21 Ekim 2018 Pazar

VƏTƏN VƏ MİLLƏT SEVDALISI


Faiq Ələkbərli (Qəzənfəroğlu). 
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, 
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru.


Qarabağ xanı Pənahəli xanın və Azərbaycan dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun nəslindən olub Ağdam şəhərində ziyalı ailəsində doğulan Adil İrşadoğlu (Əliyev) Vətənımızın sayılıb-seçilən dəyərli ziyalılarından biridir. 

Adil müəllimin iki xüsusiyyəti məni həmişə cəlb edib: 
1) Vətən və Millət sevgisi,
2) Jurnalist peşəsinə daim şərəf və ləyaqət çərçivəsində yanaşması. Əslində hər iki cəhət Adil müəllimin həyat və yaradıcılığında bir bütündür. 

1980-ci illərin sonlarına doğru Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edən Adil İrşadoğlu Azərbaycan naminə əlindən gələni əsirgəməyib. Həmin dövrlərdən etibarən Azərbaycan Dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında yaxından iştirak edən Adil müəllim Milli Azadlıq Hərəkatı uğrunda mübarizə aparanlar, Vətən torpaqlarını erməni-rus hərbi birləşmələrindən qoruyanlar üçün bir örnək olub. Xüsusilə də, onun hərbi vətənpərvərlik verilişləri gənclərin torpaqlarımızın düşmən tapdağı altında qalmaması üçün cəbhəyə axın etməsində mühüm rol oynayıb. Hər halda o çətin dövrdə Azərbaycan insanında Vətən sevgisi təbliğ etmək, Ana torpağı qorumaq üçün vətənpərvərlik ruhunu oyatmaq çox mühüm idi.

Adil İrşadoğlu (Əliyev), jurnalist kimi hərbi vətənpərvərlik verilişləri hazırlamaqla yanaşı, 1980-ci illərin sonlarından etibarən 1-ci Qarabağ savaşında da yaxından iştirak edib. Bu anlamda  1-ci Qarabağ müharibəsinin iştirakçısı olan Adil İrşadoğlu döyüş bölgələrindən, Cəbhədən hazırladığı  verilişlərlə də xalqın əbədi yaddaşında iz qoyub.  Onun cəbhədən çəkdiyi verilişləri AzTv ekranından daim həyacanla izləmək də qismətimiz olub. Hesab edirəm ki, həmin verilişlərə görə, müxtəlif mükafatlar alan Adil müəllim üçün bunlar müəyyən sevinc hissləri yaratsa da, ancaq daim bir qırıqlıq olmuşdur. Doğrudur, xüsusilə də, Milli Ordumuzun formalaşmasında yaxından iştirak etdiyinə görə, "N" saylı hərbi hissə komandiri tərəfindən 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən Fəxri fərmana layiq görülmək kiçik bir məsələ deyildir. Eyni zamanda Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığı salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılması da kifayət qədər təqdirəlayiq haldır. Ancaq bütün hallarda torpaqları, o cümlədən doğma şəhər və kəndləri işğal altında olan Adil müəllim üçün bu mükafatlar kiçik təsəllidir. Əsas mükafat torpaqlarımızın düşmən tapdağından azad olunması və orada öz nəvə-nəticələrilə şad-xürrəm yaşamaqdır.

Ümumiyyətlə, Adil müəllim bir jurnalist və Qarabağ müharibəsinin iştirakçısı olaraq öz şəxsiyyətini təsdiqləyə bilmiş bir ziyalıdır. Buna ən bariz nümunə həm bir jurnalist olaraq Cəbhədəki vəziyyəti xalqa çatdıra biılməsi, həm də düşmənə qarşı bir an olsun tərəddüd etmədən döyüşmək ucalığıdır. Xüsusilə də, Adil müəllimin Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətinin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlaması böyük vətəndaşlıq borcunun həyata keçirilməsinin bariz nümunəsidir. O, bir tərəfdən müharibənin birbaşa iştirakçısı, digər tərəfdən isə  Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından rolu olan bir şəxsiyyətdir.
 
