17 Kasım 2022 Perşembe

TURAN ELİNƏ AĞIR İTKİ ÜZ VERDİ



İxtiyar Əlibala oğlu Şirin

2022-ci ilin Noyabr ayının 14-dən 15-nə keçən gecə 50 ildir dostluq etdiyim imanlı, ədalətli, sədaqətli, mehriban, səmimi, təvazökar, sevimli insan İxtiyar Şirinlə bağlı eşitdiyim acı xəbər məni çox üzdü. Hələ də özümə gələ bilmirəm. O, uzun müddət idi ki, ciddi xəstəlikdən əziyyət çəkirdi.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.

İ.Ə.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

Həqiqətən Azərbaycana və Azərbaycan xalqına ağır itki üz verdi. İxtiyar Əlibala oğlu Şirinov deyirdi ki, vətəndaşlarımızın hüquq və azadlıqlarını qorumaq hər bir siyasətçinin vəzifəsidir. Siyasətçi öz vətəninin mənafeyini daim müdafiə etməlidir...

 Vətənimiz öz ləyaqətli oğlunu, unudulmaz şəxsiyyətini itirdi. Heyf... Allah rəhmət eyləsin. Məkanı cənnət olsun. İxtiyar bəyin ailəsinə, doğmalarına, qohumlarına və dostlarına öz adımdan, ailəm adından dərin hüznlə başsağlığı verirəm. Əlvida qardaş. O dünyada görüşənədək !


Adil İrşadoğlu (Əliyev).

Bakı, 15 noyabr 2022.


10 Kasım 2022 Perşembe

SÖZÜN TABLOSU - MUSTAFA ÇƏMƏNLİ YAZIR...

Mustafa Çəmənli 


Ömrümün 40 ildən çoxu nəşriyyatlarda keçib. Bu 40 ildə çox kitabların redaktoru olmuşam. Sayını belə unutmuşam. Duman çəmənliyə necə hopursa, mənim də ömrümün anları redaktoru olduğum kitabların səhifələrinə eləcə hopubdur. 

Redaktoru olduğum  sonuncu kitab görkəmli şairimiz Ramiz Məmmədzadənin "Bir ömürdü, o da keçdi beləcə..." kitabıdır. Ramiz Məmmədzadə sözün qədrini, çəkisini, dəyərini bilən, onu daim urvatlı tutan şairdir. Ramiz müəllimin "Bir ömürdü, o da keçdi beləcə..." kitabında toplanmış şeirlərini, bədii publisistik məqalə və esselərini oxuyanda onun şair ömrünün heç də bəhrəsiz olmadığını, yaradıcı duyğularla keçdiyini gördüm. Öz sözü ilə desək, mənzərə daha aydın olar:

İşıq umdum hər açılan səhərdən, 

Arxasınca ha yüyürdüm, ha qaçdım.

Kimsə məni aşıranda yəhərdən,

Mən əl atıb üzəngidən yapışdım.

Bir ömürdü,

O da keçdi beləcə...


Dağa baxdım papaq düşdü başımdan,

Fəqət yenə dayanmadım, yeridim...

Neçə atlı çapıb keçdi qarşımdan,

Mən bu yolda suya döndüm, əridim...

Bir ömürdü,

O da keçdi beləcə...



Ramiz Məmmədzadə 

 Şairin sözlə çəkdiyi tablonu göz önünə gətirdinizmi? Ramiz Məmmədzadə vətəndaş şairdir. Mən bu sətirləri yazarkən xəyalən 1990-cı ilə qayıtdım. Elə bildim Dağüstü parkdayam, 20 Yanvar şəhidlərini anmağa gələnlərə Ramiz Məmmədzadənin kiçikhəcmli, lakin kədər, qürur dolu "O gecə" kitabını paylayırdılar. Yadımdadı, "O gecə" poeması 1990-cı ildə "Gənclik" nəşriyyatında 100 min tirajla çap edilmişdi. O da yadımdadır ki, Ramiz Məmmədzadə ona çatası qələm haqqını Şəhidlər xiyabanının tikinti fondunun hesabına köçürtmüşdü. 

