər biri xüsusi seçimlərə qatılaraq düşərgədə iştirak etmək haqqı qazanmışdı. Bir həftə ərzində azərbaycanlı gənclər, eləcə də Məhəmmədəli Əkbərov öz tarixi vətənlərinə gələrək Azərbaycan tarixini və ənənələrini daha yaxından öyrənmiş oldular. 
Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətəni layiqincə təmsil etməli və Azərbaycanın maraqlarını qorumalıdırlar. Onlar ingilis, fransız, alman, ispan və başqa dillərdə Azərbaycanın, Qarabağın həqiqətlərini dünyanın dörd bir tərəfinə çatdırmalıdırlar.

Mənim qeydim, dol­ğunluğu ilə seçilən 
qısa xəbərim və ya mə­qalənin sonunda xüsusi izahım: 


Bütövlükdə Qarabağ, həmçinin Ağdam hər tərəfi tarix olan məkandır. Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan rəhmətlik atam İrşad Əliyev atası Məhəmməd bəy tərəfdən Kərbəlayi Mikayılın nəvəsi və Məhəmmədəli bəyin nəticəsidir. Atamgil 5 uşaq (4-ü oğlan, 1-i qız) olublar. İrşad, Şəfa, İslam, Nadir və Ayna (Uşaq ikən, 5 yaşında rəhmətə gedib).


Atam İrşad Məhəmməd oğlu Əliyev


(Məhəmmədəli bəyin törəmələrinin bir qismi Məhəmmədi, bir qismi isə Əlini özlərinə soyad seçiblər). 

Atam İrşad Əliyev anası Hurizat xanım tərəfdən isə Allahverdioğlu Mehdi bəyin və onun arvadı Əziz xanımın (Axundova) nəvəsidir. Əziz xanım Seyidli oymağının tanınmış insanı 2-ci Abbas bəyin qızı və Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun (1875-1939) əmisi qızıdır. 

Axundovlar nəsli Seyidli oymağının tanınmış bəy nəslidir. Nəsil öz adını Qarabağ xanları İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış Axund Molla Əli adlı məşhur din xadiminin adından almışdır.

Ata nənəm Hurizat xanım tərəfdən ulu babam Allahverdioğlu Mehdi bəyin 6 (altı) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə.



Allahverdioğlu Mehdi bəyin qızı Hurizat nənəm


Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.
 
Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.
 
------

YADDA SAXLA

Pənahəli xan Cavanşirin doğum tarixi: 1693. 
Doğulduğu yer: Qarabağ bəylərbəyliyi, Alaqarğu kəndi.
Vəfat etdiyi tarix: 1763, İran, Şiraz.
Dəfn yeri: Ağdam şəhəri, İmarət qəbiristanlığı.

Övladları: İbrahimxəlil xan, Mehrəli bəy Sarıcalı-Cavanşir.

Nəvələri: Mehdiqulu xan, Ağabəyim ağa, Əbülfət xan Tuti, Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir.
 
Nəvələri: Xurşidbanu Natəvan, Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir, Abbasqulu xan Cavanşir, Ata xan Abraxanov, Nəcəfqulu ağa Cavanşir. 

------

Hazırladı: © Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

Mənimlə əlaqə: adil.irshadoglu@gmail.com

ÖMÜR ÖTÜB GEDİB MƏNDƏN XƏBƏRSİZ...



 © Adil İrşadoğlu.

Bakı, 14.08.2022.


...VƏTƏNLİYƏM, VƏTƏNSİZƏM, BİLMİRƏM NƏYƏM,

VƏTƏN YOXSA, KƏFƏN DƏ YOX, ƏYNİMƏ GEYƏM...

FAMİL MEHDİ.


AĞDAM - HƏR TƏRƏFİ TARİX OLAN MƏKAN...

 


Sarıhacılı - Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir. Qarabağ düzündə yerləşir. 

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.

 

© Adil İrşadoğlu.

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

31.07.2022. / 20-16.