Hesab edirəm ki, 1997-ci ilin sonlarında Dövlət Telviziyasından ayrılmağa məcbur olduqdan sonra da Adil müəllim kifayət qədər xalqımıza xidmət göstərib. Belə ki, ötən 20-21 il ərzində Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion"adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress"qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru olub. Biz görürük ki, Adil müəllimin jurnalist fəaliyyəti daim Qarabağla bağlı olmuşdur. O,  mətbuatda Qarabağ məsələsinin gündəmdə qalmasının əsas ruporlarından biridir. Təsadüfi deyil ki, Adil müəllim Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür. 

Hazırda "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavini olan Adil müəllim daim ictimai fəlallığı ilə seçilir. Belə ki, internetdə 1 saytın, 2 kanalın, 12 səhifənin, 7 blokun sahibi olan Adil müəllim onların hamısına yazı və videolar hazırlayıb yerləşdirir və hamısına da özü nəzarət edir. Ən əsası isə budur ki, 100 mindən çox oxucusu olduğuna görə GOOGLE Adil müəllimi "1 power blogger" - yəni "1 saylı bloqçu" adlandırıb. 

Deməli, 65 illik yubiley yaşını qeyd edən Adil müəllim böyük Vətənpərvər, Millətpərvər və İnsanpərvər ziyalıdır !

65 yaşın mübarək olsun Azərbaycan Türk oğlu !

Mən zərrə qədər şübhə etmirəm ki, Vətən və Millət  sevdalısı üçün ən böyük hədiyyə işğal altındakı torpaqlarımızın azad edilməsidir. İnşallah, o gün uzaqda deyildir !



20 Ekim 2018 Cumartesi

HƏLƏ DƏ AĞDAMDA YAŞAYAN İNSAN...


Akif Nağı. 
Qarabağ Azadlıq Təşkilatının sədri.
                       

     Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, orda da məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm, indi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.

     Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.

     Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var.

     Adil bəy çox hörmət elədiyim insanlardandır. Təmənnasız, gözü-könlü tox insandı. Yalan danışdığını görməmişəm. Kökünə, nəslinə bağlı insandı. Ailəsini, övladlarını, nəvələrini çox sevir. Atasına o qədər bağlı insandı ki, təəccüb qalmaya bilmirsən. Atasının xatirəsini yaşatmaq üçün bəlkə də hər şeyindən keçər. Onun atası ilə bağlı hərəkətləri həmişə məndə dərin bir təəssürat yaradır. Hamı atasını, anasını, yaxınlarını sevir. Amma bu adam, mənə elə gəlir ki, Ağdamla, atası və anası ilə, onların ruhu ilə nəfəs alır.

     Adil bəylə yollarımız müxtəlif müstəvilərdə kəsişib. Hətta bir yerdə çalışmışıq, təsiscisi olduğum “Azad Qarabağ” qəzetinin məsul katibi, daha doğrusu, həm katibi, həm redaktoru, həm də fəhləsi olub. Cəmisi 8 nömrə qəzet buraxdıq. Kömək etmək üçün söz verənlər sözlərinin üstündə durmadılar deyə, qəzetimizin ömrü az oldu. Adil bəyin o qəzetdə çalışarkən başqa bir tərəfini də tanıdım. Bunu çox yerdə deyirəm. O adam qədər öz peşəsinə vurğun ikinci bir adam tanımıram. Təzə çıxan qəzet nömrəsinin qarası onun əlinə iz salanda, əlini iyləyib deyirdi ki, bundan gözəl ətir, qoxu tanımıram. İşinə o qədər ürəkdən yanaşırdı ki, hər şeyi, pul alacaq, almayacaq, evdə pulu var, ya yoxdur, fikirləşmirdi.

     Beləcə Adil dostum haqqında qısa bir təəssüratımı yazdım. Oturub, bir neçə gün fikirləşib, daha çox yaza bilərdim. Amma dostumuz yaddaşıma nə cür hopubsa, onu yazdım. Bu yazımı dostumuzun 65 yaşına hədiyyə edirəm. Çoxdu, azdı Allah bilər. Bir şeyi deyə bilərəm ki, Adil bəy bu ömrü ləyaqətlə yaşayıb. Allahın verdiyi bu ömrü ləyaqətlə yaşadığına görə onu təbrik edirəm. O, ruhən ordadı, amma cismən də tezliklə Ağdama, Qarabağa qayıtmasını arzulayıram.