"Bir ömürdü, o da keçdi beləcə..." deyən şair kitabında toplanmış şeirlərində, publisistikasında kimləri anmayıb, kimləri yada salmayıb. "Ağdamın baməzə adamları" silsiləsindən oxuduğum şeirlər gözəgörünməz mələklər kimi məni Ağdamlı günlərə qaytardı. Ağdamlıların yaxşı tanıdığı - unudulmaz ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Şeyx Şəban", "Haqq Mövcud" hekayələrinin qəhrəmanları kimi koloritli, sadə, səmimi insanları - "Dəli" Dilbəri, Uzun Əbişi, Forslu Rəşidi, Poto Çərkəzi, Xasay kişini, Dəmirçi Şəmili, Faytonçu Çərkəzi bir daha görüb seyr etdim. Erməni faşistlərinin Ağdamı işğal edərkən yurdundan, doğma mühitindən perik saldığı bu insanların xarakterik xüsusiyyətləri Ramiz müəllimin silsilə şeirlərində əbədiləşibdir. Bu silsilə şeirlərdə o insanlar doğma şəhərlərində, öz yurd-yuvalarındadırlar. 

"Bir ömürdü, o da keçdi beləcə..." torpağını, yurdunu, Vətənini canından artıq sevən vətəndaş şairin məhəbbətinin, nisgilinin, nigarançılığının, ümidinin müasirlərinə, gələcək nəsillərə ünvanladığı ismarıcların dəyərli toplusudur. 

Budur, neçənci dəfədir kitabını vərəqləyirəm, bəzi səhifələri təkrar oxuyuram: "Bahar fəsli qəfil çiçəklənmiş ağac görəndə keçirdiyim hissi keçirirəm". Bu sətirləri oxuyanda sanki mən də bahara qovuşdum. Xəyalımda Ramiz Məmmədzadənin səsi canlandı:

"Hanı torpağım, anam Qarabağım? Hanı Şuşam, hanı Ağdamım, hanı küçəm, hanı ata evim, hanı oxuduğum 1 nömrəli məktəb, hanı qohum-qardaşım, hanı bağlar, bağçalar, hanı babam, nənəm uyuyan Qarağacı qəbiristanlığı, hanı göylərə qalxan Ağdam - Şuşa - Laçın yolları? Ha boylanıram, ha baxıram, görə bilmirəm".

Siz bu sətirlərdəki səssiz qəlb hıçqırtılarını eşidirsinizmi? Sizi bilmirəm, mən eşidirəm. Bu sətirləri yazanın qəlb çırpıntılarını duymadan oxumaq olarmı? "Ağdam - ruhum, canım, arxam, həyanım, ümid yerim, beşiyim, məzarım" deyən Ramiz Məmmədzadənin zahirən sərt görünən surətinin arxasında incə bir ürəyin döyüntüsünü görməmək insafsızlıq olar. Ağdam işğaldan azad olunandan sonra: "Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam" deyən Ramiz müəllimin bu arzusu 28 il doğma yurdun həsrəti ilə yaşayan hər bir ağdamlının istəyinin ifadəsi deyilmi?! 

Ramiz Məmmədzadənin 272 səhifəlik kitabında onun poetik ruhunun zərifliyinin ifadəsi olan çeşidli, rəngarəng şeirləri, pafosdan, şişirtmədən uzaq xatirələri ilə yanaşı, akademik Rafiq Əliyevə, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğluna, Xalq yazıçısı Elçinə, Xalq şairi Vahid Əzizə, yazıçı-jurnalist Rafiq Hacıyevə, filologiya elmləri namizədi, el ağsaqqalı Sadıq Murtuzayevə, millət vəkili Aqil Abbasa, şair-dramaturq Ramiq Muxtara, dostu Dilafətə  ünvanladığı ədəbi məktublarında, vida esselərində qələmdaşlarının yaradıcılıqlarına, şəxsiyyətlərinə sayğı dolu fikir və mülahizələri ilə tanış oluruq.