QARABAĞIN QOCALARI


...Heç birinin ürəyinə

Kin-küdurət yaxın gəlməz,

Böyük-kiçik məclislərdə

Bir yol yersiz deyib-gülməz.

Dalda qeybət qıranları,

Gizlin ara vuranları

İnsan sanıb, kişi bilməz

Bu torpağın ucaları -

Qarabağın qocaları...


Famil Mehdi .



QORXURAM

 

... Çətinləşib yaşamaq da, ölmək də.

Bir tikəni iki yerə bölmək də.

Zor zorunan iş başına gəlməkdə,

Haqq-ədalət itib gedir - qorxuram.


Yalan qırtır məclislərin başında,

Çəmin tapıb torpağın da, daşın da.

Günəş yanır üzüyünün qaşında,

Vay, həqiqət itib gedir - qorxuram.


Qaraya ağ, ağa qara deyən çox,

Bir xoş günü göy əskiyə düyən çox.

Yaxşıları yaman deyib söyən çox.

Qədir-qiymət itib gedir - qorxuram.


Gör baxışlar, gülüşlər nə haldadır,

Bilmirsən ki, güc gözdədir, qoldadır.

Həyat səhnə, bütün bəşər roldadır.

Səmimiyyət itib gedir - qorxuram...


Yurdumuzda su yerinə qan axır,

İgidlərin o qan bağrından axır.

Bəs o kimdir, əl cibdə gendən baxır?

Qəzəb-nifrət itib gedir - qorxuram.


Dəvə dəlləklik eləyən zamandı,

Xəlbir ələklik eləyən zamandl,

Qarğa leyləklik eləyən zamandı.

Şeir-sənət itib gedir - qorxuram.


Allah, Allah, üstümüzdə yar ol sən,

Gecə-gündüz bizə havadar ol sən.

Yox, qorxmaram üstümüzdə yar olsan,

Bu ülviyyət itib gedir - qorxuram.


Famil Mehdi.

Ağdam - Bakı.

DOSTLUQ ƏN GÖZƏL İNSANİ HİSSLƏRDƏN BİRİDİR

 Hər adamdan adama 

ürək dostu, qəlb yoldaşı olmaz.


Allah Müstəqil Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 
uşaqlıq dostum, unudulmaz qardaşım Asif Yusif oğlu Məhərrəmova rəhmət eyləsin. 
Qəbri nurla dolsun. Ruhu şad olsun.

...Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm !

VİDEO 


MƏN SİZİNLƏ FƏXR EDİRƏM...


Vaxtilə qurucusu olduğum 

"De Fakto" qəzetində əmək təcrübəsi keçən 

və seçərək işə götürdüyüm jurnalistlərə açıq məktub

---------

Hörmətli Afət xanımın simasında hamınıza salam olsun. 

Afət xanım, Sizə bu qısa məktubu Əvəz Zeynallının "Xural TV"-sində - Milli mətbuatımız niyə "öldürüldü"?! verilişinə baxandan sonra yazmaq qərarına gəldim. Əvvəllər də bu ürək sözümü sizə və vaxtilə sizinlə birlikdə "De Fakto" qəzetinin redaksiyasında əmək təcrübəsi keçəndən sonra seçərək işə götürdüyüm işçilərə çatdırmaq istəmişəm. Ancaq fikrimdən daşınmışam, cavandırlar, həyat təcrübələri azdır, - demişəm. 

İndi isə həmin fikrimdən daşına bilmədim. Siz verilişdə deyirsiniz ki,

"Hər kəsin yolu hardansa keçir. Mən öz payıma deyirəm ki, yazılı mediadan başladım. "Hürriyyət" qəzeti o vaxt ən yaxşı qəzet idi, yüksək tirajla nəşr olunurdu. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru idi. Onu hər kəs tanıyırdı. Onun imzası üçün çoxumuz darıxırıq...Bakı Dövlət Universitetini bitirən kimi mən ora işləməyə getdim. O, bizi elə-belə işə götürmədi, bizi yoxladı... "Hürriyyət" qəzetindən sonra "Yeni Müsavat" qəzetində çalışdım"...



