İlqar Rəsul.
Azərbaycan Tərcümə Mərkəzi
informasiya departamentinin rəhbəri.
Onunla 1995-ci ildə, Bakı Dövlət Universitetində tanış olduq. Onda mən Jurnalistika fakültəsinin tələbəsi idim. Sonradan öyrəndim ki, o da bu fakültəni bitirib. Yeni qəzet yaradırdı. Kollektivi də əsasən Jurnalistika fakültəsinin tələbələrindən formalaşdırmaq istəyirdi. Fakültə rəhbərliyinə bu niyyətlə müraciət etmişdi. Rəhbərliyin güvənib məsləhət gördüyü tələbələr arasında mən də var idim. Gəldi, görüşdük, tanış olduq. Tezliklə qurucusu və baş redaktoru olduğu “De Fakto” adlı qəzetin fəaliyyətə başlayacağını deyib, bizimlə birlikdə işləmək istədiyini bildirdi. Gülərüz, açıq fikirli, mümkün qədər sadə və aydın danışan bu mehriban adam haqqnda ilk təəssüratım xoş oldu. Anladım ki, biz bir yerdə işləyə bilərik.
İkinci görüşümüz Azərbaycan Nəşriyyatında - “De Fakto” qəzetinin redaksiyasında oldu. Burada daha ətraflı tanış olduq və onun rəhbərliyi ilə işə başladıq. Qəzetin üç səhifəsinin idarəçiliyini mənə həvalə etdi. Gün necə keçirdi, həftə necə başa çatırdı, xəbərimiz olmurdu. Adam o qədər həyat dolu, insanpərvər, xoşxasiyyət idi ki, qəzetdə işləməkdən daha çox onunla işləmək maraqlı gəlirdi bizə. Hər addımda yanımızda idi. Təkcə işdə yox, həyatda da. Amma işdə..... İş prosesini onsuz təsəvvür etmək mümkün deyildi. O, təkcə jurnalist təcrübəsi ilə yox, xoş əhvalı ilə də bizə dayaq idi.
Mən işdə çox qalırdım. Digərləri səhifələrini təhvil verib gedəndən sonra da redaksiyada qalır, bütövlükdə qəzetin tamamlanma işlərində iştirak edirdim. Bəzən doqquzuncu mərtəbədən birinci mərtəbəyə - çap sexinə çiynimizdə “dozakl” daşıdığımız da olurdu. Əslində dozaklı nə o, nə də mən daşımalı idim. Kimisə çağırıb bu işi tapşıra bilərdi. Amma bir də görürdün vaxtı çatanda deyir “gəl ikiqardaş aparaq bunu aşağı verək, qayıdaq”. Mən bilmirdim nəşriyyatda ondan savayı hansısa baş redaktor belə edir, ya yox, hər halda bunu edən biri vardısa, o da ən azı bizim baş redaktorumuz Adil İrşadoğlu qədər sadə və səmimi biri olmalı idi.
Bizimlə birlikdə hər işi görürdü o. Arada iş gününün axırında - bütün işlərin tamamlandığından əmin olandan sonra birlikdə elə redaksiyadaca oturub yeyib-içdiyimiz də olurdu. Süfrə arxasında da qətiyyən heç kimdən fərqlənməzdi. Adamın təbiətində fərqlənmək, seçilmək, özünü üstün, artıq göstərmək cəhdi qətiyyən yox idi. Çünki adam elə təbiətin özü idi. Küləyə oxşatsan həzin, yağışa oxşatsan narın, torpaq kimi bərəkətli, günəş kimi işıqlı Adil İrşadoğlu.
İstər iş başında, istərsə də süfrə arxasında kiminsə sıxıldığını duyanda aşırı zarafat etməkdən də çəkinməzdi. Yetər ki, hamı rahat olsun. O, bunu yalandan, işin getməsi xatirinə etməzdi. Hətta işi yarıtmayan olsaydı belə, onunla da rəftarında hər hansı fərq, dəyişiklik olmazdı. Onun üçün insanlıq hər şeydən üstün idi. Sevimli peşəsindən də. Bəzən bunu etiraf da edirdi: İş gəldi gedərdi, onu necəsə alındıracağıq, yüksək səviyyədə ortaya qoyacağıq onsuz da, - deyərdi. Amma unutmayın ki, bu gün burdayıq, sabah Allah bilir harda olacağıq, bir-birimizin qədrini bilməyimiz, bir-birimizə dəyər verməyimiz hər şeydən vacibdi.
Ən çox işlətdiyi fikirlərdən biri də “Yaxşı olacaq” idi. İş çətinə düşəndə də “hər şey yaxşı olacaq”, - deyib təsəlli verməyi, iş yaxşı gedəndə “bundan da yaxşı olacaq”, - deyib qanadlandırmağı da var idi adamı.
Sonralar elə onun dediyi kimi də oldu. Birlikdə işləməyimiz öz ömrünü başa vurdu. 1997-ci ildə zaman hərdən onun dediyi müvəqqətiliyin sonunu gətirdi. Ayrılıb hərəmiz bir tərəfə dağılışdıq. Amma münasibət, qədir-qiymət məsələsində illər heç nəyi dəyişə bilmədi. Hər şey necə var, elə də qaldı. Hələ bir az daha da artdı mehribançılığımız.
Aradan xeyli vaxt keçib. Qayğılarımız görüşlərimizin arasındakı məsafəni bir xeyli uzadıb. Amma indi də təsadüfən hardasa rastlaşanda ikimizin də üzümüzdə işıq yanır sanki. Təbəssümlə sevinc qarışır bir-birinə çöhrəmizdə. Yenə də ilk zarafatı, xoş sözü o deyir. Yaxınlaşıb sevə-sevə görüşürük, dərdləşirik, ayrılanda da müvəqqəti vidalaşırıq. Bilirik ki, ömür vəfa edincə yenə də görüşəcəyik.
P.S.
Məncə işə yeni başlayan jurnalistin bəxtinə məhz Adil İrşadoğlu kimi baş redaktorun düşməsi onların sonrakı fəaliyyətlərində çox şeyi həll edir. Bəlkə kimsə müvəqqəti olaraq öz peşəsini yaxşı bilməz. Bəlkə kimsə nəyisə vaxtında çatdırmaz. Amma bütün bunlar zaman məsələsidir. Qarşısına jurnalist olmağı məqsəd qoyan adam təcrübə qazanıınca işləri yoluna düşər. İnsancasına münasibəti, özündən aşağı səlahiyyətdə olanlarla necə rəftar etməyi öyrənməyin təməli isə əvvəldən və səmimi əsaslar üzərində qoyulmalıdı. Adil İrşadoğlu bu məsələdə də ən yaxşılardan biridir.
Hiç yorum yok:
Yorum Gönder