"Bir ömürdü, o da keçdi beləcə..." kitabını həm də Ramiz Məmmədzadənin ömür kitabı adlandırmaq olar. Şair "Unudulmazım" adlı xatirəsində dünyasını vaxtsız dəyişmiş ömür-gün yoldaşı Həqiqət xanımla tanışlığından, onunla ailə qurmağından, oğul-qız valideyni olmaqlarından, xanımını əbədi itirdiyi o ağır gündən söz açaraq yazır: "1993-cü ilin qışında dünya sökülüb dağıldı. Yer, göy bir-birinə qarışdı...

Həqiqət son günləri ilə çırpınırdı... Həmin ilin qarşıdan gələn yaz aylarında unudulmaz Həqiqətin 53, Firuzə qızımızın 13 yaşı tamam olacaqdı..."  

Bu sadə, amma kədərli sətirləri oxuyub duyğulanmışdım. Telefon açıb, qəm yemə, Ramiz müəllim, qəzavü-qədərdən kim qaça bilib ki, demək istəyirdim. 

Həmişə nikbin ovqatda gördüyüm Ramiz müəllim atası Yaqub Məmmədovun 18 fevral 1943-cü ildə Rusiyanın Oryol vilayətində həlak olması xəbərini eşidəndə 12 yaşında olub. Çox sonralar bilib ki, leytenant rütbəsi daşıyan atası 74-cü atıcı alayın siyasi hissə üzrə komandir müavini olub. 12 yaşlı yeniyetmə üçün 34 yaşlı atanı itirməyin nə demək olduğunu yəqin ki, təsəvvür etmək çətin olmaz. 22 yaşında ərini itirmiş Zəhra xanım bir daha ailə qurmamış, min bir zəhmətlə körpələrini böyütmüşdür. Faşist xislətli ermənilər Ağdamı işğal etdikdən sonra Zəhra xanım da Bakıda köçkün həyatı yaşamışdı. Min təəssüf ki, minlərlə köçkün kimi Zəhra anaya da Qarabağın işğaldan azad olduğu mübarək günü görmək qismət olmadı. 2003-cü ildə Bakıda haqqa qovuşdu. Anasının keşməkeşli həyatını yana-yana xatırlayan Ramiz Məmmədzadənin aşağıdakı sətirlərindən təsirlənməmək olmur: 

"Ah, yazıq anam, müdrik anam, birinci sinfə belə getməyən bilikli anam, ruhun sevinsin, indi Ağdama, evimizə, küçəmizə qayıdırıq... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı..." 

Beləcə, həyatın hər üzünü görmüş Ramiz Məmmədzadə öz gücünə, xeyirxah adamların sayəsində ali təhsil almış, uzun illər Mərkəzi Komitə və Nazirlər Kabinetində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maarif evində məsul vəzifələrdə çalışmışdır. 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını hamı kimi Ramiz Məmmədzadə də böyük sevinc, qürur hissi ilə qarşılamışdır. Kitabında dərc etdiyi "Ağdamda evimiz" məqaləsində yazır:

"O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...

Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...

Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni". 

"Bir ömürdü, o da keçdi beləcə..." kitabı haqda bu kiçik təəssüratımı müəllifin öz poetik pıçıltıları ilə bitirmək istəyirəm:

Gilas əkdim,

sığal çəkdim başına, 

Çata ömrüm nola gilas yaşına...

Nə yaxşı ki sən çıxmısan qarşıma,

Sənin bəxtin mən özüməm, bilsənə,

Gilas vaxtı durub bizə gəlsənə.