Hörmətli Afət xanım, mənə elə gəlir ki, siz iş ardıcıllığınızı qarışıq saldınız. Siz universitetdən "De Fakto"ya, "De Fakto"dan "Yeni Müsavat"a getmisiniz. Mənim üçün maraqlıdır. Niyə siz və sabiq defaktoçular yeri düşəndə, yazılar yazanda, kanallarda çıxış edəndə vaxtilə populyarlıq qazanmış, 10 min tirajla çap edilmiş qurucusu olduğum "De Fakto" qəzetinin adını yada salmırsınız, həmin redaksiyada işləməyinizin üstündən sükutla keçirsiniz? Mənim gənc jurnalistlərlə birlikdə istehsal etdiyim "De Fakto" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə, axırıncı sayı isə 9 iyul 1997-ci ildə işıq üzü görüb. Qəzetin sonuncu nömrəsində "De Fakto"nun  mini futbol komandasının qalibiyyətindən, Azərbaycan Respublikası Qəzet redaksiyalarının komandaları arasında 1-ci yeri tutmasından və AFFAnın Kubokunu almasından yazılır. Sizdən fərqli olaraq mən yaradıcı komandamı, bu kollektivlə bağlı xatirələri unutmamışam və ölənədək unutmayacağam. 



Sizə xatırladım, hələ sizlər Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində axırıncı kursda oxuyanda mən fakültənin rəhbərliyindən, fakültənin 10 il dalbadal dekanı seçilmiş Akif Rüstəm oğlu Rüstəmovdan icazə aldım, fakültədə sizinlə görüşlər keçirdim və sizin içərinizdən ən layiqlilərini (38 nəfəri) seçib yeni qurulan "De Fakto" qəzetinin redaksiyasına əmək təcrübəsinə dəvət etdim. Demək çirkinlik olmasın, sizlər bir müddət işlədikdən sonra yenə seçim edərək rəsmi şəkildə əmr verib sizləri işə qəbul etdim. Sizlərlə çalışdım, sizlərə qayğı göstərdim, sizlərlə bir masa arxasında oturub çörək kəsdim, nahar etdim, vaxtlı-vaxtında zəhməthaqqınızı verdim. Oğlan işçilərimə tapşırdım ki, bu qızlar sizin bacınızdır, onlardan muğayat olun, qoymayın "Azərbaycan nəşriyyatı"nda digərləri onlara pis gözlə baxsınlar. Mən "De Fakto" qəzetini və tabeliyimdə olan işçiləri öz doğma balam kimi sevmişəm, gənc jurnalistlərə qayğı göstərməkdən həzz almışam. Maşallah, indi onların səs-sorağı mötəbər yerlərdən gəlir. Mən sizinlə fəxr edirəm...



Hörmətlə,

Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.07.2022. (11-00).


2 Haziran 2022 Perşembe

30 Mayıs 2022 Pazartesi

YAXŞILIQ ETMƏK, XEYİRXAH OLMAQ ÖMRÜ UZADIR

 

Lətif Vəlizadə
Şair-publisist

Dostum, çoxlarının xeyirxahı Lətif Niftəli oğlu Vəlizadənin 2022-ci il aprel ayının 5-də 80 yaşı tamam olur. Bu insan sanki Xeyirxahlıq İnstitutudur. O, bacardığı köməyi, yaxşılığı, əl tutmağı başqasından əsirgəməyən insandır... 

...30 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Kaş hamı bizim kimi bir-birinə qarşı diqqətli, mehriban və qayğıkeş olaydı. Lətif müəllimlə münasibətimizin bünövrəsini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyərkən qoymuşuq. Eyni baş redaksiyada - Unudulmaz Sabir Rüstəmovun rəhbərlik etdiyi "Təbliğat Baş Redaksiyası"nda uzun müddət çalışmış və maraqlı, yaddaqalan verilişlər hazırlayıb tamaşaçılara təqdim etmişik. Lətif müəllim həm də ədəbiyyatçıdır. Çoxlu şeir, qəzəl və hekayə müəllifidir. 