19 Ekim 2018 Cuma

TEZLİKLƏ QARABAĞDA GÖRÜŞƏNƏDƏK


Ehtiram İlham. 
Şair-publisist.


…İlk dəfə onun adını eşitməkdən qabaq üzünü görmüşəm. Qanlı-qadalı Qarabağ müharibəsi illərində  cəbhə bölgələrindən reportajları yayaımlanırdı. Həmişə əynində əsgər paltarı olurdu. İlk baxışdaca sifətində yorğunluq və əzm, səsində həyəcan və inam hiss olunurdu. Süjetlərini elə hazırlamağa müvəffəq olurdu ki, adam özünü müharibənin içində zənn edirdi, - sanki mərmilər qulağının dibindən uçuşur, tanklar yanından şütüyüb gedir, əsgər yoldaşına dəyən güllələr sinəni yaralayıb keçirdi.

Ana yurdu olan doğma Ağdamının işğalı günlərində onun çəkdiyi ağrıların rəngi hələ də gözlərimin önündədi.

Elə o vaxtdan Adil İrşadoğlu mənimçün Qarabağ savaşını bütün varlığında və hüceyrələrində yaşadan simvol kişilərdən birinə çevrildi...

Tale elə gətirdi ki, onunla iş yoldaşı olduq. Azərbaycan Milli Televiziyasındakı fəaliyyəti yenə diqqət mərkəzimdəydi. İşinin peşəkarı olduğundan, hazırladığı verilişlərlə öz ətrafında bir sevgi haləsi yarada bilmişdi. O olan yerdə həmişə səmimiyyət və xoş aura hökm sürürdü.

Və sonra Adil İrşadoğluyla lap yaxın qonşu olduq – eyni blokun eyni mərtəbəsində. Belə qonşusu olan bəxtiyar olmazmı?! Tək insan idi ki, dərdimi  ürəkdən bölüşə bilir, sirrimi bölür, milli problemlərimiz barədə çəkinmədən müzakirələr aparır, həm də hərdən “başımızı açırdıq”. Hər adama belə duyumlu, hər şeyin yerini bilən və hamının nazıyla oynayan bir qonşu qismət olmur ki...

İş elə gətirdi ki, bir müddətdən sonra ikimiz də işimizdən aralandıq. Adil bəy bir zamanların populyar nəşri olan “De fakto” qəzetini buraxmağa başladı. Az zaman içərisində qəzet cəmiyyətin maraqla oxuduğu mətbu orqanlardan birinə çevrildi. Qəzetin baş redaktoru Adil İrşadoğlu xeyli yeniliklərə imza ataraq nüfuz yiyəsi oldu.

O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində Ağamalı Sadiq Əfəndi, Mehman Cavadoğlu, Mustafa Çəmənli, Adil Cəmil və başqa çox sevdiyim dəyərli qələm adamlarıyla tələbə yoldaşı olub. Görünür, elə həmin mühit də onun lap gəncliyindən bir millət aşiqi və vətənpərvər insan kimi formalaşmasında silinməz izlər buraxıb.

Tanışlığımızın üstündən nə az, nə çox – düz 26 il ötsə də, o, mənimçün yenə çox doğmadı. Bu illər ərzində başımıza olmazın işlər gəldi. Çox ağrı-acılar yaşadıq. Dözülməz itkilər gördük. İkimiz də cavan qardaşlarımızı itirdik. Sonra daha nələr, nələr. Hələ üstəgəl o boyda Qarabağ itkisi... Bu itkilərin altında boyumuz bir az da balacalaşdı, belimiz bir az da qırıldı, dünya gözümüzdən bir az da düşdü... İçimizdə ağrılar, çiynimizdə çəkilməz yüklər – beləcə gəlib bu günlərə yetişdik.