4 yanvar 2022-ci il

6 Kasım 2022 Pazar

ADİL İRŞADOĞLU / BOZ QURD AİLƏSİ MEŞƏDƏ ƏN NÜMUNƏVİ AİLƏ SAYILIR




...Arxeoloqların və təbiətşünasların yazdığına görə insanın qurdla birgəyaşayışının vaxtı 14 min il əvvələ gedib çıxır. Canavarlar ən çox 20 il ömür sürərlər. Dişi qurdun bədənində dölü 60 günə yetişib dünyaya gələr. Bala qurdun gözləri 12 günə açılar. 20-ci günü isə iybilmə xüsusiyyəti gələr. Elə ki burnuna qoxu dəydi, 21-ci günü yuvasından çıxar yavru qurd balaları. 12 həftə tamam oldumu, anasından və ata qurddan ovlamaq öyrənərlər. Qurd ailəsi meşədə ən nümunəvi ailə sayılar. Onlar qış fəslini sürü halında yaşayar, yazda isə kiçik qruplar halında ətrafa yayılarlar.

Yaxşı, bəs görəsən türk insanının meşələrin müdriki olan bozqurda bu qədər sevgisinin mənbəyi haradan gəlir!? Biz dünyanın nə əvvəlini, nə də sonunu bilərik. Lakin günümüzə qədər gəlib çıxan mənbələrdə var olan, güclü olan türk qəhrəmanlarının hər birinin əfsanəsində bir qurd, göy qurd, boz qurddan törəmə obrazı vardır. Bu artıq türk milli şüurunun özünüdərkidir.

Milli mücadiləyə qalxan hər bir türk oğlu, türk milləti qurtuluşu dində deyil, əzmdə, şücaətdə gördü. Boz qurdu ona görə sevdi ki, yaranışından xasiyyətində köləlik olmadı, haqq-ədalət savaşları, yurd savaşları, azadlıq savaşları apardı. Hansı türk qəhrəmanlıq tarixini, daş yazıları, kitabələri, dəri məktubları oxuduqsa, orada baş qəhrəmanın bozqurdun südünü əmdiyini və ya bozqurddan doğulduğunu gördük. Hunlardan, Göytürklərdən, Uyğurlardan , Çingizlərdən, Xakaslardan, Yakutlardan qalan yazıların hamısında bir qurd obrazı vardır. Bu inancın yayıldığı areal isə Mete xanın yaşadığı Altaylardan Sibirə, Mərkəzi Asiyaya, Balkanlara qədər uzanır...


A.Irşadoğlu Əli & REALİST ADİL


ADİL İRŞADOĞLU / ANS-in "QULP" VERİLİŞİNDƏ AŞIQ YEDİYAR...


Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...



Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...

30 Ekim 2022 Pazar

MÖVZUYA QAYIDIŞ VƏ YA HAZIRIN NAZİRLƏRİ...

 (İkinci məqalə)


Lətif Niftəli oğlu Vəlizadə


... 1989-cu il dekabr ayının axırları idi. İşdə yoldaşlardan kim isə mənə dedi ki, Fuad müəllim səni çağırır. Öz-özümə təəccübləndim: xeyir ola? O vaxt Fuad Tarverdiyev Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini idi. Xülasə, getdim yanına. Məni görüb gülümsündü və dedi: - Bilirsən səni niyə çağırmışam? - ardınca əlavə etdi: - Rəhbərlik məsləhət görür ki, səni göndərək Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyaya iki həftəliyə veriliş hazırlamağa. 