Lətif Niftəli oğlu Vəlizadə Füzuli rayonunda anadan olub. 1971-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunu bitirib. 1966-ci ildən müntəzəm olaraq dövrü mətbuatda bədii yazıları ilə çıxış edir. İndiyədək şair-publisist Lətif Vəlizadənin bir neçə şeirlər, poemalar və hekayələr kitabı işıq üzü görüb. Bu kitablarda toplanan yazıların əsas qayəsi ülvi məhəbbət, Vətən torpağına sevgi, dövlətimizin və xalqımızın gələcəyinə böyük inam hissi təşkil edir. 

***

Mən fidanam, yerdən qüvvət alacam,
Söykənəcək bu dağlara kürəyim.
Baxışlarım bu çöllərdə qalacaq, 
Vəsf edəcək bu dünyanı ürəyim.

Arzularım milyon ildir doğulub,
Fərqi yoxdur, yaşasam da harda mən.
Bircə dəstə çiçək olub, gül olub, 
Bitəcəyəm bu torpaqda yenidən.

***

Mənə elə gəlir ki, insan psixologiyasından baş çıxaran hər hansı bir rəssam şairin şeirlərini oxuduqdan sonra onun şəxsi portretini  asanlıqla yarada bilər. 

Şərq  poeziyasında, o cümlədən klassik Azərbaycan poeziyasında populyar olan əruz vəznində şeir, qəzəl yazmaq şərəfli olduğu qədər də çətindir. Lakin bu çətinlik Lətif Vəlizadəni qorxutmur, əksinə, o, cəsarətlə əruz vəzninə müraciət edir və bu vəzndə bir-birindən yaddaqalan qəzəllər yazır.

***

Həyatım, Kainatım, toy-büsatım, nazlı mələk,
Dünya cənnət görünə, - mənə sənsiz nə gərək !

Mənə sənsiz nə gərək can evimin bağ-baharı, 
Sən o cənnətdə bitən daima tər, tazə çiçək.

Daima tazə çiçək, ətrinə qərq olmadayam, 
Yoxsa vallahi sinəm parçalanar, dözməz ürək.

Əriyər, dözməz ürək, şəfa tapmam, sənsiz ey gül, 
Gəzərəm o bağçanı daima mən sərsəritək.

Daima sərsəritək ardın ilə hey gəzərəm,
Razıyam kölgən olum, əl götürüb, üzmə ətək.

Gəl məndən üzmə ətək, yer üzünə nur saçanım,
Təki sən bu Lətifə daima ol arxa-kömək.

***

Lətif Vəlizadənin yaradıcılığında nəsr janrı da özünəməxsus yer tutur. Xüsusilə o, nəsrin ən çətin sahəsi olan hekayə janrında çox uğurla inamlı addımlar atır. Onun "Umid", "Qoca", "Yol ayrıcında" hekayələri diqqəti xüsusilə cəlb edir. Lətif Vəlizadə gördüyü hadisələri mənalandıraraq qələmə almağı bacaran sənətkardır.

Əziz və hörmətli dostum Lətif Vəlizadə sən çox güclü insansan. Güclü insan olmaq həm də xeyirxah olmaq deməkdir. Bu vaxtadək həyatını necə yaşamısansa elə də davam et. 80 yaşın mübarək. Bu münasibətlə səni öz adımdan, ailəm adından səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki, varsan. Sənə yeni yaradıcılıq uğurları arzulayıram. 


Hörmətlə, 
Adil İrşadoğlu (Əliyev).
04.04.2022. / 01-00.


27 Şubat 2022 Pazar

GÖZÜMÜN AĞI-QARASI BİRCƏ QARDAŞIM...