İndi artıq xeyli olar ki, nə iş yoldaşıyıq, nə də qonşu. Amma onun adı gələn kimi gözüm işıqlanır, ürəyim atdanır, necə deyirlər, “çiçəyim çırtdayır”.

Gözəl ailəsinin, layiqli oğullarının, şirin nəvəsinin, etibarlı dostlarının əhatəsində bəxtiyar bir ömür sürən əziz dostum Adil İrşadoğlu bu gün 65 yaşının həzzini yaşamaqdadı. İlin-günün bu qarmaqarışıq vaxtında, dünyanın nizamının, cəmiyyətin halallığının pozulduğu bir dövrdə ürəyin istəyən kimi yaşamaq, həm də ləyaqətlə yaşamaq hər kişiyə qismət olan tale payı deyil. Bu, hər insanın bacardığı nəsnələrdən də deyil. Hamı bilir ki, halal, doğruçu, əyilməz, başıuca, gözütox yaşamaq nələr bahasına başa gələ bilər.

Dəyərli qardaşımın bu müdrik yaşını ürəkdən qutlayıram. Arzu edirəm ki, şəxsi və millət, torpaq adına bütün istəkləri çin olsun, inşallah.

Qarabağda, doğma Ağdamımızda görüşənədək, ADİL İRŞADOĞLU!


DÖYÜŞÇÜ JURNALİST QARDAŞIM


Üzeyir Cəfərov.
Hərbi ekspert, ehtiyatda olan polkovnik.

     Qarabağ müharibəsi illəri mənə çox şeyi verib. Özümlə bağlı olanı yazmayacağam, bu doğru-düzgün olmaz. Amma məni elə bənzərsiz, elə unikal İnsanlarla, şəxsiyyətlərlə tanış edib ki, bu günün özündə də mən o bənzərsiz, çox təvazökar Şəxslər və sözün əsl mənasında Şəxsiyyətlərlə fəxr edirəm və qürür duyuram. Onlardan biri də mənim dəyərli ziyalı qardaşım Adil bəy İrşadoğludur. Qarabağ müharibəsinin ən ağır, ən mürəkkəb çağlarında bu mərd və mətin insan heç nədən çəkinmədən ön xəttdən, döyüşlərin içindən minlərlə, on minlərlə əsgər və zabitimizin real həyatını o vaxt çalışdığı Azərbaycan Dövlət Televiziyası vasitəsiylə milyonlara təqdim edən şəxs olub. Onun hər gəlişi şəxsən mənim üçün bir toy-bayram idi. 
     Füzuli döyüş briqadasının komandir müavini kimi. Onun sürünə-sürünə hələ o vaxt tam hazır olmayan və hərb elminin tələblərinə cavab verməyən səngərlərdə əsgər və zabitlərdən müsahibələr alması, onlar haqqında oçerklər hazırlaması. sözlə ifadə edilə biləcəyi çox çətin bir mənzərədir. Yəqin ki, o tarixi kadrları indi kim görsə, bəlkə də heyrətə gələr. Amma bu gözəl insanın o qədər şirin, o qədər isti, doğma münasibəti olurdu ki, sanki əsgər və zabitlərimizə özü ilə Bakıdan bir vaqon mərmi, nə bilim silah-sursat, döyüş texnikasını gətirmiş kimi bir ovqat yaradırdı. 
     Bilirsiniz ki, o çətin 90-cı illərin əvvəllərində bizim Silahlı Qüvvələrimiz yenicə formalaşırdı və həddindən çox problemlər, çatışmazlıqlar mövcud idi. Amma biz düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizin necə igidlik göstərdiklərini elə təqdim edirdik ki, həm xalqımızda böyük ruh yüksəkliyi olsun, həm də əsgər və zabitlərimiz özlərini əsl Vətən fədailəri kimi hiss eləsinlər. Bax, Adil İrşadoğlu (Əliyev) o abu-havanı yaradan və milyonlarla insana çatdıran bir döyüşçü-jurnalist kimi mənim xatirimdə qalıb. Onun haqqında o qədər yaza, o qədər danışa bilərəm ki, buna saatlarla qulaq asmaq lazım olar. Simasında hər zaman mehriban gülüş olan bu insan, mənim üçün bir döyüş yoldaşı kimi hər zaman əziz və dəyərli olub. Onun kamera və mikrafonla gördüyü iş şəxsən mənim üçün tarixi yazan canlı insan obrazı kimi qəbul olunur.
     Adil müəllim, bu gün Qarabağ müharibəsinin tarixini olduğu kimi indiki və gələcək nəsillərə çatdırmağı davam edən bir ziyalıdır. O, bu gün də qəlbi Qarabağla döyünən və narahat bir insandır. Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır, biz rahat ola bilmərik və olmamalıyıq. Veteran jurnalist Adil İrşadoğlu gecə-gündüz bacardığı şəkildə bu işi aparır və mən qürür duyuram, bu İnsanla. Allah ona o qədər dözüm qismət eləsin ki, biz onunla yenidən təkcə bir vaxtlar gəzdiyimiz səngərlərdə deyil, ondan da daha irəlidə, elə Şuşada, Xankəndinin özündə, doğma yurdu olan Ağdamda, digər ərazilərimizdə xatirələrimizi bölüşək və ürəkdən sevinək. İnanıram ki, bu,  tez bir zamanda baş verməlidir və biz o tarixi anları bərabər yaşayacağıq.
     Bağrıma basıram sizi, mənim dəyərli və əziz, zəhmətkeş, döyüşçü jurnalist qardaşım. Var olun hər zaman. Sizin Qarabağ savaşında çox böyük əziyyətiniz və zəhmətiniz olub. Biz bunu görmüşük və şəxsən mən bütün tədbirlərdə bunu qeyd edirəm ki, tanınmış jurnalist Adil İrşadoğlunun, Xanlar Bayramovun, rejissor Rövşən Nicatın, Tofiq Gülməmmədovun, Taleh İsmayılın, teleoperator Tahir Qarayevin, Fikrət Hüseynovun, Əlövsət Aslanovun, Zakir Muxtarovun, Ramiz Rüstəmovun və digər qardaşlarımızın misilsiz xidmətləri və zəhmətləri olub. Onlar Qarabağ savaşının həm canlı şahidləridirlər, həm də döyüş tariximizi yaddaşlara köçürmüş azsaylı Vətən fədailəridirlər. Onları biz heç vaxt unutmamalıyıq və unutmayacağıq.