Doğrusunu deyim ki, hər nə gözləsəm də, belə bir təklifi gözləmirdim. Ona görə də dedim ki, Fuad müəllim, axı mənim ekran-efir təcrübəm yoxdur, mənim üçün çətin olar. Dedi ki, heç bir çətinliyi yoxdur, gündə cəmi yarım saat veriliş verəcəksən efirə. Birtəhər yola verərsən. Sən tək deyilsən, səninlə birlikdə televiziyanın "Gənclik Baş Redaksiyası"ndan bir nəfər yoldaş da gedəcək. Adını dedi, ancaq xatırlaya bilmirəm. Xülasə həmin gün axşam teleoperator və səsyazanla (adlarını unutmuşam) görüşüb getdik dəmiryol vağzalına. Ancaq nə qədər gözləsək də, həmin adam gəlib çıxmadı. Axırda naəlac qalıb vağzaldakı telefondan (o vaxt cib telefonu hələ icad edilməmişdi) Fuad müəllimə zəng edib bildirdim ki, bəs, həmin yoldaş gəlib çıxmır. Fuad müəllim dedi ki, Lətif, sən tək get, o, gəlməyəcək...

... Şuşadan qayıdandan sonra həmin oğlan (qırmızısifət bir adam idi) AzTv-nin həyətində məni görüb yaxınlaşdı və üzürxahlıq edib dedi ki, həyat yoldaşım qoymadı getməyə. Mənə dedi ki, əgər Şuşaya getsən səndən boşanacam. Həmin qırmızısifət oğlana heç bir cavab vermədim, üzümü döndərib getdim və ürəyimdə dedim ki, kül olsun sənin kimi biqeyrət kişinin başına. Sonradan eşitdim ki, səfərlə bağlı çox adama təklif olub. Ancaq onlar vətənin dar günündə Şuşaya gedib peşə fəaliyyəti göstərməkdən imtina ediblər.

... Ağır günlər idi. Ölkəmiz başsız qalmışdı. Həmin günlərdə Hacı Əbdül Milli Məclis binasının qarşısında çadır qurdurub mitinq edirdi. Bir neçə nəfər isə çadırlardan yuxarıda, binanın artırmasında  dayanıb odlu-alovlu çıxış edirdi. Onlardan biri isə ötkəm-ötkəm deyirdi: - Biz Şuşanı necə lazımdırsa qoruyuruq... Əgər Şuşa əldən getsə başıma bir güllə çaxacam. Ancaq Şuşa əldən gedəndən sonra o, başına nə güllə çaxdı, nə də ki, başqa bir şey elədi...

... Sonralar Naxçivanski adına hərbi litseyin rəisi, görkəmli sərkərdə general-leytenant Valeh Bərşadlı ilə görüşdüm və o mənə elə dəhşətli şeylər danışdı ki, necə deyərlər, matım-qutum qurudu.



Valeh Əyyub oğlu Bərşadlı


Valeh Bərşadlı hərb sahəsində geniş biliyə və təcrübəyə malik bir sərkərdə idi. Vaxtilə o, Almaniyadakı Sovet Qoşunları Birləşmələri komandirinin müavini olmuşdu. O, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Təəssüflər olsun ki, belə bir sərkərdə kənarda qaldı. Onunla məsləhətləşmək, təcrübəsindən bəhrələnmək olardı. Əksinə respublikanın hərb sahəsinə hərbdən başı çıxmayan, heç bir səriştəsi olmayan adamlar gətirilir və rəhbərlər təyin olunurdu...

Valeh Bərşadlı deyirdi ki, bir məclisdə iştirak edirdim və gördüyümdən dəhşətə gəldim. Həmin məclisdə hərbi rütbələri birbaşa konfet kimi paylayırdılar... 