Oqtay İrşad oğlu Əliyev

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.

Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatmaq istədilər. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmədilər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına inanırdım. Ancaq bu cinayətkarlar öz layiqli cəzalarını hələ almayıblar, alacaqlarına ümid edirəm. Bunun üçün Azərbaycanın beynəlxalq birliyin köməyinə ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. Gözümün ağı-qarası, məndən kiçik qardaşım Oqtay İrşad oğlu Əliyev 2006-cı ilin 27 fevralında, 45 yaşında iş başında vəfat etdi. O vaxtdan tək qanadla qalmışam.

 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında iş başında şəhid olub. Allah rəhmət eləsin !


ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN ! AMİN ...


Adil İrşadoğlu (Əliyev).

27.02.2022.


3 Şubat 2022 Perşembe

© Adil Irshadoqlu / İLLƏR SAÇLARIMA DÜZÜLÜB DƏN-DƏN...

 Əziz qazilər, möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO "Qarabağ Qaziləri" və "Vətən Müharibəsi Əlilləri" ictimai birliklərinin öz qərargahlarında  televiziya və qəzet jurnalisti Adil İrşadoğlunun 65 illiyi münasibətilə keçirdikləri tədbirdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...



© Adil Irshadoqlu / AĞAC ƏKƏCƏKDİM, BAĞ SALACAQDIM...

Möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO Azərbaycan Mətbuat Şurası və Şuranın nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin televiziya və qəzet jurnalisti Adil İrşadoğlunun 65 illiyi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mərasimdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...


16 Aralık 2021 Perşembe

O, SÖZÜNÜN ÜSTÜNDƏ DURAN İNSANDIR


 

Adil İRŞADOĞLU mənim üçün sıradan adi bir dost, peşəkar bir jurnalist deyil və mən onu yalnız bir dost olduğu üçün sevmirəm, ən əsası Adil öz mövqeyi, öz fikri, düşüncəsi, öz yolu olan, vətənini, torpağını bütün varlığı ilə sevən bir vətəndaşdır. Gözəl insan və böyük şəxsiyyətdir. Olduqca cəsarətli, qorxmaz, mübariz, qorxunun gözünə dik baxmağı bacaran, fədakar bir isandır. Mən heç vaxt dostlar haqqında layiq olduğu tərifli sözləri deməkdən çəkinməmişəm, qısqanmamışam. Əksinə, həqiqəti deməkdən zövq almışam. Bu mənada Adil İRŞADOĞLU həsəd aparılası bir insandır. O, çox sadə, mehriban, təvazökar, insanlara yaxşılıq etməkdən zövq alan və bunu özünün borcu hesab edən bir kişidir. 

O vaxt Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 2 mindən çox adam işləyirdi. Mən burda heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma orda Adil bəy kimi barmaqla sayılacaq işçilərin sayı 5-6 nəfər olardı. Mənfur ermənilər torpaqlarımıza göz dikən gündən Adilin rahatlığı pozuldu. Rahat, isti kabinetdə oturub işləmək istəmirdi. Bunu şəninə, qeyrətinə sığışdırmırdı. Cəbhəyə getmək, qaynar bölgələrdə, döyüşçülər arasında olmaq, canlı verilişlər, reportajlar hazırlamaq istəyirdi. Buna görə də könüllü olaraq öz ərizəsi ilə uzun müddətə mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa və müharibə gedən ətraf rayonlara ezam olundu. Dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəldi, amma qorxmadı, çəkinmədi, bu cür dəhşətli səhnələr onun mübarizə əzmini qıra bilmədi. İki dəfə çəkiliş qrupunun üzvləri ilə birlikdə ermənil - rus birləşmələrinin mühasirəsinə düşdü, qəhrəman döyüşçülərimizin ciddi səyi nəticəsində azad olundu, amma yenə də öz inadından dönmədi. Mən bir neçə il əvvəl bu gözəl insan, görkəmli və fədakar jurnalist haqqında kitab yazmaq istəmişəm. Müəyyən səbəblərdən alınmayıb. Sağlıq olsun, düşünürəm ki, inşallah bu istəyimə nail olacağam. 