OLDUĞU KİMİ GÖRÜNƏN ADİL İRŞADOĞLU


Daşdəmir Tağıyev.
"Azərbaycan"qəzetinin əməkdaşı.


     Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolumuza nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram. Onunla tanışlığım ötən əsrin sonlarından - “Yeni dünya” qəzetində çalışdığı dövrdən başlayır. Onu bu qəzetdən qabaq da tanıyırdım, amma uzaqdan-uzağa. Lakin işbirliyimiz olandan sonra münasibətimiz əvvəlcə yoldaşlığa, sonralar isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa çevrilən bu tanışlığın 30 ilə yaxın tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb, müxtəlif zamanlarda kəsişən, üst-üstə düşən məqamları olub... 

     Onun haqqında yazmağı özümə bir də ona görə borc bilirəm ki, tanıdığım, ancaq adını unutduğum şəxsiyyətlərdən birinin önəm verdiyi bir fikri heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan gedir və o şəxsiyyətin də fikri yadıma düşür: “Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Bu gün müasirimiz olan Adil İrşad oğlu Əliyev də, heç şübhəsiz ki, millətimiz, xalqımız üçün belə dəyərli və nadir insanlardan biri, qürur duyduğumuz şəxsiyyətlərdəndir.

     Adil müəllimin simasında peşəkar jurnalist, ləyaqətli vətəndaş, səmimi insan, qayğıkeş dost, canıyanan valideyn kimi xüsusiyyətləri sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.
Zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir vəzifədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.