Axırda nəticəsi çox acınacaqlı oldu, düşmən fürsətdən istifadə etdi, hücuma keçdi, torpaqlarımızı itirdik. Abad kənd və şəhərlərimiz darmadağın edildi. Baba və nənələrimizin, ata və analarımızın, qardaş və bacılarımızın qəbirləri yerlə yeksan oldu. Ermənistandan 200 mindən çox soydaşımız doğma yurd-yuvalarından didərgin salındılar. Var-yoxları əllərindən alındı, ev-eşikləri talan olundu. Moskva xalqımızın ermənilər tərəfindən bu cür, vəhşicəsinə divan tutulmasına heç bir münasibət göstərmədi. Əksinə, Bakı hadisələri vaxtı Bakıda yaşayan hər bir erməni ailəsinin mənzilinin qarşısına 3-4 mühafizəçi əsgər qoydu. Azərbaycanlılardan fərqli olaraq yaxın Türkmənistana və başqa yerlərə üz tutan ermənilərə özlərini yaşatmaq üçün istənilən qədər pul verdi. Bu da rus dövlətinin (imperiyasının) o vaxt xalqımızın mənəviyyatına vurduğu ən böyük zərbələrdən biri oldu. Bu dəhşətli hadisələri heç vaxt yaddan çıxarmaq olmaz. 

Yeri gəlmişkən onu da deyim ki, indi ahıl jurnalist, o vaxt isə ehtiyatda olan zabit və hərbi jurnalist dostum Adil İrşadoğlu general-leytenant Valeh Bərşadlı ilə yaxından tanış idi. Jurnalist Adil İrşadoğlu Valeh Bərşadlının rəisi olduğu hərbi liseydən dəfələrlə bir-birindən maraqlı film səviyyəsində verilişlər hazırlamışdı...



Adil İrşadoğlu (Əliyev)

Söhbətimin əvvəlinə qayıdıram. Dediyim kimi, belə bir çətin, ağır günlərdə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlovun təkidilə Adil İrşadoğlu üç ay sərasər, 1989-cu ilin oktyabr ayının əvvəlindən dekabr ayının axırınadək Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyada həm jurnalist, həm redaktor, həm də aparıcı işlədi. Heç bir yerdən kömək almadan efirin dayanmasına imkan vermədi. Gecələr ssenarilər yazdı, gündüzlər çəkilişlər etdi ki, montaja ehtiyac qalmasın. Çünki orada montaj etməyə texniki qurğu yox idi. Adil axşamlar hazır vəziyyətdə efirə çıxırdı və çəkdiyi verilişləri özü şərh edirdi. Onun necə əziyyət çəkdiyini Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki studiyada olduğum ilk həftə müddətində yaxşıca dərk etdim. Mən isə montaj etməyə texniki qurğu olmadığından canlı yayıma üstünlük verirdim.

Şuşadakı Studiyamız köməksiz idi. Erməni faşistləri istədikləri vaxt teleqülləni ələ keçirə bilərdilər. Bir nəfər milis işçisi bir tapança ilə nə edə bilərdi? Bizi qoruyan yox idi. Bunun şahidi rəhmətlik Xalq Şairi Xəlil Rza Ulutürk və Xalq Artisti Mikayıl Mirzə oldular... Bax beləcə, bizim Şuşa Televiziyamız (belə də demək olar) çox ağır bir durumda idi.

Yeri gəlmişkən, İllər, əsirlər boyu bizim başımıza gətirilən fəlakətlərin əsas bayiskarı keçmişdə Rusiyanın İrandakı səfiri, görbagor Aleksandr Sergeyeviç Qriboyedov olub. O, alihəzrətə ermənilərin Persiyadan (İrandan) Azərbaycana, bizim vilayətlərə köçürülməsi təklifi haqqında məktubunda açıq-aşkar İrandan Qarabağ torpaqlarına yerləşdirilən hər bir erməni ailəsinə necə şərait yaradılmasını və onlara nə qədər qızıl pul verilməsini ətraflı təsvir edib.