Adil İRŞADOĞLU nə qədər ağrı-acılar yaşasa da, nə qədər çətinliklərlə üzləşsə də Azərbaycan dövlət televiziya tamaşaçılarını qaynar döyüş bölgələrindən yeni-yeni xəbərlər, verilişlər və reportajlarla tanış edirdi. Düzünü deyim ki, indi Adil İRŞADOĞLU kimi qorxmaz, fədakar, peşəkar jurnalistlər çox azdır. Amma jurnalistlər üçün tikilmiş evləri paylayarkən Adil İRŞADOĞLU "yada düşmədi". Sonda onun haqqını yeyənlər öz layiqli cəzalarıını aldılar. İndi torpaqlarımızın işğaldan azad olunmasından bir il keçir. Bu münasibətlə sevinməyə daha çox haqqı olan Adil bəyi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.


Hörmətlə, 

Nizami Təhməzov.

Bakı, 10.11.2021. / 19-00.

1 Kasım 2021 Pazartesi

"SƏMİMİ SÖHBƏT"İN QONAĞI JURNALİST ADİL İRŞADOĞLUDUR

 Bu gün - 01.11.2021-ci il tarixində tanınmış yazar Təranə Məmməd Facebook profilində "Səmimi söhbət" layihəsinə tanınmış jurnalist Adil İrşadoğlunu qonaq çağırıb. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirik.


Sual 1:

- Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününüz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz?

Cavab:

- Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya - Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın.

Sual 2:

- Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi?

Cavab:

- Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir.

Sual 3: 

- Dostumuz və sevimli şairimiz  Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim"... Bu sözlər sizə nə dərəcədə aiddir?

Cavab:

- Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb... Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim" şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir : 

MƏN DÜNYANI DUYAN GÜNDƏN

Mən dünyanı duyan gündən

Taleyimə biçilmədim.

Böyük-kiçik şahiddir ki,

Böyümədim, kiçilmədim.

Yenə qaldım mənliyimdə -

Yeyilmədim, içilmədim.

Nə yaxşı ki, "pay verilən

Qismətimlə" ölçülmədim.

Özgə qismət qismətimmiş -

Bu fürsəti keçirmədim.

Ürəyimin yanğısını 

Boş günlərə içirmədim.

Dünya mənə çox yalvardı,

Ürəyimə köçürmədim...

Sual 4:

- Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi... Nələr düşür yadınıza?

Cavab: 

- Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, "Armudun dibi". Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, ...Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. "Armudun dibi"ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm...   Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü.

Sual 5:

- Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə?

Cavab:

- Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə  çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam.

Sual 6:

- Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız?

Cavab:

- Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin ‎layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı - "Hünər" verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız-acısız uzun ömür qismət eyləsin.

Sual 7:

- Adil müəllim,  qardaşınız - təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi?

Cavab:

- Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu... Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı. 

Sual 8:

- 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız?

Cavab:

- Mən bu 30 il heç yaşamadım ki... Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi: 

"Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.

Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.

Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var".  

Sual 9:

- Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz?

Cavab:

- Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki... Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun.

Sual 10:

- Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz?

Cavab:

- Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim.

Sual 11:

- Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz?

Cavab:

- Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər...

Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki... Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub?

Sual 12:

- Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda?

Cavab:

- 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm:

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Bir ovçu gördüm,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.


Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Sözlər və musiqi: Cəfər Cabbarlı.

Nota köçürən: Əfrasiyab Bədəlbəyli.

İfaçısı: Səxavət Məmmədov.


Sual 13:

- Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır?

Cavab:

- Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır.

Sual 14:

- Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz?

Cavab:

- Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.

Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.

Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.  

Sual 15:

- Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı?

Cavab:

- Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün  insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.

Sual 16:

- Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi?

Cavab:

- Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib...