     O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır. Onu sevənlər, içdən ona tapınanlar və ona bağlananlar onun insaniyyət və alicənablıq qalasına qəlbən pənah gətirib sığınanlardır.
Amma bu qala da boş yerdə, özü-özünə yaranmayıb. Adil İrşadoğlu çağdaş jurnalistikamızın həqiqətən layiqli nümayəndələrindən biridir. Onun dünyaya göz açdığı məkan, ailə və mühit çox şeyləri bizə əxz edir. Həmkarım, istedadlı jurnalist, əməkdar jurnalist İradə xanım bu günlərdə Adil müəllim haqqında mükəmməl bir yazı hazırlayıb. Bu yazını oxuduğum anlarda beynimdən maraqlı fikirlər keçdi, duyğular yaşadım.

     İradə xanım yazır: “Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...” Bəli, Adil müəllim belə bir kişinin ocağında göz açıb. Bu ailənin üzvü kimi, o, İrşad müəllimin ruhunun və mənəviyyatının daşıyıcısı olub, istər öz şəxsi həyat nümunəsi ilə, istərsə də ictimai həyatda rolu ilə bütövlükdə cəmiyyətin saflığına xidmət edib və bu gün də o missiyanı şərəflə davam etdirir. 
Adil Əliyev özü də bunu inkar etmir. Söhbətlərindən birində dediyi kimi, “mənim stilim sonradan düşünülməyib, mənim stilim atamdan, anamdan gəlir - o həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışıq. Bizə bütün bunları onlar, valideynlərimiz veriblər, necə varıqsa eləyik”.

     Azərbaycan jurnalistikasında Adil İrşadoğlunun təkcə geniş biliyi, zəngin təcrübəsi, təşkilatçılıq qabiliyyəti deyil, həm də mənəvi dünyası öz əksini tapır. Vətənini hədsiz məhəbbətlə sevən, Vətən sevgisi hər şeydən üstün olan bir insan üçün Vətənə xeyir verməyin, Vətənə xidmətin ən kompleks məkanı bəlkə də Vətən üçün vətəndaş yetişdirən bir ocaq yaratmaqdır.

     Bu gün Adil müəllimlə dostluq edən, yaxın ünsiyyətdə olan, səmimi münasibətlər quran hər kəs - istər redaktor, istər müxbir, istərsə də jurnalistika kimi çətin və şərəfli bir sahədə külünk vuran yaradıcı insanlar üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək və bir məqsəd ətrafında birləşmişdir - dürüstlük, sədaqət, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu, Adil İrşadoğlunun ali məqsədidir və bu məqsədini hazırda təsisçisi və baş redaktoru olduğu “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-də gerçəkləşdirə bilib. Adil müəllim inanır ki, bu günün jurnalistləri “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-nin, ümumilikdə götürəndə isə, jurnalistikanın adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar. O, vaxtilə təhsil aldığı ADU-da (İndiki BDU) çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verərək deyir:
- Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir.

     Bu gün Adil müəllim “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-ni yaratmaqla həm də bir jurnaslitika oazisi yaradıb. Onun yaradıcılığından bəhrələnən, şərəflə keçdiyi yolu özlərinə müqəddəs sayan qələm sahibləri Adil müəllimi də özlərinə, sözün əsl mənasında, müəllim sayırlar. Jurnalistikanın şanlı ənənələrinə sadiq qalan “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC sanki Adil İrşadoğlunun simasıdır. Burada yaradıcılıq işinin təşkili, “İrşad” MMC mühiti ilə Adil Əliyev sanki özünü ifadə edir...

     Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürün onun bugünkü gəncləri tərəfindən yaradıldığı qənaətində olan A.Əliyev tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən qələm sahiblərinin yetişdirilməsini başlıca vəzifəsi hesab edir.
Və sonda elə İradə xanım Əliyevanın yazısından duydum, daha doğrusu, oxudum ki, dostumuzun 65 yaşı tamam olur. Can qardaşımıza nə arzulardım? İlk növbədə, sağlam bədən və sağlam ruh. Xoşbəxtlik və səadət. Yaradıcılıq uğurları və həmişə zirvələrdə olmağı.