A. S. Qriboyedov

A. S. Qriboyedovun həmin məktubu və qeydləri 1980-ci illərdə Moskvada kitab halında nəşr olundu. Mənim yadımdadır ki, o vaxt Bakıda yaşayan ermənilər həmin kitabı qucaq-qucaq alıb aparırdılar. Sonradan öyrəndim ki, azərbaycanlıların xəbərləri olmasın deyə, ermənilər o kitabları aparıb yandırırmışlar. O hadisə ermənilərin iç üzünü açan, əsl yırtıcı xüsusiyyətlərə malik olduqlarına sübutdur. Həmin dövrdə Armavir vilayətində (1932-ci ildə qədim Sərdarabad rayonunun dəyişdirilmiş adı) kompakt halında yaşayan ermənilər Rusiyadan muxtariyyət tələb etməyə başlamışdılar. Tələb, rusların onların burunlarını necə lazımdırsa əzməsiylə bitdi. Bu yaxınlarda ermənilər həmin tələbi yenidən irəli sürməyə başladılar və yenə də ciddi müqavimətlə qarşılaşdılar.

Bütün bunlara baxmayaraq ermənilərin şıltaqlıqlarına, fitnə-fəsadlarına göz yuman rusiyanın güc strukturları eyni zamanda Zori Balayan kimi bir nankorun xalqımıza qarşı yönəldilən və böhtan dolu kitabına heç bir münasibət bildirmədilər. Əksinə xalqımızın azadlıqsevən, odlu-alovlu şairi Xəlil Rza Ulutürkü heç bir əsas olmadan həbs edib Moskvaya apardılar. 1937-ci ildə Mikayıl Müşfiqi güdaza verən sapı özümüzdən olan baltaların yeni nəsli Xəlil Rzanı vicdan əzabı çəkmədən rus cəlladlarının caynağına keçirdilər. Ruslar Azərbaycanın bu böyük şairinə uzun müddət fiziki və mənəvi işgəncə verdilər. Pəhləvan cüssəli bu adam professor Qulu Xəlilovun təbirincə desək, əriyib çöpə dönmüşdü. 

... Mən 1989-cu ildə Soçidən sanatoriyadan qayıdanda məqsədyönlü olaraq Tiflis şəhərində 1 günlüyə gecələdim. Səhərisi gün getdim Şeyx Sənan dağına - gürcü xalqının məşhur şəxsiyyətlərinin dəfn edildiyi qəbristanlığa. Bilirdim ki, xalqımızın qanlı düşməni Göbələkyeyənov - görbagor A.S. Qriboyedov orada dəfn edilib. Bilirdim ki, Tehrandakı qiyamçılar o şərəfsizi, it küçüyünü tikə-tikə doğrayıb qisas almışdılar. Mən isə A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayətin əvəzinə ona lənət oxudum, baş daşına 3 dəfə tüpürdüm və bundan sonra ürəyim rahatlaşdı. Təəssüf ki, A.S. Qriboyedovun xalqımıza qarşı törətdiyi cinayət başqa məzmunda bu gün də davam edir...

... İndi isə hazırın nazirləri çıxıblar ortalığa. Şuşanın o ağır günlərində ayağını Şuşaya qoymağa cəsarət etməyənlər indi Şuşaya getmək, heç bir xəcalət çəkmədən oraları qəhrəman kimi gəzib-dolaşmaq arzusundadırlar və bu arzularını kimlərinsə əli ilə həyata keçirirlər... Medianın İnkişafı Agentliyində siyahı tutulur və Şuşaya gedənləri dəbdəbə ilə yola salırlar. Halbiki bu ciddi məsələ Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin zəmanəti əsasında hazırlanmış siyahı ilə öz həllini tapmalıdır. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurası ilə qarşılıqlı əməkdaşlığını daha da genişləndirməli və təkmilləşdirməlidir. 

Yeri gəlmişkən, mən 10 yanvar 1990-cı il tarixində Şuşadan qayıdandan sonra Şuşadakı Studiyamızda jurnalist Vidadi Bağırov fəaliyyətə başladı. O da öz işini qeyrətlə yerinə yetirirdi. Necə lazımdırsa erməni vandallarını efir vasitəsilə qırmanclayırdı. Buna görə də ermənilər rus hərbçilərinin vasitəsilə Vidadini aldadıb apardılar Xankəndinə. Vidadi Bağırov 2 aydan çox Rusiyanın müxtəlif həbsxanalarında işgəncələrə məruz qaldı. Vidadi özü mənə deyirdi ki, türmə kamerasının qapısı açılanda bilirdim ki, gündüz və ya gecədir... Bax belə!

... Adil İrşadoğlu AzTv-nin keçmiş sabiq sədri rəhmətlik Babək Hüseynoğlu ilə dost idi. Babək Ermənistandan Azərbaycana köç edib gələndə işlə təmin olunmaq üçün AzTv-də Sənaye şöbəsinin müdiri işləyən hörmətli və unudulmaz Seyfulla Hənifə oğlu Cəfərovun yanına gəlmişdi. Adil də həmin şöbənin böyük redaktoru idi və Babəklə mütəmadi görüşürdü. Sonra Babək Adilin qonşuluğunda ev aldı. Onların yolu bir oldu, dostluqları dərinləşdi.



Babək Hüseynoğlu

Babəkə ərk eyləyən Adil İrşadoğlu iclasların birində təkliflə çıxış etdi. Dedi ki, ölkəmiz müharibəyə sürüklənib, ciddi itkilər veririk, çox səmərəli işləməli, təbliğatımızı günişləndirməli və gücləndirməliyik. "Gənclik Baş Redaksiyası"nın tərkibindəki "Hünər" verilişləri proqramı əvəzinə AzTv-nin "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nı yaratmalıyıq. İclas iştirakçıları yekdil səslə bu təklifi qəbul etdi. "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın strukturunun hazırlanması işinə başlandı və həmin struktur hökumət tərəfindən təsdiq edildi. Babək Hüseynoğlu "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın baş redaktorluğunu Adil İrşadoğluna təklif etdi. Ancaq Adil bu təklifi qəbul etmədi. Bildirdi ki, mən redaksiyamıza könüllülər dəvət edəcəm, onlardan müxtəlif çəkiliş qrupları yaradacam və öz qrupumu götürüb cəbhə bölgəsinə gedəcəm. Baş redaktorluğa isə Vidadi Bağırovu təklif edirəm. Bundan sonra "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın ilk baş redaktoru Vidadi Bağırov oldu...

Nəhayət nigaran əhali Birinci Qarabağ müharibəsinin gedişatından mütəmadi məlumatlar və video çəkilişlərlə təmin olundu. 1980-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Adil İrşadoğlu 1988-ci ildən 1996-cı ilədək cəbhənin müxtəlif, təhlükəli bölgələrindən yüzlərlə verilişlər hazırlayıb efirə verdi.



Adil İrşadoğlu Füzuli bölgəsində 
əsgərlərlə (1-ci sırada tən ortada)

Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar - Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

İki həftədən sonra - noyabrın 1-də ahıl jurnalist, Qarabağın, Ağdamın simalarından biri olan sevimli dostum Adil İrşadoğlunun doğum günüdür, 69 yaşı tamam olur. Ancaq o jurnalistlik fəaliyyətindən bir an da olsun ayrılmır. Qısaca Adil İrşadoğlu (Əliyev) kimdir?! O, Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra inciyərək ondan asılı olmayan səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, respublikanın mətbuat orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu "De Fakto" qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, Azərbaycanda Vətənpərvərlik  mövzusunda ilk internet televiziyanı - İRŞAD TV - ni yaratmış və ilk baş direktoru olmuş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalistdir!

Əziz dostumu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

QEYD: Qədirbilən oxucularımızdan yazı barədə öz fikirlərini bildirməyi xahiş edirəm. Birinci məqaləmi isə aşağıdakı linkə daxil olub izləyə bilərsiniz : https://adilirshadoglu.blogspot.com/2021/08/mn-ona-heyran-qalmisdim.html

 

Hörmətlə,

Lətif Niftəli oğlu Vəlizadə. 

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).


Bakı, 18.10.2022. / 11-00.