Sual 17:

- Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz?

Cavab:

- Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, "yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. 

...İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.

...Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur". 

Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm. 

Sual 18:

- Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm.

Cavab:

- İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin - rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun.

Sual 19:

- Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı?

Cavab:

- Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq. 


Hazırladı: Təranə Məmməd.

Bakı, 01.11.2021. / 01-00.

24 Eylül 2021 Cuma

ONUNLA AĞDAMDAN TANIŞIQ



"BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN 

BİR GÜN AMANSIZCA İNTİQAMI VAR"! 

1-ci Qarabağ Müharibəsinin iştirakçısı və şəhid atası Hacı Əkbər Rüstəmovun döyüş gündəliyindən... 


Onunla Ağdamdan tanışıq... 

1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik... 

O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi. 

Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin "Zaman"qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz.  Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi - Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !



Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi...

Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır. O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir. 


Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :

<< Bu gün şəhid verən Azərbaycanın 

     Bir gün amansızca intiqamı var >>!


Sözüm həm də ondadır ki, Azərbaycan nəhayət amansız intiqamını aldı ! 

Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !


Hacı Əkbər,

Həmişə əsgər.

27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.



21 Eylül 2021 Salı

İSTƏYİRSİZ İNANIN, İSTƏYİRSİZ İNANMAYIN...


Adil İrşadoğlu


1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etmişdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər. Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Faiq Qara oğlu Əliyev, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları...

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 4 şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər... Məni borclu çıxarıb zorla 3 yazdılar... Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş... Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum... Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 67 yaşıma... 

Sonra :

 ✔ Ulu babalarımdan və nənələrimdən mənə miras qalan Qarabağımı əlimdən aldılar.

 ✔ Soydaşlarımı, qohum-əqrabamı yurd-yuvasından didərgin saldılar. Məni onların üzünə həsrət qoydular.

 ✔ Atamdan və anamdan miras qalan ev-eşiyimi dağıtdılar, məni gorgahlarımı ziyarət etməyə qoymadılar. Bundan da ağır dərd olar?

 ✔ Dünyanın ən ağır dərdini çiyinlərimə alıb daşıyıram...

 ✔ Haqq-ədalət dediyiniz budur?

 ✔ Mən haqqıma girib yolumu kəsənləri qınayıram, bağışlamıram.

 ✔ Mən haqqımı oğurlayıb başqasına satanı lənətləyirəm.

 ✔ Nə edəsən taleyin bu oyunu qarşısında?

 ✔ “Allah insanı azad yaratmışdır”, dedikləriniz budurmu?!

 ✔ Məgər mən azadam?

İstəyirsiz inanın, istəyirsiz inanmayın. Mən Vətənimi, Dövlətimi, Xalqımı və Millətimi səmimi qəlbdən dəlicəsinə sevən bir insanam. Bunu dövlətin ali müəssisəsində işlədiyim vaxtlarda və işləmədiyim vaxtlarda dəfələrlə sübut etmişəm, canımı, səhhətimi qurban vermişəm. Ancaq buvaxtadək nə vətənim, nə dövlətim, nə xalqım, nə də millətim bir azca da olsa məni sevmədi, mənə dəyər vermədi...

Özümə söz vermişəm usanmayacam, ruhdan düşməyəcəm, yazıb-yaradacam, sınmayacam, ürəyimdəki arzularıma qovuşmaq üçün 67 yaşımdan sonra da mübarizə aparacam. Təki Allah məni sevsin. Təki Allah köməyim olsun. Təki Allah mükafatlandırsın. Amin.


Adil İrşadoğlu (Əliyev).

Bakı, 02.08.2020. / 11-00.

Ardı olacaq...


3 Eylül 2021 Cuma

ARKADAŞ, YURDUMA ALÇAKLARI UĞRATMA SAKIN !

QORXMA EY BÖYÜK TÜRK ALÇAKLARDAN !




Məhmәd Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır.


Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür.

Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir. 


* Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir.